Modern.az

ABŞ Cənubi Qafqazda Rusiyanın təsirini zəiflətmək İSTƏYİR

ABŞ Cənubi Qafqazda Rusiyanın təsirini zəiflətmək İSTƏYİR

Analitika

8 Avqust 2025, 09:59

Vaşinqtonda bu gün baş tutacaq üçtərəfli görüşdən gözləntilər kifayət qədər yüksəkdir. Artıq bu görüşdə imzalanacaq və razılaşdırıla biləcək bir sıra məsələlərin anonsları verilib. Prezident İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə mühüm sazişlər imzalanacaq.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Vaşinqtonda baş tutacaq görüşü Modern.az-a şərh edərkən bildirib ki, Vaşinqton danışıqları gələcəkdə "tarixi görüş" kimi dəyərləndirilə bilər.

O bildirib ki, ən mühüm məsələlərdən biri ATƏT-in Minsk Qrupunun həmsədrlik missiyasından rəsmi olaraq imtina edilməsi ilə bağlıdır:

“Əgər bu qərar qəbul olunarsa, bu, görüşün tarixi əhəmiyyətini daha da artırmış olacaq. Eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin çərçivə sənədi kimi qəbul edilməsi ehtimalı da gündəmdədir. Bu, regionda dayanıqlı sülh və sabitliyin təmin olunmasına ciddi töhfə verə bilər.

Deputat həmçinin qeyd edib ki, digər mühüm məsələ isə Zəngəzur dəhlizi ilə bağlıdır.

“Dəhlizin açılması təkcə region ölkələri üçün deyil, həm də Azərbaycan, Türkiyə və ümumilikdə türk dövlətləri, eləcə də bəzi güc mərkəzləri üçün böyük əhəmiyyət daşıyır. Gözləntilərə görə, ABŞ-ın bir şirkətinin Zəngəzur dəhlizində təhlükəsizlik və nəzarət mexanizmlərini öz üzərinə götürməsi məsələsi razılaşdırıla bilər”.

Millət vəkili onu da əlavə edib ki, ABŞ-Azərbaycan münasibətləri də bu kontekstdə xüsusi diqqətə layiqdir:

“Bayden administrasiyası dövründə iki ölkə arasında müəyyən gərginliklər yaşansa da, Trampın hakimiyyətə qayıdışından sonra münasibətlər daha müsbət məcraya yönəlib. Trampın ikinci prezidentliyi dövründə Azərbaycan Prezidentinə və xalqına ünvanlanan təbrik məktublarında təkcə bayram təbrikləri deyil, həm də Azərbaycanın regiondakı strateji əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Bu, Azərbaycanın regionda artan nüfuzunun ABŞ tərəfindən də qəbul edildiyini göstərir”.

A.Əlizadə eyni zamanda diqqətə çatdırıb ki, ABŞ, Azərbaycanın regional və qlobal miqyasda artan roluna önəm verir, eləcə də gələcək əməkdaşlığın həm siyasi, həm də iqtisadi baxımdan hər iki tərəf üçün faydalı olacağını nəzərə alır:

“Digər bir mühüm məqam isə ondan ibarətdir ki, ABŞ bu proseslərə daha aktiv qoşulmaqla bölgədə Rusiyanın təsir imkanlarını zəiflətmək istəyir. Qeyd etmək lazımdır ki, ABŞ da ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olub. Lakin illər ərzində bu qurum fəaliyyətsizliyi ilə seçilib. İndi isə, xüsusilə Fransa və Rusiyanın prosesdən kənarda qalması fonunda ABŞ-ın bölgəyə təsir imkanları artmaqdadır.

Zəngəzur dəhlizinin açılması və əsas marşrutun Azərbaycan və Türkiyədən keçməsi də Azərbaycanın həm regional, həm də qlobal əhəmiyyətini artıracaq. Bu baxımdan qarşıdan gələn görüş yalnız bu məsələlərin həllinə deyil, həm də bölgədə yeni geosiyasi düzənin formalaşmasına töhfə verə bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir