Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında görüş keçirilib. Görüş zamanı sülh sazişinin mətni paraflanıb və Minsk Qrupunun ləğvi barədə sənədlər imzalanıb.
Görüşdən sonra Prezident İlham Əliyev yerdə qalan məsələlərin - konstitusiyaya dəyişikliyin və yekun sülh sazişinin imzalanmasınən yubadılmamalı olduğunu vurğulayıb.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Vaşinqton razılaşmalarından sonra həmin o razılaşmadakı bəndlərin yerinə yetirilməsinin sürətlənməsi əhəmiyyətlidir:
“Çünki prosesə mane olmaq, Cənubi Qafqazı, Ermənistanı qarışdırmaq istəyən qüvvələr ola bilər. Əlbəttə, bu, geridönüşü olmayan prosesdir. Amma indi Ermənistan Konstitusiyasına dəyişiklik olmalıdır. Zəngəzur dəhlizini inşa edəcək konsersum yaradılmalıdır. Bunlar çox ciddi məsələlərdir. Bunu əslində Paşinyan etməlidir. İki tələbədən biri yerinə yetirildi, Minsk qrupu ləğv edildi. Konstitusiya dəyişikliyi yekun sülh sazişi üçün zəruridir. Paşinyan bunun parlament seçkilərindən sonra iyunda olacağını deyir. Lakin bu çox böyük vaxtdır. Ermənistana qarşı Rusiya və İrandakı müxtəlif qüvvələr təxribatçı çalışmalar həyata keçirə bilər. Paşinyan nə qədər ki reytinqi var, parlament seçkilərini qabağa çəkib, konstitusiya dəyişikliklərini sürətləndirə bilər ki, sülh sazişi imzalansın, Türkiyə və Azərbaycanla sərhədlər açılsın və bundan Ermənistan qazansın. Top Paşinyanın meydanındadır. Paşinyan bu məsələləri sürətlə həll etməlidir”.
Politoloq vurğulayıb ki, bu baxımdan Azərbaycandan asılı olan məsələ yoxdur:
“Çünki dəhlizin çəkilməsi də Ermənistandan asılıdır. Vaxt keçdikcə anti-Azərbaycan, anti-Paşinyançı qüvvələr istənilən təxribatları həyata keçirə bilər. Artıq təxribatçı açıqlamaların sayı da artır. Ermənistandakı radikallar, Moskva və Tehrandakı müxtəlif təxribatçı qüvvələr artıq Vaşinqton razılaşmasının əleyhinə açıqlamalar verməyə başlayıblar”.