İranla Azərbaycan arasında münasibətlərdə ara-sıra üzə çıxan gərginlik yalnız kiçik diplomatik narazılıqların nəticəsi deyil. Burada daha dərin, daha sistemli və daha təhlükəli düşmənçilik faktoru rol oynayır.
Artıq heç bir şübhə yoxdur ki, bütün bu nifrət kampaniyasının arxasında duran əsas fiqur isə İranın ali rəhbəri Əli Xameneidir.
Əgər bu gün Tehran ardıcıl olaraq Azərbaycanı hədəf alan təbliğat, təxribat və şər-böhtan siyasəti aparırsa, bunun kökündə bir nəfərin ideoloji göstərişləri dayanır. Bu siyasət şəxsi qərəz və tarixi komplekslərlə formalaşıb. Əli Xameneinin Azərbaycana olan antipatiyası mədəni və tarixi kodlarla yüklənib.
Xamenei üçün Ermənistan toxunulmazdır...
Xameneinin rəhbərliyi dövründə İran Ermənistanla əlaqələrini heç vaxt pozmayıb, işğal dövründə də, müharibədən sonra da. Minlərlə azərbaycanlının evindən didərgin salındığı, şəhər və kəndlərimizin viran qoyulduğu bir dövrdə belə İran-Ermənistan ticarət yolları açıq saxlanıldı. Bütün bu müddət ərzində Xameneidən nə bir dəstək bəyanatı, nə bir humanist çağırış eşidilmədi. Əvəzində isə Azərbaycan haqqında "sionizmin aləti", "İslamın düşməni", "regionun sabitliyinə təhlükə" kimi ifadələr səsləndi.
Son günlərdə İranın Ermənistandakı səfiri Mehdi Sübhani yenidən Azərbaycan əleyhinə absurd və təxribatçı bəyanatlarla çıxış edib. O, guya İsrailin pilotsuz uçuş aparatlarının Azərbaycandan İrana keçdiyini iddia edib. Bunu sadəcə dezinformasiya hesab etmək doğru deyil, bu iddia Xameneinin ağzından çıxan ssenarilərin tərkib hissəsidir. Çünki belə cəsarətli, sərsəm və sübut olunmamış iddialar yalnız ali rəhbərin dəstəyi ilə səsləndirilə bilər. Sübhani diplomat deyil, rəsmi yalanların mikrofonudur.
Əli Xamenei bütün bu proseslərdə mərkəzi fiqurdur. O, İranda fəaliyyət göstərən anti-Azərbaycan mərkəzlərini maliyyələşdirir, yönləndirir və ideoloji baxımdan bəsləyir. Bu mərkəzlər vasitəsilə Azərbaycanda süni “şiə narazılığı” görüntüsü yaradılmağa, cəmiyyət daxilində parçalanma toxumu səpilməyə çalışılır. Məqsəd Azərbaycanın uğur modelini - dünyəvi, türk və suveren dövlət quruluşunu zəiflətməkdir.
Ali liderin Azərbaycan qorxusu
Xamenei müasir Azərbaycanın varlığından qorxur. Çünki Azərbaycan onun qurduğu repressiv teokratik rejimin tam ziddidir. Burada dini azadlıq şəxsi seçimdir, dövlət ideologiyası yox. Bu isə Xameneinin ideoloji dünyasını silkələyir, ona ideoloji təhdid kimi görünür.
Bu səbəbdən anti-Azərbaycan kampaniyaları davam edəcək, gah dini çalarla, gah regionda sabitlik adı ilə, gah da guya qonşuluq məsuliyyəti ilə ört-basdır ediləcək. Amma bu riyakarlığın arxasında duran əsas motiv dəyişməzdir: Xameneinin nifrəti.
Azərbaycan cəmiyyəti, diplomatiyası və medianın əsas vəzifəsi bu həqiqəti açıq şəkildə göstərməkdir: İran xalqı bizim dostumuz ola bilər, amma anti-Azərbaycan siyasətin mərkəzi bir nəfərdir. Onun adı Əli Xameneidir. Onun məqsədi isə Azərbaycanın nüfuzunu sarsıtmaq, inkişafını ləngitmək və müstəqil kimliyini sual altına almaqdır...
Elnur Əmirov