Modern.az

Rusiyada "miqrant ovu" imperiyanın içdən çürüməsidir - ANALİTİKA

Rusiyada "miqrant ovu" imperiyanın içdən çürüməsidir - ANALİTİKA

Analitika

30 İyun 2025, 09:12

Rusiyada miqrantlara qarşı zorakılıq yeni hadisə deyil. Lakin son illərdə bu proses daha da sistemli və təşkilatlanmış xarakter alıb. Özbəklər, qırğızlar, qazaxlar, türkmənlər, hətta gürcülər və ermənilər belə zaman-zaman hədəfə çevrilir. Kütləvi döyülmə, həbslər, deportasiyalar, açıq-aşkar təhqirlər artıq adi hala çevrilib. Baş verən barbarlığa dövlət susur, cəmiyyət isə bu zorakılığı ya təşviq edir, ya da sükutla qarşılayır.
 

Zorakılıq sistemli ayrı-seçkilikdir
 

Son illərdə bir neçə dəfə miqrantlara qarşı “əməliyyat” adı altında reydlər həyata keçirilib. Bəzi hallarda bu əməliyyatlar polisin iştirakı ilə baş verir, bəzən də millətçi qruplar tərəfindən. Miqrantlar yalnız etnik kimliklərinə görə saxlanılır, küçələrdə təhqir edilir, bəziləri isə işgəncə nəticəsində həyatını itirir. Rusiyada bu zorakılıqların əsas qurbanları Orta Asiyadan gələnlərdir.

Qırğızlar və özbəklər əsasən tikinti, xidmət, nəqliyyat sektorlarında çalışdıqları üçün kütləvi nəzarət altına alınırlar.

Qazaxlar və türkmənlər həm milliyyətlərinə, həm də iqtisadi zəifliklərinə görə hədəfə çevrilirlər.

Gürcülər və ermənilər siyasi gərginlik fonunda mədəni və etnik nifrətin qurbanı olurlar.
 

Niyə miqrant alçaldılır?
 

Bu sualın cavabı həm siyasi, həm psixoloji, həm də tarixi aspektlərdə yatır. Rusiyada miqrant alçaltmaq bir neçə məqsədə xidmət edir:

İctimai nifrəti yönləndirmək. İqtisadi problemlər, sosial gərginlik və siyasi uğursuzluqlar fonunda cəmiyyətin nifrətini yönəldəcək hədəf axtarılır. Bu hədəf isə miqrantlardır.

Rus üstünlüyü ideologiyası da burada faktordur. Kremlin gizli və açıq şəkildə təbliğ etdiyi “Rus pravoslav şovinizmi” qeyri-rusları ikinci növ insan kimi görür.

Daxili konsolidasiya məsələsi də ciddi amildir.

Keçmiş sovet ittifaqı modeli “əsarətdə dost xalqlar” anlayışı ilə dolu idi. Bugünkü zorakılıqlar o dövrdən gələn irqçi yanaşmalar da üstünlük təşkil edir.


Rusiya özünü necə göstərmək istəyir?
 

Miqrantlara qarşı həyata keçirilən alçaldıcı əməliyyatlar vasitəsilə rus cəmiyyəti və dövlət strukturları bir neçə mesaj verməyə çalışır.

Belə ki, “Biz sahibik, siz qonaqsınız” ritorikası: Miqrantların haqsız yerdə döyülməsi, həbs olunması, hüquqlarının pozulması ilə onlara daimi şəkildə bu mesaj verilir.

Güc nümayişi isə həm daxili, həm də xarici auditoriyaya mesajdır. Demək istəyirlər ki, ruslar hələ də “imperiya gücü”nü itirməyiblər.

Əhali arasında qorxu yaratmaq məqamı da var. Bu, həm miqrantların ölkəsinə təhdiddir. Eyni zamanda miqrantlara qarşı olan zorakılıq digər etnik azlıqlara da siqnal göndərir ki, siz də “sıranızı gözləyin”.
 

Miqrantsız Rusiya mümkündürmü?
 

Bu gün Rusiyanın iqtisadiyyatının vacib sektorları, tikinti, xidmət, kənd təsərrüfatı və nəqliyyat miqrantlar sayəsində yaşayır.

Miqrantsız Rusiya əslində əmək bazarında çökmə ilə qarşılaşacaq. Məhsuldarlıq azalacaq, xidmət sektorları iflic olacaq. Böyük şəhərlərdə Moskva, Sankt-Peterburq kimi mərkəzlərdə sosial infrastruktur çökəcək.

Miqrantsız bir Rusiya, sadəcə rəsmi olaraq monoetnik dövlət arzusudur. Reallıqda isə iqtisadi tənəzzül, sosial gərginlik və əmək çatışmazlığına aparan yol deməkdir.


Zorakılıq zəifliyin ifadəsidir
 

Miqrantlara qarşı həyata keçirilən zorakılıq aktları Rusiyanın gücündən xəbər vermir. Daha çox zəifliyini göstərir. Güclü dövlət fərqli olanı qəbul edir, qorxmur, qoruyur. Zəif və qorxu içində olan dövlət isə azlığı əzir, alçaldır. Bu gün Rusiyada baş verənlər həm siyasi, həm mənəvi, həm də mədəni tənəzzülün bariz sübutudur. Miqrant zorakılığı əslində bir imperiyanın içdən çürüməsinin səssiz sədasıdır.

Modern Analitik Təhlil Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu