8 avqust Vaşinqton görüşündən sonra bir sıra məsələlər gündəmə gəlib. Diqqətçəkən məqamlardan biri də Azərbaycan-Türkiyə-Ermənistan üçtərəfli formatının yaradılması ilə bağlıdır. Bəziləri buun önəmli olduğunu və siyasi baxımdan müəyyən irəliləyişlərin əldə olunmasına gətirib çıxaracağını düşünür.
Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə-Azərbaycan-Ermənistan üçtərəfli formatı yaradıla bilər:
“Türkiyə-Azərbaycan-Ermənistan üçtərəfli fomratının yaradılmasında, mənim üçün fayda var. Zatən, artıq Azərbaycanla Ermənistan sülh sazişinin mətni paraflanıb. Dialoq, sülh quruculuğu işlərinə başlanılıb. Üstəgəl Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə ilə də dialoqu var.
Baş nazir Türkiyəyə səfər etmiş, burada prezident Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Türkiyə ilə münasibətlərin normallaşması prosesinə start verilib. Düzdür, Türkiyə ilə sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması üçün gərək Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasın. Düşünürəm ki, bu olmadan da Ankara-Bakı-İrəvan arasında təmasların genişlənməsi, dialoqun formalaşmasına üçtərəfli formatın müsbət təsiri ola bilər”.
Politoloq vurğulayıb ki, Türkiyə ilə Azərbaycan onsuz da başqa üçtərəfli formatlarda da iştirak edir:
“Misal üçün Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan formatları da var. Yeni bir format-Azərbaycan-Türkiyə-Ermənistan formatı da yarana bilər. Bu da həm də Azərbaycanla Türkiyəyə imkan verər ki, Rusiya və İrandakı şovinist dairələrin bölgəyə və Ermənistana təsir imkanları azalsın”.