Ermənistan Xarici İşlər Nazirliyi Ermənistanın “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazır olduğunu təsdiqləyib. Lakin Ermənistan tərəfinin bu açıqlaması heç də birmənalı başa düşülmür. Belə ki, bu onların prosesləri növbəti dəfə manipulyasiya etmək cəhdi ola bilər. Çünki Ermənistan tərəfi tez-tez sülh müqaviləsini imzalamağa hazır olduqlarını dilə gətirir, lakin heç bir əməli addım atmır. Bu səbəbdən sülhlə bağlı ifadələri sadəcə gözdən pərdə asmaq kimi başa düşülür.
"Ermənistan sülh sazişini imzalamaqda israrlı olduğunu göstərməyə cəhd edir"
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası ittifaq komissiyasının üzvü Elman Nəsirov bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda israrlı olduğunun görüntüsünü yaradır:
“Bir qədər də qabağa gedib sülh müqaviləsinin imzalanmasının yeri və vaxtının təyin edilməsində maraqlı olduğunu göstərir. Reallıq isə başqadır. Ermənistanla niyə sülh müqaviləsi imzalayasan ki, bu ölkə hələ də Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyib. Öz anayasasında-konstitusiyasında bu iddialar öz əksini tapır. Bu ölkə ilə necə sülh müqaviləsi imzalayasan ki, Minsk qrupundan imtina etmək istəmir. Minsk qrupu de-fakto yoxdur. De-yure onu saxlamaqda məqsədin nədir, hansı gün üçün saxlamısan, hansı çirkin məqsədin daşıyıcısısan. bir yandan da indi başlayıblar ki,"3+3" formatında xarici işlər nazirlərinin görüşü keçirilsin. Bununla da guya sülh prosesinə töhfə verəcəklər. Maksimum sayda görüşlər keçirmək olar. Amma bu dediklərimiz, yəni Azərbaycanın haqlı iki tələbi yerinə yetirilməyəcəksə, onda görüş naminə bir araya gəlməyin xeyri nədir?”
"Ermənistan tərəfi görüş nəticəsində konstitusiya dəyişikliyinə gedəcəksə, "3+3" formatında görüş keçirməyə dəyər"
Parlamentari vurğulayıb ki, "3+3" formatında danışıqların nəticəsi olaraq, Ermənistan tərəfi referendum keçirib konstitusiyasına dəyişiklik etmək istəyəcəksə, onda görüşün əhəmiyyəti var:
“Belə bir görüşü onda keçirmək olar. Əgər həmin görüşün nəticəsi olaraq bu formatda qəbul edilən qərarlarla ATƏT-in Minsk qrupundan imtina edəcəksə, onda bu görüşü keçirməyə dəyər. Bütün bunlar olmayacaqsa,deməli, bu siyasi hoqqabazlıqdır, vaxt udmaq istəyidir. Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyevin prinsipial, qətiyyətli mövqeyi var. Biz sülh istəyirik və 5 baza prinsipi əsasında bunu Ermənistana təqdim etmişik. Bu şərtlər yerinə yetirilmədikcə istər ikitərəfli formatda, istərsə də "3+3" formatında görüşlər nəticə vermir. Sanki görüşlər görüntü naminə təşkil edilir. Azərbaycanın siyasi mövqeyi dəyişlməzdir. Erməni siyasi rəhbərliyi papağını qarşısına qoyub fikirləşsin. Ermənistan nə qədər tez Azərbaycanın şərtlərini yerinə yetirərsə, bir o qədər onlar üçün faydalı olar”.