Zəngəzur dəhlizi, 44 günlük savaşın nəticəsi
Zəngəzur dəhlizi Azərbaycanın 2020-ci ildə qazandığı tarixi qələbənin strateji və geosiyasi nəticəsidir. 44 günlük Vətən müharibəsi həm də regionda yeni nəqliyyat və enerji arteriyasının açılması ilə yadda qaldı. Dəhliz Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa əlaqənin qurulması deməkdir. Bu, həmçinin Türk dünyasının quru yolu ilə birləşməsi anlamını daşıyır. Ermənistanın kapitulyasiya aktında bu dəhlizin açılması ilə bağlı öhdəliyi təsdiq olunmuşdu. Bu məsələ onu deməyə əsas verir ki, Zəngəzur tarixi torpaq olmaqla yanaşı, gələcəyin iqtisadi və siyasi xəritəsidir.
Diplomatik gediş, savaşın masa üzərindəki davamı
Zəngəzur dəhlizi uğrunda savaş artıq masada davam edir. Azərbaycan diplomatiyası bu məsələni sülh gündəliyinin əsas maddəsinə çevirib. Ermənistan tərəfinin manevrlərinə baxmayaraq, Bakı beynəlxalq müstəvidə bu dəhlizin açılmasını zəruri regional layihə kimi təqdim edir. Azərbaycanın diplomatik gücü, dəqiqliklə qurulmuş strategiyası və tərəfdaş ölkələrlə sıx əlaqələri nəticəsində məsələ prioritet olaraq gündəmdə saxlanılır. Diplomatik platformalarda bu, Azərbaycanın sülhə verdiyi dəyərin nümunəsi kimi göstərilir.
Dünyanın diqqəti Zəngəzurda
İndi Zəngəzur dəhlizi az qala qlobal maraqların kəsişdiyi bir nöqtəyə çevrilib. Avropa İttifaqı, Çin, Rusiya, Türkiyə, İran və ABŞ kimi böyük oyunçular bu dəhlizin yaratdığı yeni ticarət imkanlarını yaxından izləyir. Bu, birmənalı olaraq Azərbaycanın Zəfərinin memarı İlham Əliyevin hərtərəfli bacarığının nəticəsidir. Orta Dəhlizin əsas halqası olan Zəngəzur, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirəcək. Bu, iqtisadi layihə olmaqa yanaşı, enerji təhlükəsizliyi, ticarət axını və geosiyasi balans baxımından da həyati əhəmiyyət daşıyır. Dəhliz üzərindəki hər gərginlik dünya mediasında və analitik mərkəzlərdə diqqətlə izlənilir. Bu da göstərir ki, Azərbaycanın strateji mövqeyi daha da möhkəmlənir.
Qarabağ Azərbaycanın torpağıdır, Ermənistan da bunu qəbul edir
Zəfərdən sonra Qarabağ məsələsi hüquqi və siyasi olaraq Azərbaycanın nəzarətindədir. Beynəlxalq hüquq çərçivəsində bütün dövlətlər, o cümlədən Ermənistan da bu reallığı qəbul etməyə məcbur olub. Ermənistanın 2023 və 2024-cü illərdə verdiyi bəyanatlar və beynəlxalq sənədlərdə Qarabağ Azərbaycanın ərazisi kimi qeyd olunub. Bu, Zəngəzur dəhlizinin də reallaşması üçün əhəmiyyətli baza rolunu oynayır. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırsa, Naxçıvanla bu torpaqlar arasında əlaqənin qarşısını almaq hüququ yoxdur. Bu, yeni dövrün siyasi məntiqidir.
ABŞ və Zəngəzur, maraqlı ikili oyun
Birləşmiş Ştatlar Zəngəzur məsələsində açıq mövqe nümayiş etdirməsə də, bu dəhlizin reallaşmasının Cənubi Qafqazda sabitliyə gətirəcəyini qəbul edir. Vaşinqton Ermənistanı itirmək istəmir, amma Azərbaycana da qarşı gedə bilmir. ABŞ-ın enerji təhlükəsizliyi və Çinlə rəqabət kontekstində Zəngəzur dəhlizi Orta Dəhlizin vacib halqası kimi önəmlidir. ABŞ daha çox vasitəçilik görüntüsü yaratsa da, əslində bu layihənin reallaşmasında maraqlıdır. Əgər bölgədə sabitlik ABŞ üçün prioritetdirsə, bu sabitliyin açarı Zəngəzur dəhlizidir.
