Modern.az

Azərbaycan Rusiyanı məhkəməyə VERƏ BİLƏR

Azərbaycan Rusiyanı məhkəməyə VERƏ BİLƏR

Analitika

30 İyun 2025, 16:26

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi  (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evlərinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Onlarla azərbaycanlıya ciddi bədən xəsarətləri yetirilib, xeyli soydaşımız saxlanılıb. Bundan əvvəl, 2024-cü ilin dekabr ayının 25-də  Azərbaycana məxsus "Embraer190" təyyarəsi Rusiya səmasında vurulub və o, Qazaxıstanın Aktau şəhərinə qəza enişi edib. Azərbaycan tərəfi Moskvadan məsuliyyətin qəbul edilməsini, kompensasiyanın verilməsini və rəsmi üzr istənilməsini tələb edib. Lakin Rusiya tərəfi bu tələbləri yerinə yetirməkdən yayınır.

Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin Rusiya tərəfindən vurulması, Yeketenburqda Federal Təhlükəsizlik Bürosunun, Milli Qvardiyanın, polisin soydaşlarımızın evinə basqın edərək onları qətlə yetirməsi, çoxsaylı insanımızın  işgəncəyə məruz qoyulması və qanunsuz həbsi, avtobusda hərəkət edən günahsız insanların polisin gözünün önündə güllələnməsi ayrı-ayrı insdentlər deyil:

“Bu hadisələr Rusiyanın hazırki siyasi və hüquqi rəhbərliyinin formalaşdırdığı dövlət siyasətinin nəticəsidir. Bu siyasət irqçi nifrəti, etnik təmizləmə ritorikasını, dövlət zorakılığını alətə çevirərək həm ölkə daxilində, həm də regionda cəzasızlıq mühiti yaradır. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin miqrantları cinayətkar etnos elan etməyi, Rusiyada onların hüquqlarının sıfır şəkildə qorunması barədə açıq-aşkar bəyanatları təkcə nifrət deyil. Bu, beynəxalq hüquq baxımından etnik ayrı-seçkiliyin sistemli təşviqi, genosid ritorikası kimi də qiymətləndirilə bilər. Daxili işlər naziri Vladimir Kolokotsevin rəhbərlik etdiyi strukturların miqrantların ləyaqətini alçaldan, işgəncəni proflaktik tədbir kimi təqdim edən təcrübəsi, Rusiyanın Provaslav Kilsəsinin açıq anti-müsəlman çağırışları, mediada sistemli şəkildə yayılan islamafob bəyanatlar təsadüfi deyil. Bütün bunlar hadisələrin planlı dövlət siyasəti olduğunu göstərir. Bu davranış nümunələri, ritorika sadəcə insan haqları üçün deyil, qlobal ekosistem üçün də eksistensial təhlükə yaradır. Belə siyasət beynəlxalq hüququ de-fakto etibarsızlaşdırır, mülki əhalinin təhlükəsizliyini açıq şübhə altına qoyur. Bütün regionda zorakılığı legimləşdirir. Müasir beynəlxalq hüquqda heç bir dövlət gücündən bu cür istifadəyə suverenlik adı altında bəraət qazandıra bilməz. İstənilən dövlətin hüquqi məhdudiyyətləri var. Mülki şəxslərə qarşı güc tətbiq etməmək, etnik və dini zəmində zorakılığı təşviq etməmək, işgəncələri və qeyri-insani rəftarı qadağan etmək hər bir dövlətin hüquqi məhdudiyyətləridir. Rusiya hakimiyyətinin hərəkətləri bu prinsiplərin hər birini kobud şəkildə pozur. Eyni zamanda Ukraynda törətdiyi hərbi cinayətlər, mülki infrastruktra ciddi zərbələr, uşaq oğurluğu, əhalinin deportasiyası və məhv edilməsi, beynəlxalq konvensiyalarda açıq şəkildə müharibə cinayəti və insanlara qarşı cinayətlər kateqoriyasına aiddir. Bu səbəbdən Rusiyanın hərbi, siyasi, hüquqi rəhbərliyi təkcə Azərbaycan və region üçün deyil, bütövlükdə beynəlxalq hüquqi sistem, bəşəri dəyərlər üçün eksistensial təhdid mənbəyinə çevrilib. Bu, təkcə hadisələrin miqyası ilə deyil, həm də açıq bəyanatların məzmunu ilə ölçülür. Çünki Bastrıkin, Kolokotsev və digər yüksək vəzifəli şəxslər yalnız təcrid olunmuş hüquq pozuntuları deyil, etnik repressiv modeli dövlət strategiyasına çevirməyi müdafiə edirlər. Hesab edirəm ki, Azərbaycan Hava Yollarına məxsus "Embraer190" təyyarəsinin vurulması faktiki beynəlxalq hüquqa presedent aktı kimi ciddi şəkildə araşdırılmalı, kompensasiya və məsuliyyət mexanizmləri işlədilməlidir. Azərbaycan tərəfindən bu məsələnin dəfələrlə qaldırılmasına baxmayaraq, Rusiya “sakit” reaksiyası ilə fərqlənir. Təyyarəni vuranlar, elektron müdaxilə edənlər məsuliyyətə cəlb edilməyib. İstintaqın getdiyini deyirlər. İstintaq illərlə getməlidir? Hər şey göz qabağındadır. Rusiyada soydaşlarımızın və digər etnik icmaların işgəncə və qətllə üzləşməsi beynəlxalq təşkilastlarda - BMT, Avropa təşkilatlarında təcili gündəmə gətirilməli və təcili tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul edilməlidir. Rusiya dövlətinə qarşı beynəlxalq sanksiya və təcrid tədbirləri daha da genişləndirilməli və bu rejim “izqoy” dövlət statsuna məruz qoyulmalıdır. Çünki cəzasızlıq davam edərsə, bu model bütün region üçün yoluxucu nümunəyə çevriləcək. XXI əsrdə bir dövlətin istədiyi vaxt etnik mənsubiyyətinə görə insanları öldürməsi, qonşu ölkələrə hücum etməsi və bununla qürurlanması sadəcə təsadüf doğuran hadisə deyil, bəşəriyyətin hüquq və ləyaqətinə qarşı açıq çağırışdır. Hesab edirəm ki, hüquq sadəcə müzakirə predmeti deyil, qorunan sərhəd olmalıdır. Beynəlxalq ictimaiyyət susmamalı, ədalət tələb etməlidir".

