Avqustun 8-də Vaşinqton görüşündə Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə sülh sazişinin mətnini paraflayıb. 17 bənddən ibarət olan sənəd ötən gün Xarici İşlər Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanıb.
Sənəddə deyilir ki, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər: "Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər".
Beləliklə, sənədə əsasən Azərbaycanla Ermənistan sərhədində Avropa Birliyinin Müşahidə Missiyasının fəaliyyətinin dayandırılması, eləcə də başqa ölkənin hərbçilərinin yerləşdirilməsi dayandırılacaq.
"Sərhəddə Avropa Birliyinin Müşahidə Missiyasını görməyəcəyik"
Modern.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Avropa Birliyinin Müşahidə Missiyası ilə bağlı elə bir problem yoxdur:
"Sadəcə, ola bilsin onun statusu qarşılıqlı razılaşma çərçivəsində həll olunacaq. Yəni Ermənistan və Avropa Birliyi arasında bu qüvvələrin statusunun dəyişməsi ilə bağlı məsələ həll olunacaq. Azərbaycanla sərhəddə biz müşahidə missiyasını görməyəcəyik. Ancaq ola bilsin ki, müşahidə missiyası Ermənistanda qalmaqda və hansısa missiyanı yerinə yetirməkdə bir müddət davam edəcək. Yəni bu, bilavasitə Ermənistanın təhlükəsizliyi ilə bağlı olan məsələdir".
"Yaxın prespektivdə Ermənistandan Rusiyanın hərbi bazasının çıxarılması gündəm olmayacaq"
N.Miri qeyd edib ki, yaxın prespektivdə Ermənistan 102 nömrəli Gümrü bazasının çıxarılması gündəm olmayacaq:
"Rusiya hərbi bazasının çıxarılmasına gəldikdə, bu məsələ düşsnürəm ki, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişində özünü ehtiva etmir. Çünki rus qoşunları Azərbaycanla Ermənistan sərhədində mövcud deyil. Artıq bu məsələ xeyli zamandır ki, həll olunub. Ermənistanın istəyi ilə iki ölkə arasındakı sərhəddə mövcud olan rus əsgərləri bu ərazidən çıxarılıb. Ona görə də bu məsələ sülh sənədinin predmeti deyil. Yaxın prespektivdə Ermənistan 102 nömrəli Gümrü bazasının çıxarılması gündəm olmayacaq. Çünki bu həssas məsələdir. Ermənistan hər sahə üzrə təhlükəsizliyini təmin etməyincə düşünürəm ki, bu məsələ gündəmə gəlməyəcək.