Modern.az

Dünyada nə baş verir? - Keçmiş diplomatlardan CAVAB

Dünyada nə baş verir? - Keçmiş diplomatlardan CAVAB

Analitika

18 İyun 2025, 16:12

2025-ci ilin yarısı tamamlanmaq üzrədir. İlin ilk altı ayı dünyanın müxtəlif nöqtələrində qanlı toqquşmalar, raket zərbələri, dron hücumları və hərbi əməliyyatlarla yadda qalıb.

İrili-xırdalı münaqişələrdə minlərlə insan həlak olub, on minlərlə insan didərgin düşüb. Təkcə son bir ayda Yaxın Şərqdə və Avrasiya bölgəsində baş verən hadisələr qlobal sabitlik üçün ciddi təhlükə yaradıb.

İran və İsrail arasında hərbi toqquşma, 3 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi, ötən ay Hindistan və Pakistan arasında münaqişə dünyanın olduqca ciddi bir fəlakətə doğru sürükləndiyini deməyə əsas verir. 

Modern.az-a açıqlamasında bunu sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Yalta təhlükəsizlik sistemi dəyişir.

“Ukraynanı işğalı ilə buna ilk təkan verən Rusiya olub. Qərbin işğala soyuq münasibəti nəticəsində 2014-cü ildən sonra Rusiya bir az da irəli getdi. Bundan həvəslənən İsrail də Qəzzada müxtəlif addımlar atdı. Dünya yenə də baş verənlərə müşahidəçi kimi baxdı. Yəni Yalta təhlükəsizlik sisteminin dağılmasının ən böyük əlamətlərindən biri də BMT-nin artıq təhlükəsizlik məsələlərində rolunun bəyanat verməklə, ya da dövlət başçılarının çıxışı ilə məhdudlaşmasıdır. Daha heç kim BMT-ni ciddiyə almır. Bundan sonra nə olacaq, zaman göstərəcək”.

N.Nəsibli vurğulayıb ki, beynəlxalq münasibətlər sistemi heç də yazıldığı kimi güvənli deyil:

"Heç gözləmədiyimiz hadisələr də yaşana bilər. 2022-ci ildə Rusiya  Ukrayna sərhədləri yaxınlarında hərbi təlimlər keçirəndə əksəriyyət deyirdi ki, bu müharibəyə gətirib çıxara bilməz, çünki təhlükəsizlik sistemi, beynəlxalq hüquq var. Amma nələr baş verdiyini gördük. Demək ki, hadisənin irəlilədiyinin şahidi oluruq.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə vurğulayıb ki, KİV-lər vəziyyəti şişirdir:

“KİV-lər vəziyyəti elə göstərirlər ki, elə bil bu cür vəziyyət birinci dəfədir. Dünyada elə bir yer olmayıb ki, müharibə getməsin. İnformasiya mühiti dəyişir. KİV-lər elə göstərir ki, nə bilim nə baş verir? Bənzər müharibə 8 il İraqla İran arasında olub. Bakıdan Bağdada cəmisi 800 kilometr məsafə var. Söhbət ondan gedir ki, bu cür vəziyyət həmişə olub. Sadəcə olaraq, vəziyyətin daha da gərginləşdiyi vaxtlar var. Gərginliyin artmasını, doğrudan da, müşahidə edirik. Amma o demək deyil ki, tarixdə olmayan bir şeydir”.

T.Zülfüqarov indiki proseslərin üçüncü dünya müharibəsinə çevrilib-çevrilməyəcəyi ilə bağlı isə bunları deyib:

“Birinci və İkinci Dünya müharibələrində fərqli vəziyyət olub. Müttəfiqlər açıq şəkildə bərabər vuruşublar. Amma biz indi deyə bilmərik ki, Çinlə Rusiya o dərəcə də müttəfiqdirlər ki, müharibə olsa, bir-birilərini müdafiə edəcəklər. O cümlədən İranla da Rusiyanın münasibətləri var. Amma biz Rusiyanın gəlib Tehran səmasında İranı müdafiə etdiyini görmürük”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!