Dövlət başçısı İlham Əliyev bu gün Türkmənistana səfər edib. O, bu ölkənin Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşüb. Bundan əvvəl Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının sammitinə Qurbanqulu Berdiməhəmmədov da dəvət edilib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı dövlət başçılarının sammiti 6–7 oktyabr tarixlərində Qəbələ şəhərində keçiriləcək.
Milli Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası İşçi Qrupunun sədri Tənzilə Rüstəmxanlı Modern.az-a bildirib ki, Türk Dövlətləri Təşkilatının aktkiv fəaliyyətinin bir səbəbi də quruma Azərbaycanın liderlik etməsidir:
“Əlbəttə, bu, cənab Prezidentin təşəbbüsü ilə ciddi məsələdir. Türk dövlətlərinin həm iqtisadi, həm siyasi əlaqələrinin güclənməsində Azərbaycan ən önəmli söz sahiblərindən biridir. Türkmənistan həm Türkiyəyə, həm də Azərbaycana məsafəliydi. 30 ildən artıq bir vaxtda soyuq siyasi münasibətlər mövcud idi. Deyim ki, "soyuq savaş” gedirdi. Amma Azərbaycan Prezidentinin münasibəti, Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfər etməsi, onun burada yüksək səviyyədə qəbulu, işğaldan azad olunmuş Qarabağ torpaqlarına getməsi və Milli Məclisdə olması münasibətlərdə dönüş nöqtəsi oldu.
Parlamentin spikeri hörmətli Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə Azərbaycan və Türkmənistan xalqlarının bir-birinin mənfəətlərinə uyğun şəkildə davranmasının, xarici siyasətdə bir-birimizi müdafiə etmənin önəmindən danışdı və bunun mümkünlüyündən bəhs etdi. Köklərimizin eyni olduğunu vurğuladı. Mən də həmin görüşdə iştirk edirdim. Berdiməhəmmədov da eyni sözləri dilə gətirdi.
Əlbəttə, bütün təşəbbüslərin səbəbi cənab Prezidentin bu yöndə israrlı və cəsarətli addımları, özəlliklə də, Qarabağın azad olunmasından sonra bu məsələlərə diqqət ayırmasıdır.
Cənab İlham Əliyevin bu səfəri gözlənilən idi. Mənim böyük ümidlərim var. Bir az gözləyək. Səfərin artıq ilkin müjdəsi gəldi. Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatınımn Qəbələdə keçiriləcək növbəti toplantısına dəvət olunub. O iştirak etmək qərarını veribsə, bu əmin olun ki, irəliyə doğru böyük addım olacaq. Bir daha deyirəm ki, əmin olun, bütün bunlar cənab Prezidentin xidmətidir. Bunlar hamısı böyük addımlardır. Bu, həm Türk Dövlətləri Təşkilatının irəliyə doğru fəaliyyətinə, həm də Türkmənistanla Azərbaycan arasında birgə siyasi və iqtisadi əməkdaşlığa çox ciddi töhfələrini verəcək. Mən buna çox ümidvaram, çünki Türkmənistan səfiri ilə də də görüşmüşəm. Bu münasibətlərin inkişafı ilə bağlı onunla çox ciddi söhbətimiz olub. Yəni indiyə qədər atılmayan addımlar atılıb. Çox ciddi və gözəl nəticələrin olacağını düşünürəm”.
T. Rüstəmxanlı Türkmənistanın da TDT-yə tam üzvlüklə bağlı qərar verəcəyini deyib:
“Heç nəyi vaxtından əvvəl tələsdirmək lazım deyil. Bunu Türkmənistanın özünün qərarına buraxmaq lazımdır. Mən əminəm ki, Türkmənistan o qərarı verəcək. Toplantılarda iştirak etsin, görsün. Berdiməhəmmədovun tədbirdə iştirakı böyük hadisədir, bunu anlamaq lazımdır”.