Modern.az

Əliyev-Paşinyan görüşü qısa zamanda yenidən baş tutacaq

Əliyev-Paşinyan görüşü qısa zamanda yenidən baş tutacaq

Analitika

11 İyul 2025, 11:55

10 iyul tarixində Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) geniş tərkibdə, vasitəçisiz görüşü baş tutub. Konstruktiv keçən görüşdə sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.

"A-dan Z-yə bütün məsələlər müzakirə olunub"

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində keçirilən görüşdə hər iki tərəfin geniş nümayəndə heyəti ilə təmsil olunması ondan xəbər verir ki, həm liderlər, həm də heyətlərarası görüşdə A-dan Z-yə bütün məsələlər müzakirə olunub:

“Danışıqlarda irəliləyiş var. Sərhədlərin bir hissəsi, sülh sazişinin mətni razılaşdırılıb. Əsas da odur ki, tərəflər ilk dəfə idi ki, vasitəçisiz geniş heyətlə görüşürdü. BƏƏ sadəcə məkan kimi təqdim edilib. Yenə də bu ölkədə görüş keçirilə bilər. BƏƏ neytral ölkədir və həm Azərbaycan, həm də Ermənistanla sıx iqtisadi, siyasi əlaqələri var. Rusiyadan fərqli olaraq, BƏƏ sadəcə məkan verir, danışıqlara nəzarət etmir. Bu da üstünlükdür. Əsas üstünlük bir daha deyirəm ki, Azərbaycan və Ermənistan liderlərinin vasitəçiyə - ABŞ-yə, Rusiyaya və Avropa İttfaqına ehtiyac olmadan danışıqları irəli aparmasıdır. Və nəticələrin əldə edilməsi birbaşa danışıqların aparılması ilə əlaqədardır. Düşünürəm ki, bu sürətlə ilin sonuna qədər sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması istiqamətində çox önəmli addımlar atıla bilər”.

Politoloq vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə konstitusiyası ilə bağlı ciddi addımlar atmalıdır, çünki bunsuz sülh sazişi olmayacaq:

“Hesab edirəm ki, Əbu-Dabi görüşü olduqca konstruktiv keçirildi və bunun davamı gələcək. Növbəti görüşün nə zaman keçirilməsi işçi komissiyaların əldə edəcəyi nəticələrdən asılıdır. Liderlər işçi komissiyalara təlimatlar verib ki, proses sürətləndirilməlidir. Hesab edirəm ki, 10 iyulda Əbu-Dabidə keçirilən görüş növbəti görüşün vaxtını sürətləndirə bilər. Əsas odur ki, başqa dövlətlər bu prosesə qatışmasın, birbaşa danışıqlar davam etsin. Düşünürəm ki, komissiyalar müəyyən nəticələrə gəldikdən sonra liderlərin də növbəti görüşü yaxın müddətdə keçirilə bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi