Modern.az

Trampla Putin Zəngəzur dəhlizini də müzakirə edəcək Rus politoloq

Trampla Putin Zəngəzur dəhlizini də müzakirə edəcək - Rus politoloq

Analitika

11 Avqust 2025, 15:04

Avqustun 15-də Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp görüşəcək. Görüşün ABŞ-ın Alyaska ştatında baş tutacağı, Ukrayna müharibəsi və ikili münasibətlərin müzakirə olunacağı gözlənilir.  

Liderlər arasındakı danışıqlarda Zəngəzur dəhlizi ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu") ilə bağlı məsələnin də müzakirə edilə biləcəyi mümkündür.

Mövzu ilə əlaqədar rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Modern.az-a açıqlama verib.

O da qeyd edib ki, Putinlə Trampın görüşündə böyük ehtimalla Zəngəzur dəhlizi də müzakirə olunacaq:

"Hesab edirəm ki, bir sıra digər məsələlərlə yanaşı, Zəngəzur dəhlizi də müzakirə olunacaq. Birinci məsələ Ukraynada atəşkəs və ya sülh üçün format, ikinci məsələ Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərin bərpası olacaq. Üçüncü məsələ isə Rusiya xalqı və bütün xalqlar üçün vacib olan nüvə müharibəsi təhlükəsilə bağlı ola bilər. Çünki təhlükəyə doğru sürüşmənin qarşısını almaq üçün nüvə silahları sahəsində təhlükəsizlik sistemlərininin gücləndirilməsi çox vacibdir". 


Zəngəzur dəhlizi məsələsinə toxunan Sergey Markov deyib:

"Məlumdur ki, dəhliz Rusiya sərhədçiləri tərəfindən idarə edilməli idi. İndi isə Ermənistan dəhlizin ABŞ-a verilməsi ilə bağlı müqavilə imzalayıb, lakin Rusiya dəhlizin işləməsində maraqlıdır. Çünki bu dəhliz Rusiyanı ABŞ-ın əsas tərəfdaşlarından biri olan Türkiyəyə bağlayan quru körpü rolunu oynaya bilər".

Ekspert vurğulayıb ki, Ermənistan Rusiyanın əsas rol oynadığı ərazidir:

"Ermənistan indi açıq-aydın Qərbə doğru gedir. Tramp və Putin Ermənistana görə bir-birilə mübahisə etməməkdə maraqlıdırlar. Onlar Zəngəzurda maraqlarını əlaqələndirməyə çalışa bilərlər. Dəhliz Rusiya sərhədçilərinin olduğu ərazidən keçir, buna görə də orada Rusiya üçün münasibətləri tənzimləmək lazımdır. Bundan əlavə, Rusiya Ermənistan ərazisində Amerika hərbi bazasının olmamasında maraqlıdır. Hətta bu baza formal olsa belə. Çünki Rusiyanın Gümrüdə bazası var və bununla yanaşı, Ermənistanda Amerika hərbi bazasının da yaradılması Rusiya və ABŞ hərbçiləri arasında münaqişəyə səbəb ola bilər. Ona görə də, bu məsələnin əvvəlcədən həll edilməsi arzuolunandır.

Rusiya Amerikanın mövcudluğunu əngəlləyə bilməz. Görünür, maraqlar toqquşur, lakin Rusiya ilə ABŞ arasında dəhlizlə bağlı birbaşa münaqişə yoxdur, çünki qərar artıq qəbul edilib".

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza