İyulun 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Kiyevin Qoloseyevski rayonunda güllələnib. O, 5 güllə yarası alıb və hadisə yerində ölüb. Bir neçə gün öncə Kiyevdə güllələnən polkovnik İvan Voronicin qatilləri artıq xüsusi əməliyyatla zərərsizləşdirilib. Ukrayna KİV-lərinin yaydığı məlumatlarda zərərsizləşdirilən şəxslərin azərbaycanlılar - 1981-ci il təvəllüdlü Güləlizadə Xaqani və xanımı, 1991-ci il təvəllüdlü Quliyeva Nərmin olduğu bildirilir.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Yekaterinburqda baş verən cinayətdən sonra Rusiyada azərbyacanlılara qarşı təzyiq siyasəti dayanmır, əksinə davam edir:
“Bu o deməkdir ki, Rusiya Azərbaycanla münasibətləri normallaşdırmaq niyyətində deyil. Təyyarə qəzası ilə bağlı heç bir addım atmadı, Yekaterinburq hadisələri araşdırılmır. Sanki belə də olmalıdır. Üstündən bir müddət keçdikdən sonra Rusiyanın digər şəhərlərində azərbaycanlılara qarşı müxtəlif bəhanələrlə təzyiqlər artırılır. Bu o deməkdir ki, Rusiya Azərbaycanla münasibətləri normallaşdırmaq fikrindən uzaqdır. Üstəgəl kənd təsərrüfatı məhsullarını da sərhəddə saxlayıb. Bu da təzyiqin bir üsuludur”.
Politoloq vurğulayıb ki, başqa bir təzyiq forması da Rusiyada yaşayan azərbaycanlılardan müxtəlif cinayət məqsədləri üçün istifadə edilməsidir:
“Məsələn, azərbaycanlıları zorla müharibəyə göndərməyə çalışırlar. Üstəgəl, bu günlərdə Ukraynada baş verən faciədə də çox təəssüf ki, bir neçə nəfər azərbaycanlılardan istifadə edib onları killer kimi Ukraynaya göndəriblər. Onlar da ukraynalı zabiti qətlə yetiriblər. Bunu da Ukrayna ilə yanaşı, Azərbaycana qarşı da təxribat siyasətinin davamı kimi qiymətləndirmək olar”.