10 iyulda Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində Azərbaycan Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın geniş tərkibdə ikitərəfli görüşü baş tutub. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.
Maraqlıdır, Azərbaycan və Ermənistan liderlərinin növbəti vasitəçilərsiz görüşü Bakı və ya İrəvanda keçirilə bilərmi?
Modern.az-a açıqlamasında sabiq diplomat Nəsib Nəsibli bildirib ki, dövlət başçılarının növbəti görüşü və sülh sazişi nə qədər tez olarsa, bir o qədər yaxşıdır:
"Çünki xarici faktorlar var. Bu faktorları aradan qaldırmaq üçün bir an öncə sülh müqaviləsi imzalanmalıdır. Liderlər Əbu-Dabidə birbaşa vasitəçi olmadan görüşdülər. Ən doğrusu da bu idi. Digər tərəfdən, Əbu-Dabi olmasın, Tiflis olsun, hara olursa olsun, yer önəmli deyil. Önəmli olan prosesin sürətlə getməsidir. Mənim bir ehtiyatlandığım varian görüşün Moskvada ola bilməsilə bağlıdır. Çünki Moskvada Rusiya Federasiyası öz şərtlərini diqtə etməyə çalışacaq. Qalan platformalar bir vətəndaş kimi məndə narahatlıq doğurmur.
O ki qaldı görüşün İrəvan və ya Bakıda keçirlməsinə, hesab edirəm ki, liderlər bu varianta getməzlərl".
N.Nəsibli vurğulayıb ki, növbəti görüşün Ermənistan-Azərbaycan sərhədində və ya Tiflisdə keçirilməsi daha doğru olar:
"Liderlərin görüşü Cenevrədə, Skandinaviya ölkələrində, İstanbulda keçirilə bilər. Amma mən düşünmürəm ki, Paşinyan İstanbulda sülh sazişinin imzalanmasına razı olar. Hər halda mənim düşüncəmə görə, Tiflis görüşlər üçün ən uyğun yer kimi təsəvvür edilə bilər. Sərhəddə də görüşə bilərlər. Xankəndi və ya Şuşada görüşə biləcəklərinə heç inanmıram. Bunu Ermənistandakı ictimai fikir qəbul etməz, Paşinyan da buna getməz. Ən yaxşısı neytral yerin olmasıdır. Bir daha təkrar edirəm, yer önəmli deyil".