Modern.az

Türkmənistan da Qarabağın yenidən inşasına töhfə verəcək

Türkmənistan da Qarabağın yenidən inşasına töhfə verəcək

Analitika

17 İyul 2025, 12:20

Azərbaycana səfər edən Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov dünən Prezident İlham Əliyevlə görüşüb, Milli Məclisdə olub, bu gün isə Qarabağa gedib. 

Türkmənistan hazırda Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. Maraqlıdır, bu görüşdən sonra Türkmənistanın TDT-yə tam üzvlüyü məsələsi gündəmə gələ, eyni zamanda o da digər türk dövlətləri kimi Qarabağdakı tikinti-abadlıq işlərinə öz töhfəsini verə bilərmi?

"Berdiməhəmmədovun səfəri ikili münasibətlər baxımdan vacibdir"

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Türkmənistan Parlamentlərarası işçi qrupunun sədri Tənzilə Rüstəmxanlı bildirib ki, uzun zamandan sonra vaxtilə Türkmənistan Prezidenti olmuş, indi isə Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki ölkənin münasibətləri baxımdan çox əhəmiyyətlidir:

“Parlamentə Sahibə xanımın sədrliyi dönəmində Türkmənistanla Azərbaycan arasında münasibətlərdə xeyli yumşalmalar olub. Qarşılıqlı səfərlər - Türkmənistan parlament rəhbərinin Azərbaycana səfəri, Qoşulmama Hərəkatı çərçivəsində Sahibə xanımın da Türkmənistanda görüşləri olub. Bu, buzları bir az əritmişdi. Hələ Ulu öndər Heydər Əliyevlə Türkmənistanın birinci lideri Saparmurat Niyazovun zamanından belə Türkmənistanla  Azərbaycan arasında münasibəltər zaman-zaman kəskinləşib. Sonra da hər iki dövlət aralarında məsafə qoyub. Bugünkü yumşalma, əlbəttə, Türk Dövlətləri Təşkilatına da təsir edəcək. Müstəqillik əldə etdikdən sonra rəsmi Aşqabad bitərəf qalmağı hər şeydən üstün bilir, heç bir hərəkata, bloklara qoşulmur. Türkmənistan TDT-yə də çox məsafəlidir. Azərbaycan Prezidentinin Qurbanqulu Berdiməhəmmədovu bu cür səmimi qarşılaması, Türkmənistan Xalq Məsləhəti sədrinin parlamentimə gəlməsi Türkmənistanın TDT-də təmsil olunmasına, ən azı TDT-nin həyata keçirdiyi bir çox layihələrdə iştirak etməsinə gətirib çıxara bilər".

T.Rüstəmxanlı Qurbanqulu Berdiməhəmmədovun Milli Məclisdə spiker Sahibə Qafarova ilə görüşündən də danışıb:

"Qurbanqulu Berdiməhəmmədovu çox səmimi gördüm. Sahibə xanım Türkmənistan və Azərbyacanın Oğuz boyundan gələn tarixi köklərini xatırlatdı. Eyni zamanda, Türkmənistan-Azərbaycan münasibətlərinin tarixindən və atılacaq addımlardan danışdı. Bundan sonra Türkmənistan Xalq Məsləhətinin sədri çox ciddi şəkildə tarixi kökümüzü vurğulayaraq birlikdə hərəkət etməyimizin önəmli olduğunu, xüsusilə Qarabağ savaşında əldə etdiyimiz Zəfərdən sonra Azərbaycan adına onların da çox sevindiyini, təqdir etdiklərini bildirdi".

T.Rüstəmxanlı vurğulayıb ki, Türkmənistan da Qarabağın yenidən inşasına töhfə verəcək:

"Özbəkistan Qarabağda böyük bir məktəb tikib. Yəqin ki, Türkmənistan da iqtisadi layihələrə qoşulacaq, Qarabağın yenidən inşa olunmasına töhfələrini verəcək. Mən düşünürəm ki, bu səfər bir çox aspektdən çox önəmlidir. Bunun Türkmənistanı Türk dünyasını birləşdirən təşkilata tam hüquqlu üzv edə biləcəyi qənayətindəyəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi