Modern.az

Vaşinqtonda tarixi görüş - Rusiya Cənubi Qafqazdan ÇIXARILIR

Vaşinqtonda tarixi görüş - Rusiya Cənubi Qafqazdan ÇIXARILIR

Analitika

8 Avqust 2025, 14:34

Bu gün gecə saatlarında Vaşinqtonda Cənubi Qafqazın gələcəyi üçün mühüm görüş baş tutacaq. ABŞ Prezidenti Donald Tramp əvvəlcə Ermənistan Baş naziri Nikol Paşinyanla, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Ardınca üçtərəfli görüş baş tutacaq.

Görüşlər çərçivəsində bir sıra tarixi sənədlərin imzalanması gözlənilir. Bunlara Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamə, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik və sair daxildir.

Bəzi ekspertlər Cənubi Qafqazda ABŞ-nin rolunun güclənməsini Rusiyanın bölgədə təsir imkanlarının zəifləməsi kimi şərh edib.

Modern.az-a açıqlamasında Ukraynadan olan politoloq Valeriy Dimov deyir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin məhz ABŞ-da imzalanmasının regional və beynəlxalq siyasət baxımından əhəmiyyəti çox böyükdür.

Rusiya tədricən Cənubi Qafqazdan çıxarılır

"Biz artıq Cənubi Qafqazda Rusiya bayrağının olmadığını gördük. Deməli, o bayraq bir daha qaldırılmayacaq. Bu, tarixi baxımdan və beynəlxalq hüququn necə işlədiyini göstərən mühüm hadisədir.

Bəs niyə məhz ABŞ? Çünki əgər beynəlxalq institutlar işləsəydi, bu rolu onlar oynayardı. Amma bu gün həmin mexanizmlər işləmir. BMT kimi platformalarda, o cümlədən Minsk qrupunda vəziyyətin niyə dalana dirəndiyi aydındır. Əslində bu institutlar çoxdan Rusiyanın təsirinə düşmüşdü. Rusiya SSRİ-nin varisi kimi BMT Təhlükəsizlik Şurasında veto hüququ əldə edib və bu onun əlində siyasi iradəni boğan alətə çevrilib. Bu, ümumiyyətlə beynəlxalq institutların nüfuzdan düşməsi ilə bağlıdır. Belə şəraitdə yeni reallıqlar yalnız resurs, güc və siyasi iradə ilə formalaşır", - o qeyd edib.

Politoloqun sözlərinə görə, Ukrayna müharibəsi nəticəsində Rusiya tədricən Cənubi Qafqazdan çıxarılır:

"Kremlin İran, Türkiyə və Rusiya formatında imzaladığı razılaşmalar artıq kağız üzərində qalıb. Reallıqda budur ki, həmin razılaşmalar Cənubi Qafqaz ölkələri- Azərbaycan, Gürcüstan və Ermənistan üçün heç bir real nəticə verməyib. Nəticədə, Çin–Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa istiqamətində tranzit daşımaları təmin edə biləcək “Orta Dəhliz” layihələri, həmçinin Rusiya tərəfindən təşviq edilən “Şimal–Cənub” nəqliyyat marşrutu iflic vəziyyətinə düşüb. 

İndi isə Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması nəticəsində “qırmızı xətlərin” haradan keçəcəyini müəyyənləşdiriləcək. Bu isə həm regional, həm də qlobal güc balansında ciddi dəyişiklik deməkdir.

Zəngəzur dəhlizi kimi önəmli nəqliyyat xəttində, artıq Rusiyasız reallıqlar formalaşır. Mənim fikrimcə və inamıma görə, Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşmanın əsas məğzi həmin dəhlizdə beynəlxalq nüfuza malik, ədalətli bir “hakimin” iştirakı olacaq ki, bu da müharibəyə son qoyacaq".

Rusiya artıq təxribat törətmək gücündə deyil

Dimov bildirib ki, Rusiya illərdir öz maraqları naminə orada daim təhlükə mənbəyi yaratmağa, gərginliyi qoruyub saxlamağa, təxribatlara əl atmağa çalışırdı:

"Bu gün Rusiya artıq belə təxribatlar törətmək gücündə deyil. Oraya isə ABŞ öz “sülh və rifah marşrutu” ilə daxil olur. Rusiyanın yerinə artıq onun sərhəd xidməti də yox, ABŞ-nin təsir imkanları gəlir. Vaxtilə Rusiya yük maşınlarını yoxlayaraq, ticarətin şərtlərini diktə edirdi, halbuki bu, heç vaxt onun səlahiyyətində olmamalı idi. Ermənistanla Azərbaycan arasında süni şəkildə yaradılmış problemlərin çoxu məhz Rusiyanın təxribatlarından qaynaqlanırdı.

Bu gün isə regionda təhlükəsizlik, həm regional, həm də beynəlxalq miqyasda yeni məzmun kəsb edir. Rusiya daim orada bir “vakum” saxlayaraq, münaqişələri diri tutmaqla, tərəfləri özündən asılı vəziyyətdə saxlamağa çalışırdı. İndi isə Rusiya təsir dairəsini, konflikt mənbəyi olan bütün sferalarını itirir. Buna görə də hesab edirəm ki, belə bir sülh sazişinin məhz ABŞ-da imzalanması məntiqli və məqsədəuyğundur. ABŞ bu gün mövcud şəraitin formalaşdırdığı şərtlərə zəmanət verə biləcək yeganə qüvvədir.

