Bu gün səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəsin qüvvəyə mindiyini açıqlayıb. Atəşkəs Qətərin vasitəçiliyi ilə əldə olunub və münaqişənin 12 günlük gərginliyindən sonra tərəflərin razılaşması ilə nəticələnib.
Bununla belə, vəziyyət hələ də gərgin olaraq qalır. Hər iki tərəf qarşılıqlı şəkildə atəşkəsin pozulmasında bir-birini ittiham edir. Beynəlxalq mediada "qeyri-sabit atəşkəs" kimi qiymətləndirilən bu vəziyyət yeni toqquşma ehtimalının hələ də yüksək olduğunu göstərir.
Ekspertlər deyir ki, bu müharibənin nəticələri qlobal güc balansını ciddi şəkildə dəyişdirə bilər.
Hazırkı vəziyyətdə müxtəlif ölkələrdə olan beyin mərkəzləri bu sual ətrafında baş sındırır: ABŞ, Çin, Rusiya və Avropa bu böhrandan güclənərək, yoxsa zəifləyərək çıxacaq?
ABŞ: Qələbə, yoxsa yeni bataqlıq?
ABŞ Prezidenti Donald Trampın İsrailin tərəfində müharibəyə qoşulması Vaşinqton üçün həm fürsətlər, həm də ciddi risklər yaradır. Əgər İranın nüvə proqramı tam sıradan çıxarılarsa, bu, ABŞ-ın dünyadakı supergüc imicini gücləndirəcək. Lakin bəzi ekspertlər bildirir ki, İranın nüvə infrastrukturu tam məhv edilməyib və bu təhdid davam edə bilər.
Ən böyük təhlükə odur ki, ABŞ bu müharibəyə uzun müddət ilişə bilər. Belə olarsa, bu vəziyyət Vyetnam, Əfqanıstan və İraq müharibələrində olduğu kimi, ABŞ-ın beynəlxalq nüfuzuna ciddi zərbə vuracaq.
Bundan başqa, müharibə fonunda neft qiymətlərinin artması da daxildə Tramp üçün problemlər yarada bilər. Xalqın benzin qiymətlərinə həssaslığı seçki öncəsi narazılıqları gücləndirə bilər.
Əgər münaqişə sürətlə başa çatsa, ABŞ diqqətini yenidən Çinə yönəldə bilər, bu isə strateji üstünlük deməkdir.
Rusiya: Neftdən qazanc əldə edir, amma geosiyasi risklər də var
Rusiya üçün münaqişənin iki "başı" var.
Əgər neft qiymətləri yüksək qalsa, Kreml Ukraynada davam edən müharibəni maliyyələşdirmək üçün əlavə resurs əldə edəcək. Digər tərəfdən, İran rejimi devrilərsə və Rusiya buna mane ola bilməzsə, Moskvanın Yaxın Şərqdə nüfuzu zərər görəcək.
Əgər ABŞ bu müharibədə uzun müddət məşğul olsa, Rusiyaya Ukrayna cəbhəsində müəyyən üstünlük qazanmaq imkanı yarana bilər.
Çin: İqtisadi zərbə və strateji fürsət
Çin üçün neftin bahalaşması yaxşı xəbər deyil. Dünyanın ən böyük enerji idxalçılarından olan Çin iqtisadiyyatı yüksək enerji qiymətlərindən əziyyət çəkəcək.
Lakin eyni zamanda ABŞ-ın yeni Yaxın Şərq müharibəsinə qarışması Pekin üçün strateji fürsət yarada bilər. Belə olarsa, Çin öz gücünü artırmaq və daha çox ölkəni öz tərəfinə çəkmək üçün imkan qazanacaq.
Əgər İran rejimi dəyişsə, Çin bölgədə mühüm tərəfdaşını da itirə bilər.
Avropa: Qaçqın təhlükəsi və enerji böhranı
Avropa üçün İran böhranı ciddi təhlükələr yaradır.
Əgər münaqişə böyüyərsə, Avropa yenidən enerji qiymətlərinin kəskin artımı ilə üzləşəcək. Bundan əlavə, İran daxilində xaos yaranarsa, yeni qaçqın axını baş verə bilər. İranın 92 milyon əhalisi var, Suriyadan dörd dəfə çoxdur. Suriyanın 2015-ci ildə yaratdığı qaçqın böhranının Avropada hansı siyasi dəyişikliklərə yol açdığı hər kəsə məlumdur.
Ən böyük təhlükə isə odur ki, bu müharibə Rusiyanın Ukraynada mövqelərini möhkəmləndirə bilər. Əgər Avropa diplomatik yollarla ABŞ və İran arasında razılaşma əldə edə bilsə, Avropa diplomatik gücünü artıra bilər. Amma Tramp buna hələlik müsbət yanaşmır.
Beləliklə, hazırkı mərhələdə çoxlu "bilinən naməlumlar" və "bilinməyən naməlumlar" qalır.
İran böhranının necə sonlanacağı, qlobal güc balansını ABŞ-ın xeyrinə, yoxsa Çinin xeyrinə dəyişəcəyi hələ bəlli deyil....
Elnur Əmirov