Azərbaycan vurulan təyyarəmiz üçün Rusiyanı beynəlxalq məhkəməyə verə bilər

Ə.Nuriyev vurğulayıb ki, "Embraer190" təyyarəsinin vurulması Beynəlxalq Mülki Aviasiya hüququ baxımından hadisəyə daha da sərt cavab verilməsini zəruri edir:

"Çikaqo konvensiyasının 3-cü maddəsində hərbi hava qüvvələrinin mülki təyyarələrə qarşı güc tətbiqi qadağandır. Belə görünür ki, Rusiya tərəfi təyyarəni qəsdən vurub. Bu isə beynəlxalq hüququn ciddi pozuntusu hesab olunur. Həmçinin təyyarə sərnişin daşıyırsa, bu, insan həyatı üçün təhlükədir. Azərbaycanın Rusiyaya qarşı beynəlxalq iddia qaldırmaq hüququ vardır. Dövlət Məsuliyyətsizliyi və Beynəlxalq Hüquq Konvensiyası prinsipinin, İCAO konvensiyası, ikitərəfli və çoxtərəfli aviasiya sazişləri əsasında iddia qaldıra bilərik. Arqumentlər də mülki təyyarəyə qarşı icazəsiz hərbi güc tətbiq olunması, həyati və maddi zərər vurulması, kompensasiyanın ödənilməsi və rəsmi üzr istənilməsindən ibarətdir. Azərbaycan tərəfi artıq rəsmi üzr və kompensasiyanın ödənilməsini tələb edib. Təhlükəsizlik tədbirləri və oxşar hadisələrin təkrar olunmaması  barədə öhdəlik də tələb edilir. Bu da cinayət işinin aparılması və təqsirkarların məhkəmə qarşısında cavab verməsi anlamına gəlir. Eyni zamanda belə məsələni Azərbaycan beynəlxalq səviyyəyə çıxara da bilər. Bunun üçün rəsmi diplomatik tələblər və nota qoyulur. Azərbaycan bunları artıq edib. Nəticə əldə edilmədikdə, onda arbitiraj təklif oluna bilər. Həmçinin Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində də məsələ qaldıra bilər.  Burada əsas məsələ ondan ibarətdir ki, proseslər Qazaxıstanla əməkdaşlıq çərçivəsində aparılmalıdır. Eyni zamanda beynəlxalq məhkəməyə məsələnin daşınması Rusiya ilə razılaşdırılmalıdır. Rusiya tərəfinə artıq nota verilib. Nəticə olmayacağı təqdirdə Çikaqo konvernsiyası əsasında Beynəlxalq Aviasiya Şurasına da müraciət edə bilər. Yeri gəlmişkən, qeyd edim ki, mülki təyyarələrin vurulması ilə bağlı presedentlər olub. Lakin burada problemlərin həlli ilə bağlı çox geniş işlər aparılmalı, sübutlar təqdim olunmalıdır. Beynəlxalq platformalarda məsələni qaldırmalıyıq. Məhkəmədə də bu məsələni qaldırmağa ehtiyac var. Müxtəlif diplomatik kanallar vasitəsilə problemlərin həllinə çalışmalıyıq. Rusiyanın dövlət siyasəti terrora, qorxutmaya yönəlib. O elə hesab edir ki, gücü varsa, hər şey edə bilər. Beynəlxalq ictimaiyyət Rusiyanın belə qeyri-qanuni hərəkətələrinə, eksistensial təhdidlərinə susacaqsa, onda təhlükə hamı üçün davam edəcək, daha da genişlənəcək. Onun qeyri-qanuni addımları üçün birləşməliyik, sanksiyalar genişləndirilməlidir".

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu