"Middle East Eye" nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumat diqqət çəkib. Belə ki, xarici nəşr yulun sonunda Azərbaycan və Ermənistan liderlərinin görüşünün olacağından yazıb. Görüşün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) - Dubay şəhərində keçiriləcəyi bildirilib. Liderlərin görüşü zamanı sülh sazişi layihəsi ilə bağlı müzakirə aparılacağı qeyd olunur. Mənbələrin sözlərinə görə, BƏƏ iki ölkənin liderinin görüşünə ev sahibliyi etmək niyyətindədir. İyunun 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.
Ermənistan Baş nazirinin bu məlumatlar yayılmazdan öncə Türkiyəyə səfər etməsi də xüsusi diqqət çəkir.
İndi ilin sonuna kimi sülh sazişinin imzalanmasının mümkünlüyü maraq doğurur.
"Sülh hamıya, ilk növbədə Ermənistana və Paşinyana lazımdır"
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın əsas tələbi gündəmdə qalır:
"Sülh sazişinin bağlanmsı üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir. Bu olmadan sülh sazişinin imzalanması çətindir. Top Paşinyanın meydanındadır. Həqiqətən də, bölgəyə sülh və əməkdaşlıq lazımdır. Sülh nə qədər tez olsa, bir o qədər hamının xeyrinədir. Bir müddət öncə Türkiyəyə səfəri zamanı Paşinyana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox güman ki, sülh müqaviləsinin imzalanmasının, Zəngəzur dəhlizinin və Ermənistanla sərhədlərin açılmasının önəmini izah edib. Hamı, ilk növbədə Ermənistan, eləcə də Baş nazir Paşinyan üçün bu, faydalıdır. Paşinyana qarşı radikal müxalifət, erməniəsilli rusiyalı iş adamları, kilsə birləşib və onu devirməyə çalışırlar. Paşinyan nə qədər tez Azərbaycan və Türkiyə ilə məsələləri həll etsə, bu, onun özü üçün xeyirlidir. Çünki bununla kommunikasiya xətləri açılacaq, iqtisadi əlaqələr qurulacaq, Cənubi Qafqaz evinin qurulması istiqamətində ciddi addımlar atılacaq".
"Konstitusiyanın a-dan z-yə dəyişməsini tələb etmirik"
Politoloq söyləyib ki, sülh sazişinin imzalanması üçün ilk növbədə Paşinyan konstitusiya dəyişikliklərinə getməlidir:
"Paşinyan bu günlərdə, yenə də açıqlama verdi ki, konstitusiya dəyişikliyi zəruridir. Bir il sonranı gözləsə ki, seçki olsun, referendum keçirilsin, vaxt gedir. Vaxt Paşinyanın əleyhinə işləyir. Paşinyan bu məsələnin həllini düşünməlidir. Biz konstitusiyanın a-dan z-yə dəyişməsini tələb etmirik. Azərbaycan və Türkiyəyə qarşı irəli sürülən ərazi iddiaları konstitusiyadan çıxarılmalıdır. Bunu qısa müddətdə də Paşinyan həll edə bilər".
"Mövcud situasiya sülh sazişinin imzalanmasını və Zəngəzur dəhlizinin sürətlə açılmasını diqtə edir"
E.Şahinoğlu iki ölkə liderinin Dubayda gözlənilən görüşü barədə də danışıb:
"Bəli, indi Dubayda da görüş planlaşdırılır. Bu görüş də faydalıdır. Hər hansı üçüncü ölkənin-xüsusilə də Rusiyanın vasitəçiliyinə heç ehtiyac yoxdur. Rusiyanın Paşinyanla, eləcə də Azərbaycanla münasibətləri gərgindir. Bunun özü də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin sürətlə açılmasını diqtə edir".