Rusiya və Zəngəzur, maraqların toqquşduğu yer
Rusiya Zəngəzur dəhlizinə ikili münasibət göstərir. Həm bu dəhlizin açılmasını istəyir, həm də onun üzərində nəzarəti saxlamaq niyyətindədir. Moskva üçün bu dəhliz bölgədəki nüfuzunu qorumaq üçün bir vasitədir. Eyni zamanda, Rusiyanın Cənubi Qafqazda zəifləyən təsiri fonunda bu dəhlizin açılması onun regional strategiyasını dəyişə bilər. Kreml qorxur ki, Türkiyə və Azərbaycanın möhkəmlənməsi onun bölgədəki “monopoliyasını” sarsıdar. Buna görə də Rusiya, görünən dəstəyə baxmayaraq, prosesin sürətlənməsini istəmir.
Türkiyə və Zəngəzur, yeni nəfəs
Türkiyə üçün Zəngəzur dəhlizi strateji layihə məhfumu ola bilməz. Bu proje ideoloji bağdır və Türk dünyasının birliyi yolunda əsas körpüdür. Bu dəhliz vasitəsilə Ankara ilə Mərkəzi Asiya arasında birbaşa quru bağlantısı yaranır. Prezident Ərdoğan dəfələrlə bu məsələni ən yüksək səviyyədə gündəmə gətirib və Azərbaycanın yanında olduğunu bəyan edib. Zəngəzur dəhlizi reallaşarsa, Türk Dövlətləri Təşkilatı faktiki coğrafi birliyə qovuşmuş olacaq.
İran və Zəngəzur, açıq narahatlıq
İran Zəngəzur dəhlizinə qarşı ən sərt mövqe sərgiləyən ölkədir. Tehranın əsas narahatlığı regionda Türk təsirinin güclənməsi və İran-Ermənistan sərhədinə alternativin açılmasıdır. İran bu dəhlizin öz maraqlarına zidd olduğunu açıq şəkildə bəyan edib. Ancaq reallıq budur ki, bu layihə nə İran torpağından keçir, nə də ona qarşı yönəlib. Əksinə, bölgəyə iqtisadi canlılıq gətirir. Tehranın reaksiyası daha çox ideoloji və geosiyasi xarakter daşıyır. Əslində, İranın bu qədər narahat olması, Zəngəzurun necə önəmli olduğunun göstəricisidir.
Ermənistan və Zəngəzur, tarixdən qorxan siyasət
Ermənistan üçün Zəngəzur dəhlizi həm tarixi qorxu, həm də siyasi fürsətdir. Paşinyan hökuməti bu layihəni qəbul etməyə məcbur olsa da, daxildəki revanşistlər və diaspor bu dəhlizi “torpaq itkisi” kimi təqdim edirlər. Halbuki bu dəhliz Ermənistanın özü üçün də iqtisadi və siyasi qurtuluş ola bilər. Regiona inteqrasiya, izolyasiyadan çıxış və yeni bazarlara çıxış imkanı bu layihə ilə mümkündür. Amma Ermənistan siyasi iradə və cəsarət göstərməlidir. Yalançı keçmişlə yaşamaqla gələcək qurmaq olmaz!
Və qalib Azərbaycan və Zəngəzur, yeni dövrün yol xəritəsi
Azərbaycan Zəngəzur dəhlizi ilə 44 günlük qələbəsini davam etdirir. Bu dəhliz yalnız bir keçid qiyməti ola bilməz. Zəngəzur bir nəticə, bir qərar, bir yoldur. Prezident İlham Əliyev bu məsələni siyasi gündəmdən heç vaxt çıxarmayıb və qətiyyətlə sona qədər aparır. Azərbaycan təkbaşına torpaqlarını azad etdiyi kimi, diplomatik müstəvidə də irəliləyir. Qələbə səngərin ardınca, səbrlə, zəkayla, qətiyyətlə də qazanılır. Zəngəzur bunun sübutudur.
Zəngəzur, gələcəyə yol
Zəngəzur uzun perspektivdə Cənubi Qafqazın gələcəyidir. Regionda sabitliyin, əməkdaşlığın, rifahın açarı bu dəhlizdədir. Bu yolun bağlanması keçmişə qayıdış, açılması isə sülhə və tərəqqiyə gedən yoldur.
Azərbaycan bu yolda həm tarix, həm haqq, həm də güclə irəliləyir. Bu yol açılacaq.
Elnur ƏMİROV