Alyaskada Tramp xoşbəxt başladı, qəmli ayrıldı, Putin gülümsədi
Donald Tramp və Vladimir Putin Alyaskada görüşdülər. Diqqətlə baxanda görüş iki liderin dialoqu kimi görünmürdü. Daha çox qlobal siyasətin teatr səhnəsini xatırladırdı.
Tramp görüşə optimist gəldi, amma ayrılarkən qəmli görünürdü. Putin isə Trampın qırıcı təyyarələrinin uçuşunu gülə-gülə izləyirdi. Bu, psixoloji üstünlüyün Kremlə keçdiyini göstərdi.
Əsas sual: bu, Tramp və Putin görüşü idi, yoxsa ABŞ ilə Rusiya?
Əslində görünən odur ki, şəxsi xarakterlər və dövlət maraqları biri-birinə qarışdı. ABŞ öz gücünü nümayiş etdirmək, Rusiya isə təcriddən çıxmaq istəyirdi. Liderlərin şəxsi psixologiyası dövlətlərin strategiyasına kölgə saldı. Görüşün fonunda isə iki nəhəng gücün qlobal rolu daha aydın göründü.
Alyaska danışıqlarının ən qaranlıq mövzusu nüvə silahları idi. Putin bu kartı daim əlində saxlayır, Tramp isə “təhlükəni danışıqlarla azaltmaq” görüntüsü yaratmağa çalışırdı. Heç bir tərəf atom arsenalından imtina etməyi düşünmür. Dünya yenə də atom balansının əsiri olaraq qalır. Bu, beynəlxalq təhlükəsizliyin ən böyük dilemmasıdır. Və Putin söz sahibi rolundadır.
Tramp ABŞ iqtisadiyyatına və seçici dəstəyinə arxayındır. Putin isə ordusuna, nüvə arsenalına və Çinlə yaxınlaşmaya söykənir. Hər iki liderin dayaqları fərqlidir, amma ortaq cəhət var, hər ikisi güclə danışır.
Qəribəsi və həm də gözləniləni o idi ki, masada tərəfdaşlıqdan çox qarşılıqlı şübhə hiss olunurdu. Bu isə bəribaşdan da, sonda da dialoqun nəticələrini zəiflətdi.
Avropa görüşün kənarında qaldı və öz yoxluğunu ciddi şəkildə hiss etdirdi. Çin isə masada oturmadan ən böyük müşahidəçi idi. Pekin üçün ABŞ–Rusiya yaxınlaşması riskdir. Ona görə də Çin hər addımı diqqətlə izləyirdi. Avropa passiv izləyici, Çin isə həlledici gözləyən rolunda göründü.
Və hiss olunur ki, Avropa bundan sonra da Ukrayna kartını gücləndirməkdən başqa yol seçə bilməyəcək.
Görüş yerinin Alyaska seçilməsi tarixi ironiyadır. Bu torpaq vaxtilə Rusiyaya məxsus idi, sonradan ABŞ-a satıldı. İndi həmin məkanda iki gücün liderləri masaya oturdu. ABŞ üçün bu “meydan mənimdir” mesajıdır. Rusiya üçün isə satılmış torpağa tərəf-müqabil kimi dönüş. Alyaska həm coğrafi, həm də siyasi simvola çevrildi.
Və analitiklər Alyaskanın yaxın gələcəkdə ABŞ Rusiya qarşıdurmasında əsas səbəb olacağını göstərirlər.
Çünki Putinin məhz Alyaskada görüşə razılıq verməsi diplomatiyada Trampın uduşu deyil.
Tramp Putini qarşılamağa xoşbəxt gəldi, amma qəmli ayrıldı. Bəlkə də bu, itirilmiş ümidlərin işarəsidir. Putin isə görüşdən sonra gülümsədi. Kreml isə islanmışın yağışdan nə qorxusu məsəli kimi özünü qalib sayır.
Amma əslində qlobal nəticə əldə olunmadı. Dünya yenə qeyri-müəyyənlik içində qaldı. Qalib görüntüsü Putinə, itkilər isə Trampa yazıldı.
Bu görüş dünya üçün real ümid gətirmədi. Nə sülhün, nə də təhlükəsizliyin qarantiyası verildi. Əksinə, böyük güclərin maraqları xalqların taleyindən üstün tutuldu.
Bəli, zəiflər masaya çağırılmır. Ona görə Bakı güclü qalmaqla öz oyununu özü yazmalıdır. Alyaska görüşü isə hələlik yeni qeyri-müəyyənlik vəd edir.
Amma xeyli suallar var ki, ona cavab tapmaq xeyli çətindir
Tramp ağıllıdır, Putin?
Tramp güclüdür, Putin?
Tramp ciddidir, Putin?
Tramp güvənlidir, Putin?
Cavabları görüşün hadisələrə necə təsir edəcəyində biləcəyik.
Modern Analitik və Təhlil Qrupu