Xüsusilə də Ermənistanda bir ildən sonra keçiriləcək seçkilər fonunda, məsələn, Sünik (Zəngəzur  - red.) vilayəti ilə bağlı razılaşmaların əldə olunması orada nizamın bərpa edilməsi və bu sazişlərin legitimliyi mühüm amildir. Busazişlər Rusiyanın üçüncü tərəf kimi provokasiyalar törədərək sülhü pozmasının qarşısını 100 faiz təmin edə bilər.

Bütün bunlar regional siyasət, regional təhlükəsizlik və beynəlxalq sülh üçün böyük əhəmiyyət daşıyır. Çünki Rusiya beynəlxalq hüququ pozmaqda davam etdiyi bir zamanda yeni təhlükəsizlik arxitekturası formalaşır. Bu proses Cənubi Qafqazda sülhün bərqərar olması üçün real imkanlar yaradır.

Nəhayət, hətta uzun illər davam edən münaqişələrin də həlli üçün zəmin formalaşır. Beynəlxalq münasibətlər sisteminin işləmədiyi, problemləri həll etməli olan ölkənin əksinə, problemin bir hissəsinə çevrildiyi bir şəraitdə, mövcud təhlükəsizlik sistemi yenidən qurulur. Rusiya isə qlobal münaqişənin başlıca səbəbkarı və mənbəyi kimi zəiflədikcə, bu təsir dairəsindən çıxarılır", - ukraynalı politoloq əlavə edib.

O deyir ki, bu gün artıq Rusiyanın əvvəllər blokladığı Transxəzər marşrutlarının açılması imkanı mövcuddur:

"İndi Rusiyanın təsirinə baxmadan və Trampın dəstəyi ilə Azərbaycanla razılaşmalar əldə etmək mümkündür. Söhbət Cənubi Qafqaz ölkələrinin, xüsusən Azərbaycanın neft-qaz potensialından və həmin ehtiyatların Avropaya çatdırılması üçün logistika imkanlarından gedir. Artıq Qazaxıstan da Azərbaycanla əməkdaşlıq edərək Bakı–Tbilisi–Ceyhan kəməri vasitəsilə yeni nəqliyyat imkanlarını reallaşdırmaq üzərində işləyir. Bu, Rusiyanın nəzarət etdiyi marşrutlara alternativdir və Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya çıxışını təmin edə bilər.

Əvvəllər Rusiya bu ölkələrin ticarət, xüsusən də neft-qaz ixrac imkanlarını məhdudlaşdırırdı. İndi isə Ukrayna müharibəsi nəticəsində Rusiya zəiflədiyi üçün artıq əvvəlki kimi reaksiya verə bilmir. Vaxtilə Putin belə şəraitdə mütləq hansısa provokasiya təşkil edərdi, amma indi resurs çatışmazlığı buna imkan vermir. Bir vaxtlar “yaxın xaric” adlanan regionlarda Rusiyanın əsas təsir aləti olan bu mexanizmlər artıq işləmir.

Rusiya əvvəllər “Orta Dəhliz” adlanan nəqliyyat marşrutlarını, həmçinin Xəzər dənizi üzərindən keçən enerji infrastrukturunu, xüsusən də kəmər layihələrini bloklayırdı. Bunu çox vaxt İranla birgə edirdi. Məqsəd Cənubi Qafqaz və Türkiyənin Mərkəzi Asiyaya çıxışını məhdudlaşdırmaq idi. Bu gün isə həmin blokadalar zəifləyir və alternativ nəqliyyat və enerji marşrutlarının gerçəkləşməsi üçün real imkanlar yaranır.

Rusiya, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini bu blokadalarla sıxışdıraraq onların iqtisadi və siyasi manevr imkanlarını məhdudlaşdırırdı. Bu proses nəticəsində marşrutlar ya bağlanır, ya da Rusiyanın nəzarətində qalırdı. Moskva həmişə münaqişələrin mövcud olmasında maraqlı olub: əgər münaqişə varsa və o, təxribat yolu ilə dərinləşdirilibsə, həmin dövlətlər problemi həll etmək üçün Rusiyaya müraciət etməyə məcbur qalırdılar.

Bu mənada Rusiya özü həm münaqişələrin mənbəyi, həm də “vasitəçi” rolunda çıxış edirdi. Bu yanaşma hələ Sovet İttifaqının yaranmasından mövcud idi. Xatırladım ki, SSRİ-nin qurucularından biri olan Stalin millətlər məsələsinə cavabdeh xalq komissarı kimi daha o zaman gələcəkdə istifadə olunacaq etnik-siyasi münaqişələrin təməlini qoymuşdu. Yəni konflikt ocaqları əvvəlcədən planlı şəkildə yaradılmışdı.

Sovetlər dövründə təməli atılan bu problemlər sonradan açıq şəkildə Moskvanın təxribat vasitəsinə çevrildi. Məqsəd, həmin ölkələrin beynəlxalq səviyyədə başqa güclərə deyil, məhz Rusiyaya müraciət etməsi idi. Bu gün isə vəziyyət dəyişib dövlətlər, xüsusilə də Azərbaycan öz siyasətini yürüdür".

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir