Son zamanlarda Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasında qarşıdurma güclənir. Paşinyan bir neçə dəfə erməni kilsəsinin rəhbərliyini, digər din xadimlərini tənqid edən çıxışlar edib.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, parlament seçkiləri yaxınlaşdıqca Baş nazir Nikol Paşinyanın rəqiblərinə qarşı siyasəti daha da sərtləşəcək:
“Paşinyan bilərəkdən qarşıdurmanı gücləndirəcək ki, xalq radikal müxalifətlə müqayisədə ona səs versin. Paşinyan radikal müxalifətin mövqelərini zəiflətməyə və beləliklə də xalqı aldatmağa çalışacaq ki, bunlar hakimiyyətə gəlsə, dövləti idarə edə bilməyəcəklər, üstəgəl Azərbaycana qarşı təxribat törətdikləri halda növbəti müharibə baş verəcək və bu Ermənistana daha baha başa gələcək. Bu səbəbdən Paşinyan kilsəni də hədəf seçib. Çünki İkinci Qarabağ Müharibəsindən əvvəl, müharibə dövründə və müharibədən sonra radikal müxalifətlə yanaşı erməni kilsəsi, Qaregin özü də təxribatçı açıqlamalarla çıxış edib. "Qarabağın geri qaytarılması" şüarlarını ortaya atırlar ki, bu da Ermənistanı uçuruma sürükləyəcək. Ona görə Paşinyan radkal müxalifətlə yanaşı kilsəyə qarşı da mübarizəni gücləndirir”.
Paşinyan bu iki qüvvə ilə mübarizədə parlament seçkilərindən öncə reytinqlərini qaldıra biləcəyini düşünür:
“Bu strategiyanın nə dərəcədə özünü doğruldacağı gələn il may ayında özünü büruzə verəcək. Erməni cəmiyyəti də düşüncə içərisindədir. Paşinyanın reytinqi aşağı düşsə də, Paşinyana alternativlər kilsə və radikal müxalifətdir. Onlar hakimiyyətə gəlsələr, Ermənistanı daha çox uçuruma aparacaqlar. Azərbaycana qarşı təxribat etsələr, bu, yeni müharibə və Ermənistan ərazilərinin itkisi demək olacaq. Paşinyan erməni cəmiyyətinə bunu izah etmək istəyir. Ona görə həm radikallarla, həm də kilsə ilə mübarizəni gücləndirir”.