Zəngəzur dəhlizinin açılması mövzusu son aylarda siyasi gündəmdə əsas yer tutan mövzuların önündə gəlir. Azərbaycanın qərb rayonlarının Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantısını təmin edə biləcək bu nəqliyyat marşrutu yalnız ölkə üçün deyil, bütövlükdə region üçün də strateji və iqtisadi əhəmiyyət daşıyır. Məhz bu səbəbdən, dəhlizin açılması ilə bağlı danışıqlar həm ikitərəfli, həm də beynəlxalq müstəvidə böyük maraqla izlənilir.
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə də Zəngəzur dəhlizi məsələsinin gündəmə gəldiyi bildirilir.
Həmçinin qeyd olunur ki, ABŞ Zəngəzur dəhlizinin amerikalı özəl şirkət tərəfindən idarə edilməsini təklif edib. İspaniyanın “Periodista Digital” nəşrinin yazdığına görə, Ermənistan hökuməti ABŞ ilə birlikdə gizli memorandum imzalayıb. Sənədə əsasən, Zəngəzur bölgəsindən keçən və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən 42 kilometrlik yeni nəqliyyat dəhlizi yaradılacaq. Məlumata görə, layihənin idarəçiliyi amerikalı özəl şirkətə həvalə olunacaq. Ermənistan isə dəhlizdən əldə ediləcək gəlirin cəmi 30 faizini alacaq.
Türkiyə, İran, Rusiya və Avropa ölkələri də Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlamalar veriblər. Bəzi ekspertlər dəhlizin ilin sonuna kimi açıla biləcəyini düşünür.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyir ki, Zəngəzur dəhlizi Türkiyə və Azərbaycanın xarici siyasətində yer alan əsas mövzulardan biridir. Onun sözlərinə görə, dəhlizin açılması təkcə Türkiyə və Azərbaycanın xeyrinə olmayacaq, həm də region dövlətlərinin və xalqlarının inkişafına, eləcə də rifahına xidmət edəcək:
“III Şuşa Qlobal Media Forumunda cənab Prezident İlham Əliyevin fikirlərinin ardınca dəhlizlə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın da fikirlərinin şahidi olduq. Bu bir daha ondan xəbər verir ki, həm Azərbaycan, həm də Türkiyə dəhlizin qısa müddət ərzində açılmasında maraqlıdır. Bu baxımdan, Ərdoğan bu işdə dövlət başçımızın oynadığı aparıcı rolu da vurğuladı”.
Millət vəkili əlavə edib ki, dəhliz sadəcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyəcək. Bu həm də böyük nəqliyyat və logistika məsələsidir:
“Dəhlizin açılması ilə Azərbaycan və Türkiyə tarixin və ədalətin bərpa edilməsi istiqamətində də konkret addımlar atır. Bu baxımdan, dəhliz Orta Asiya xalqları olmaqla ümumtürk inteqrasiyası, birləşməsi istiqamətində mühüm addımdır.
Buna görə də Zəngəzur dəhlizini böyük bir hadisə adlandırardım ki, siyasi, iqtisadi olduğu qədər mədəni və tarixi əhəmiyyəti baxımından da çox vacibdir”.
A.Badamov onu da qeyd edib ki, nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyulan beynəlxalq tranzit dəhlizinin açılması istiqamətində rəqəmsallaşma prosesi gedir, həmçinin gömrük inzibatçılığı da sadələşdirilir.
“Vurğulamaq vacibdir ki, dəhlizin potensialı isə ilkin etapda 15 milyon ton yük səviyyəsində dəyərləndirilir. Cənab Prezident İlham Əliyev bildirir ki, dəhliz Şimal-Cənub dəhlizinin başqa istiqamətinin açılması deməkdir. Bu regional aktorlarla müəyyən ediləcək münasibətlərdən də xəbər verir”.
“Bu baxımdan, dəhlizin açılması qaçılmazdır, nə qədər tez reallaşsa region üçün bir o qədər yaxşıdır”,- deyə millət vəkili bildirib.
Milli Məclisin deputatı Nigar Məmmədova isə saytımıza açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı hazırda dəqiq vaxt söyləmək mümkün deyil. Buna səbəb Ermənistanın sözügedən məsələ ilə bağlı konkret mövqe sərgiləməməsidir.
“Ümumiyyətlə, Ermənistan tərəfi bu illər ərzində dəhlizlə bağlı heç bir iş görməyib. Hətta bu məsələ məqsədli şəkildə gündəmdən çıxarılıb. Bu günlərdə İrəvanın ABŞ-nın məlum təklifindən imtina etdiyini də gördük.
Azərbaycanın dəhlizlə bağlı mövqeyi isə dəyişməyib. Son 5 ildə rəsmi Bakı bu istiqamətdə lazımi addımlar atır. Belə ki, Ermənistan və İranla sərhədin qovuşuğuna qədər dəmir yolunun tikintisi artıq başa çatmaq üzrədir. Hətta 3-cü Şuşa Qlobal Forumunda Prezident İlham Əliyev də bəyan etdi ki, bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Zəngəzur dəhlizi arteriya kimi bir çox ölkələri birləşdirəcək. Yəni söhbət beynəlxalq tranzit dəhlizdən gedir”.
O həmçinin əlavə edib ki, Azərbaycan Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirir:
“Eyni zamanda rəsmi şəkildə bəyan olunub ki, Ermənistan da istəsə, Transqafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq. Zəngəzur dəhlizinin reallaşması Şimal-Cənub dəhlizinin başqa istiqamətinin açılması deməkdir. Belə ki, Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə yolun açılması nəzərdə tutulur”.
Yeri gəlmişkən, Əbu-Dabi görüşündə də müzakirə olunan məsələlərdən biri Zəngəzur dəhlizinin açılması olub,- N.Məmmədova əlavə edib:
“Həmin görüşdə də bir daha Paşinyana izah olunub ki, bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil.
Yəni, dəhlizin açılması Ermənistandan asılıdır. Ya Ermənistan reallığı dərk edib, praktik adımlar atacaq, ya da tranzit ölkəyə çevrilmək şansını tamamilə itirəcək. Bu isə cənab Prezidentin də söylədiyi kimi, Ermənistanın həm də siyasi təcridi olacaq”.