Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyündən bəhs edib. Baş nazir Ermənistanın KTMT-dən çıxma ehtimalının yüksək olduğunu bildirib.
Son ayların müşahidələri göstərir ki, KTMT-nin digər üzvlərinin də təşkilata münasibəti birmənalı deyil. Bəzi siyasi ekspertlər KTMT-nin getdikcə daha da kövrəkləşdiyini bildirirlər.
“KTMT-nin real fəaliyyəti olmayıb, olmayacaq da”
Bunu Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
"Bu təşkilat təbliğat üçün yaradılıb. Təşkilatın real fəaliyyəti heç vaxt olmayıb və mənə elə gəlir ki, heç vaxt da olmayacaq. Bu təşkilatın hansısa diqqətçəkən fəaliyyətini yada salmaq çətindir. Üzvlərin bu təşkilata münasibəti sıfır səviyyədədir. Çünki hamı başa düşür ki, Qazaxıstan əsgəri gedib Ermənistanda vuruşan deyil. O baxımdan yenə deyirəm, bu təşkilat təbliğat üçün yaradılmış qurumdur".
"Paşinyanın KTMT məsələsini gündəmə gətirməsi Qərbin və Rusiyanın oyunudur"
T.Zülfüqarov vurğulayıb ki, Avropa İttifaqı və ABŞ bununla elə görüntü yaradır ki, guya Ermənistan Rusiyadan azad olmaq üçün siyasət aparır:
"Lakin biz görürük ki, artıq 7 il keçib, Ermənistan isə normal addım atmayıb. Aeroportda olan 15-20 nəfər hərbçini çıxarıblar, bununla da məsələ bitdi. Bu mövzunu təbliğ etmək üçün yenə də təşkilat barədə hansısa bəyanat verməyə başlayırlar. Mən KTMT-ni ciddi təşkilat hesab etmirəm. Çünki Ermənistanda Rusiyanın hərbi hava qüvvələrinin, quru qoşunlarının bazası var. Rus sərhədçiləri Türkiyə və İran sərhədində dayanırlar. Təhlükəsizlik xidmətləri bir-biriləri ilə əməkdaşlıq edirlər. Hərbi hava qüvvələrinin birgə komandanlığı var. Ümumiyyətlə, Ermənistanda olan hava hücumlarından müdafiə qurğuları birbaşa Moskvadan idarə olunur. Onların birgə hərbi qruplaşması mövcuddur. Bunların hərbi əməkdaşlığı çox genişdi. Hərbi əməkdaşlıqla bağlı 180-dən çox sənəd imzalanıb. İndi KTMT-ni gündəmə salıblar, guya orada nəsə mühüm məsələ mövcuddur. Biz onların bu oyunlarına getməyək. Həm də Rusiya bu oyunu oynayır. Çünki onlar başa düşürlər ki, gündəmdə olan məsələ onların real mövcud olan hərbi qüvvələrini tənqid altında olmaqdan xilas edir. Yalan mövzu atırlar ki, danışın".