Modern.az

Tehranla Moskva Vaşinqton görüşünə necə YANAŞIR...

Tehranla Moskva Vaşinqton görüşünə necə YANAŞIR...

Analitika

8 Avqust 2025, 11:12

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakıyla Azərbaycan və Ermənistan liderləri arasında imzalanacaq müxtəlif sənədlərə Moskva və Tehranın reaksiyası necə olacaq?

Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Kreml Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla imzalayacaqları strateji tərəfdaşlıq sazişlərinin əleyhinə çıxa bilməyəcək.

"Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtonda imzalanacaq sazişlərə qarşı açıq-aşkar bəyanat yayması ehtimalı azdır. Çünki, Rusiya Prezidenti Vladimir Putinin özü Ukrayna mövzusuyla bağlı Donald Trampla sıx təmas içindədir və iki liderin yaxınlarda görüş ehtimalı var. Belə vəziyyətdə Rusiyanın ABŞ-ın Cənubi Qafqazda sülh yaratmaq təşəbbüslərinə mane olması Putinin Tramp əleyhinə siyasət yürütməsi anlamına gələr ki, Kreml sahibi buna risk etməyəcək", - o qeyd edib.

Politoloq bildirib ki, buna baxmayaraq, Kreml nəzarətindəki media və şovinist qruplar vasitəsilə ABŞ-la saziş imzalayan Azərbaycan və Ermənistan əleyhinə təbliğatı gücləndirə bilər:

"Eyni ilə Tehran da birbaşa Vaşinqtondakı razılaşmaların əleyhinə çıxmayacaq. Əksinə İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla sıx əlaqələrin tərəfdarıdır. Onun yaxın günlərdə İrəvana da səfəri planlaşdırılır. Tehran bundan başqa Vaşinqtonla dialoq imkanlarını araşdırır. Bu səbəbdən İranın rəsmi qurumları ABŞ-ın Cənubi Qafqazdakı fəallığının əleyhinə çıxmayacaqlar. Buna baxmayaraq, həmişəki kimi İrandakı mühafizəkarlar “sinələrini” qabağa verəcəklər. Bu məqamda mühafizəkarların ilk dəfə Bakı ilə yanaşı İrəvanı da hədəf seçəcəyini proqnozlaşdırmaq olar. Həmin mühafizəkarların Azərbaycanı hədəf almalarına öyrəşmişik. Vaşinqtondakı sənədlərə Ermənistanın baş naziri Nikol Paşinyan da imza atacaq, onun ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsinə razılaşacağı haqqında mülahizələr var. Yəni ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsində Azərbaycanla yanaşı Ermənistan da rol oynayacaq. Bu baxımdan İranın mühafizəkar dairələrinin Paşinyana qarşı da təbliğat kampaniyasına başlaya biləcəyini söyləmək olar.

Vaşinqtondakı razılaşmalara Çinin də reaksiyasi maraqlı olacaq. Çinin Cənubi Qafqaz ölkələrinə yatırımları artmaqdadır. Çin Cənubi Qafqazın hər 3 ölkəsi ilə müxtəlif ortaq layihələr reallaşdırır. Bundan başqa Çinin Azərbaycan üzərindən yük daşımaları artıb. Əgər Nikol Paşinyan ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi təklifinə razılaşarsa, Pekinin buna reaksiyası necə olacaq? Əlbəttə, Çin ona adi olmayan mövzuya qarışmamağa üstünlük verəcək. Ancaq məsələ burasındadır ki, Çin gələcəkdə Zəngəzur dəhlizindən istifadə etməyi planlaşdırırdı. Əgər dəhlizin Ermənistan hissəsinə ABŞ şirkəti nəzarət edərsə, Pekin Vaşinqtonun simasında rəqibinin Çindən çıxan yüklərə nəzarət etməsinə razılaşarmı? Əslində bunun da həll yolu var. Çin Zəngəzur dəhlizindən ehtiyat edərsə, yüklərini indiki kimi Bakı-Tbilisi-Qars dəmiryolu ilə və ya tikintisi sürətlə davam edən İrandan keçəcək Araz dəhlizindən istifadə edə bilər", - Elxan Şahinoğlu vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir