Modern.az

Ərdoğan-Tramp-Putin-Zelenski görüşü mümkündürmü...

Ərdoğan-Tramp-Putin-Zelenski görüşü mümkündürmü...

Analitika

30 May 2025, 16:18

Türkiyə xarici işlər naziri Hakan Fidan Moskva səfərindən bir neçə gün sonra Kiyevdə səfərdədir.

Modern.az-ın məlumatına görə, o, ukraynalı həmkarı Sibiqa və Prezident Zelenski ilə görüşlər keçirib.

Fidanın Moskva və Kiyev səfərləri Rusiya-Ukrayna müharibəsində diplomatik danışıqların yenidən intensivləşdirilməsi üçün fürsət pəncərəsi açıb. Fidanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Zelenski ilə görüşləri zamanı gündəmə gətirdiyi əsas təklif isə birbaşa liderlər səviyyəsində danışıqların aparılmaısıdır.

Təklifə əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə İstanbulda Putin, Zelenski və Tramp arasında görüş keçirilməlidir.

Mayın 16-da İstanbulun Dolmabahçə sarayında keçirilən danışıqlarda Türkiyə hər iki döyüşən tərəfə - Rusiya və Ukraynay atəşkəs və davamlı sülh üçün ilkin şərtlərini yazılı şəkildə təqdim etməyi təklif edib. Hakan Fidanın sözlərinə görə, Moskva bu sənəd üzərində işləməyə başlayıb və müəyyən irəliləyiş əldə olunub. Kiyev isə öz mövqeyini artıq 27 mayda ABŞ tərəfinə təqdim edib.

Hakan Fidanın 26-27 may tarixlərində Moskvada keçirdiyi görüşlərdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov 2 iyun tarixində İstanbulda növbəti birbaşa danışıqların keçirilməsini təklif edib. Bu təklifə Ukrayna tərəfinin ilkin reaksiyası müsbət olsa da, Kiyev Rusiyanın yazılı sülh planını əvvəlcədən görmək istədiyini vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 28-də verdiyi açıqlamada müharibənin başa çatması üçün birbaşa liderlər səviyyəsində görüşün zəruriliyini təkrar vurğulayıb. O, Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli sammitin keçirilməsini dəstəklədiyini bildirib. Hakan Fidan da Türkiyənin bu təklifin reallığa çevrilməsi üçün çalışdığını açıqlayıb:

Kremlin isə bu çağırışa ehtiyatla yanaşır. Moskva hesab edir ki, liderlərin görüşməsi üçün əvvəlcə texniki səviyyədə - yəni nümayəndə heyətləri arasında müəyyən razılaşmalar əldə olunmalıdır.

Trampın da Rusiya-Ukrayna məsələsində rol alması mümkün görünür. Onun Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da ABC televiziyasına açıqlamasında 2 iyunda İstanbulda danışıqların keçiriləcəyini gözlədiklərini bildirib. Bu isə Trampın da prosesi yaxından izlədiyini və ehtimal ki, birbaşa iştirak niyyətində olduğunu göstərir.

Ankara bu prosesi yalnız sülh təşəbbüsü deyil, həm də öz diplomatik çəkisini artırmaq imkanı kimi görür. Türkiyə tərəfi liderlər görüşünü təşkil etməklə, həm NATO daxilində nüfuzunu möhkəmləndirmək, həm də ABŞ-la əlaqələri yeni mərhələyə keçirmək niyyətindədir. Ərdoğanın yaxın həftələrdə ABŞ-a planlaşdırılan səfəri və iyun sonunda Niderlandda keçiriləcək NATO Zirvəsi öncəsi bu təşəbbüs xüsusi əhəmiyyət kəsb edir.

Fidanın həm Moskva, həm də Kiyev səfərlərində verdiyi mesajlardan biri də Ukraynanın müharibə sonrası yenidən qurulmasında Türkiyənin aktiv rol oynamaq istəməsi olub. Bundan başqa, Qara dənizdə naviqasiya təhlükəsizliyi və bölfədəyeni təhlükəsizlik arxitekturası da Ankara üçün vacib gündəm mövzularındandır.

Hazırkı mərhələdə bütün tərəflər arasında birbaşa görüşə dair hazırlıqlar davam etsə də, ciddi diplomatik və texniki maneələr qalmaqdadır. Ukraynanın barış üçün ilkin şərtləri, Rusiyanın atəşkəsi yalnız danışıqlar nəticəsinə bağlaması və Trampın bu prosesdəki rolu yaxın günlərdə İstanbulda zirvə görüşününə baş tutub-tutmayacağını müəyyən edəcək əsas amillərdir.

Türkiyə uzun illərdən sonra yenidən qlobal vasitəçi rolunda masadadır və bu fürsəti sonuna qədər dəyərləndirmək niyyətindədir. Əgər tərəflər razılığa gəlməyə bir addım da yaxınlaşarsa, Ərdoğan-Tramp-Putin-Zelenski görüşü təkcə müharibənin deyil, dünya diplomatiyasının gedişatını dəyişə biləcək hadisəyə çevrilə bilər.

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi