Modern.az

Putin İlham Əliyevlə görüşə hazır deyil?

Putin İlham Əliyevlə görüşə hazır deyil?

Analitika

2 Sentyabr 2025, 12:34

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Çinin Tyanjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclası çərçivəsində görüşməyiblər. Putin sammitdə iştirak edən liderlərin hamısı ilə təmas qursa da, Azərbaycan və Rusiya Prezidentləri arasında görüş baş tutmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da jurnalistlərə açıqlamasında təsdiqləyib ki, iki lider arasında ayrıca söhbət baş tutmayıb: “Xeyr, ayrı görüş bu gün hələ baş tutmayıb”, – deyə Peskov “İnterfaks”a açıqlamasında qeyd edib. Onun sözlərinə görə, sammitin ikinci günündə belə bir fürsət yarana bilər. Peskov əlavə edib ki, tədbirin kuluarlarında nümayəndə heyətləri arasında fəal təmaslar davam edir.

Sammit artıq başa çatıb. Həm İlham Əliyev, həm də Putin Pekində İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.

Son aylar Azərbaycanla Rusiya arasındakı münasibətlər soyuqluqla xarakterizə olunur. Bakı gərginliyin əsas səbəbinin Moskva olduğunu bildirir.

Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Azər Badamov Modern.az-a açıqlamasında deyib ki, sammit çərçivəsində görüşün baş tutmaması diqqətçəkən məqamdır.

“Hələ də görüşün hansı tərəfin istəməməsindən irəli gəldiyi məlum deyil. Amma nəzərə almalıyıq ki, sabah keçiriləcək paraddan əvvəl liderlərin görüşmək imkanı var. Gərginliyin davam etməsi heç bir tərəfə fayda gətirmir. Azərbaycan Rusiya üçün olduğu qədər Rusiya da Azərbaycan üçün önəmli tərəfdaşdır”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, siyasi münasibətlərdəki gərginliyə baxmayaraq, iqtisadi əlaqələr davam edir:

“Biz bütün qonşularımızla sülh və əməkdaşlıq, qarşılıqlı hörmət və fayda əsasında münasibətləri davam etdirməyi dəstəkləyirik. O cümlədən birinin digərinə üstünlük göstərməsini və hörmətsizlik etməsini qəbul etmirik”.

Azər Badamov münasibətlərin pisləşməsinin əsas səbəbi kimi Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiya üzərində vurulmasını göstərib.

Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

“Bu, AZAL təyyarəsini Qroznı səmasında vurulmasından sonra baş verdi. Rusiya üzr istəmədi və suveren dövlətin etməli olduğu addımları atmadı. Əksinə, mübahisəni ədalətli həll etmək əvəzinə Azərbaycana təzyiq yolunu seçdi. Bu da münasibətləri çox gərginləşdirdi”, - Azər Badamov deyib.

Rəsmi Bakı dəfələrlə Rusiyanı faktı qəbul etməyə, üzr istəməyə və təzminat ödəməyə çağırıb. Ancaq görünür, Rusiya bunu istəmir və ölkədəki azərbaycanlılara qarşı təzyiqləri davam etdirərək münasibətləri daha da gərginləşdirir.

Deputat hesab edir ki, münasibətlərin normallaşması üçün Moskva öz ritorikasını dəyişməli və dialoqa hazır olduğunu göstərməlidir: “Əks halda münasibətlərdəki gərginliyin daha da dərinləşəcəyini düşünürəm”.

Bakı-Moskva münasibətlərində siyasi gərginliyə baxmayaraq, iqtisadi əməkdaşlıq davam edir. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bir neçə həftə əvvəl iki ölkə arasında əlaqələrin sabit qalması üçün addımlar atıldığını bəyan edib. Ötən ay iki ölkənin baş nazir müavinləri görüşərək ticarət və logistika məsələlərini müzakirə ediblər. Ardınca xarici işlər nazirləri də danışıqlar aparıblar.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular