Modern.az

Türkiyə-Ermənistan sərhədinin açılma vaxtı bəyan edildi

Türkiyə-Ermənistan sərhədinin açılma vaxtı bəyan edildi

Analitika

11 Avqust 2025, 13:52

Avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında tarixi görüş baş tutub. Görüş zamanı tərəflər sülh sazişinin mətnini paraflayıb, Minsk qrupunun ləğv edilməsi və Zəngəzur dəhlizinin açılması kimi məsələlərdə razılığa gəliblər. Bu razılaşmalar Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətirib. İki ölkə arasındakı sərhəd nə zaman açılacaq?

Türkiyə-Azərbaycan dostluq qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Şamil Ayrım Modern.az-a bildirib ki, Vaşinqton razılaşması vacibdir:

“Əvvəla Vaşinqton razılaşması xeyirli olsun. Çünki bu, vacib anlaşmadır. Məlum olduğu kimi, Azərbaycanın sülh üçün Ermənistanın qarşısına qoyduğu iki əsas tələbi vardı. Bu tələblərdən biri Minsk qrupunun ləğv edilməsi, digəri Ermənistan konstitusiyasının dəyişdirilməsiydi. Minsk qrupu ilə bağlı Azərbaycanla Ermənistan ortaq sənəd imzaladılar. Bu, ATƏT-ə təqdim olunacaq. Lakin Ermənistan konstitusiyasına dəyişikliklə bağlı məsələ 2026 və ya 2027-ci ildə reallaşacaq. Cənab Prezident İlham Əliyev də jurnalistlərə açıqlamasında Ermənistanın atmalı olduğu addımlardan bəhs etmişdi. İstər Şuşa bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə qalxan münasibtələrimiz, istərsə də ondan sonrakı irəliləyişlər məlumdur. Təbii ki, II Qarabağ Müharibəsi zamanı və ondan sonrakı müddətdə Türkiyə Azərbaycanın yanında dik durdu. Regiona qalıcı sülhün gəlməsi üçün 2020-ci ilin dekabr ayında cənab İlham Əliyevlə cənab Rəcəp Tayyip Ərdoğan “3+3” formatını irəli sürdülər. Təəssüf ki, bu format arzu edildiyi kimi işləmədi. Bunun üstündən 4-5 il keçib və artıq ABŞ-də qalıcı sülh razılaşması paraflandı”.

Deputatın fikrincə, Türkiyə ilə Ermənistan arasında sərhədlər Zəngəzur dəhlizinin faktiki fəaliyyətə başlaması ilə açılacaq:

“Hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Bu razılaşmaya görə Rusiyanın, İranın narahatlığı var. Rusiya əvvəl proseslərin içərisindəydisə, indi kənarda qalıb. İran isə Zəngəzur dəhlizinin açılmasını heç istəmir. Hazırda qalıcı sülhün əldə olunması üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir. Konstitusiya ilə bağlı dəyişiklik, təbii ki, Türkiyəni də yaxından maraqlandırır. Çünki konstitusiyada “Qarabağ Ermənistandır” deyə ifadə var. Eyni zamanda burada Türkiyənin şərq vilayətləri ilə bağlı da iddialar mövcuddur. Bu da aradan qalxacaq. Bütün bunlar baş tutduqda düşünürəm ki, sərhədlər də açılar. Zəngəzur dəhlizinin ardından konstitusiya dəyişikliyini də görəcəyik. İnşallah, Türkiyəmiz, Azərbaycanımız üçün xeyirli olar”.

Türkiyə Böyük Millət Məclisinin digər deputatı Yıldırım Tuğrul qeyd edib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması indi də gündəmə gələ bilər:

“Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının səbəbi Azərbaycan torpaqlarının bu ölkə tətəfindən işğalı ilə bağlıydı. Türkiyənin Ermənistanla başqa problemi yox idi. Qardaş Azərbaycanın torpaqlarını işğal edən ölkəyə sərhədləri açıb istədiyin kimi gəl-get demək mümkün deyil. İndi Vaşinqtondakı razılaşma çox önəmlidir. Cənab İlham Əliyevin görüş sonrası açıqlamalarına da baxdım, çox vacib idi. Ermənistanın konstitusiyasındakı düşmənlik maddələrinin qaldırılması lazımdır. İlk addım bu olacaq. Ermənistan lazımi addımları atdıqdan sonra Türkiyə də Azərbaycanla koordinasiyalı olaraq sərhədləri açar. Bir problem yoxdur”.   

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza