Modern.az

Pakistan Ermənistanla diplomatik münasibət qurur - Azərbaycan nə deyir?

Pakistan Ermənistanla diplomatik münasibət qurur - Azərbaycan nə deyir?

Analitika

1 Sentyabr 2025, 14:43

Ermənistan-Pakistan münasibətlərində yeni səhifə açılıb. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Pakistan İslam Respublikasının baş nazirinin müavini - xarici işlər naziri Məhəmməd İshaq Dar diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar.

Azərbaycanın ən yaxın müttəfiqlərindən olan Pakistanın Ermənistanla diplomatik münasibətləri bərpa etməsi şübhəsiz ki, diqqətçəkən məqamdır. Azərbaycanın buna baxışının necə olması da həmçinin vacib nüansdır.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin olmamasının əsas səbəblərindən biri də Ermənistanla Azərbaycan arasında müharibə, münaqişə, Qarabağ məsələsinin olması idi:

“Lakin bu gün hətta Ali Baş Komandan İlham Əliyev səviyyəsində bəyanat verildi ki, sülhün bərqərar olması istiqamətində ciddi addımlar atılır və Ermənistanla Azərbaycan arasında münaqişə bitib. Məhz bundan sonra Ermənistanla Pakistan arasında diplomatik münasibətlər qurula bilər. Bu, hər bir dövlətin öz daxili və xarici siyasətidir. Düşünürəm ki, əsas məqam Ermənistanla Hindistan arasındakı münasibət və Hindistanla Pakistan arasında olan gərginliklə bağlanmalıdır. Hesab edirəm ki, Azərbaycan müstəqil daxili və xarici siyasət apardığına görə, burada hər hansı problem yaşanmamalıdır”.

Komitə sədri Azərbaycanın Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına müsbət yanaşdığını vurğulayıb:

“Azərbaycan ciddi tərəfdaşı olan Pakistanla münasibətləri ən yüksək səviyyədə qurub və bu istiqamətdə yenə də addımlar atılacaq. Burada elə ciddi problem görünmür. Azərbaycanın məsələyə baxışı müsbətdir. Əsas məsələ odur ki, xarici siyasətdə məqamlar ümumi maraqlarla tənzimlənir. Yəni dostluq münasibəti olan ciddi dövlətlər, tərəfdaşlar da var. Bu gün Azərbaycanla Pakistan arasında münasibətlər ən yüksək səviyyədədir. Hətta düşünürəm ki, bu münasibətlərin qurulması Azərbaycanın regionda aparıcı ölkəyə çevrilməsindən irəli gəlir. Bu, müsbət hal kimi dəyərləndirilməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular