Modern.az

Region Əliyev - Paşinyan görüşündən ASILIDIR

Region Əliyev - Paşinyan görüşündən ASILIDIR

Analitika

9 İyul 2025, 12:59

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Ermənistan tərəfinin məlumatına görə, Nikol Paşinyan artıq bu gün Əbu-Dabiyə yollanacaq.

"Ermənistanla hər bir görüş xüsusi əhəmiyyət kəsb edir"

Milli Məclisin Beynəlxalq münasibətlər və patrlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçiriləcək görüş xüsusi əhəmiyyət daşıyır:

“Cənab Prezidentin hər bir görüşü xüsusi əhəmiyyət kəsb edir. Bu yaxınlarda Xankəndidə keçirilən Zirvə toplantısı buna əyani sübutdur. Faktiki gözümüzün qabağında tarix yazıldı. Müzakirələr getsə də, hələ sülh müqaviləsi imzalanmamış Ermənistanla hər bir görüş xüsusi əhəmiyyət kəsb edir. Artıq Azərbaycanın apardığı görüşlər onunla görüş keçirdiyi ölkənin münasibətlərini müəyyənləşdirmir.  Bu gün Azərbaycanın görüşləri daha  geniş xarakter daşıyır və regionda, dünyada gedən prosesləri müəyyən edir. Cənab Prezidentin sabahkı görüşü hesab edirəm ki, yalnız iki dövlət arasında yox, Qafqazda, regionda gedən proseslərə ciddi təsir göstərəcək. Bu gün yalnız Azərbaycan, Ermənistan yox, ümumiyyətlə, Qafqazın eyni təhdid və çağırışlarla üzləşdiyini, eyni məsələlərə ehtiyacının olduğunu görürük. Ermənistan Azərbaycanın təklif etdiyi məsələlərə ciddi, düzgün və vaxtında yanaşacaqsa, Azərbaycanın təkliflərinin yalnız onun milli maraqlarını yox, regionun və dünyanın bu gün tələb etdiyi maraqlar çərçivəsində olduğunu başa düşəcəksə, bu, bir o qədər İrəvanın xeyrinədir. Bunlar onun müqəddaratını, dövlətçiliyini, gələcəyini təmin edən məsələlərdir. Ona görə də bu görüşü yüksək şəkildə qiymətləndirmək olar”.

"Baş verənlər sülhlə bağlı prosesin sürətlənməsini zəruri edir"

Komitə sədri ilin sonuna kimi sülh sazişinin bağlanıb-bağlanmayacağı ilə bağlı bunları deyib:

“Söhbət yalnız sülh müqaviləsinin özündən getmir. Söhbət ondan gedir ki, bu gün dünyada, regionda, Azərbaycanla Ermənistan arasında gedən proseslər hadisələri tezləşdirməyə vadar edir. Hadisələri daha sürətlə cərəyan edən istiqamətə aparır. Bu, sadəcə Ermənistanın, ya da onların arxasında dayananların istədiyi məsələlər deyil. Azərbaycan elə bir reallıq yaradır ki, regionda gedən proseslər artıq sürətlənir. Regiona təsir edən qüvvələr başa düşməlidir ki, bu mühitdə öz maraqlarını sürətlənmiş proses çərçivəsində uyğunlaşdıracaqlarsa, onda hər şey qaydasında gedəcək. Yox, hansısa ölkə, qüvvə bu sürətə, çağırışlara uyğunlaşmayacaqsa, regiondan kənarda qalacaq. Ona görə də proseslər sürətləndirilir, amma hansı ayda, tarixdə sülh sazişi imzalanacaq, onu proqnoz etmək çox çətindir”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi