İrandakı mühafizəkar dairələr Ermənistanla Azərbaycan arasındakı Vaşinqton razılaşmasının əleyhinə çıxırlar. Mühafizəkarların əsas təmsilçilərindən biri, ali lider Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Vaşinqton razılaşmasını qəbul edən tərəfləri hədələyib. Vilayətinin sözlərinə görə, guya İran Vaşinqton razılaşmasının Zəngəzur dəhlizi ilə bağlı bəndinin yerinə yetirilməsinə imkan verməyəcək. Ancaq Vilayəti bu prosesə İranın necə mane olacağını izah edə bilməyib.
Modern.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli bildirib ki, İran ziddiyyətlər ölkəsidir və bu ziddiyyətlər Məsud Pezeşkianın prezident seçilməsindən sonra bir az da artıb:
“İranda müxtəlif vəzifəli şəxslər Zəngəzur dəhlizi əleyhinə bəyanatlar verirlər. İllərlə İran tərəfi “bu, bizim "qırmızı xətt"imizdir, ona imkan verməyəcəyik" deyirlər. Əvvəla Zəngəzur dəhlizinin İranın “qırmızı xətt”i elan etmələri çox əsassızdır, yanlışdır. İranda da ictimai fikri aldadırlar, deyirlər ki, dəhlizin açılması Ermənistanla birbaşa əlaqələrinin kəsilməsi deməkdir. Bu, əsassız fikirdir. Ermənistanla əlaqələr yenə də olacaq. Bunları qorxudan Türk dünyası arasında yeni yolun çəkilməsidir. Yəni Bakı-Tbilisi-Qarsdan əlavə bir dənə də yolun istifadəyə verilməsi onların yuxusunu ərşə çəkib. Məsələ ondadır ki, İran Azərbaycanla razılığa gəlib və Naxçıvana Arazboyu yolun açılmasına icazə verib, razılığını da bildirib. Çünki oradan xeyir götürəcək. Bu yolların diverfikasiya olunması çox önəmlidir. Çünki çox böyük yük daşımaları olacaq. O tutum nə qədər genişlənsə, bir o qədər yaxşı olar. Vilayətini mən tanıyıram. Tehranda işlədiyimiz vaxt o xarici işlər naziri idi. O vaxt bu qədər aqressiv deyildi, daha yumşaq danışırdı. Amma hər söhbətində inanırdım ki, bu fars şovinistidir, türklərə, türk dünyasına nifrəti var. Ona görə Vilayətinin bu çıxışını emosional, əsassız hesab edirəm”.
Nəsib Nəsibli Vilayəti və onun kimi düşünənlərə çağırış edib:
“Bu iddialar əsassızdır. Bu adamlar Türk dünyasının bütövləşməsini istəmir. Ümumiyyətlə, dünya ticarət yolunun genişlənməsinə qarşı çıxmaq məntiqsiz işdir. Bu məntiqsiz bəyanatların da heç bir gələcəyi yoxdur, havadan asılı qalacaq”.