Son aylarda Azərbaycan-İran münasibətlərində diqqətçəkən istiləşmə müşahidə olunur. Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında yaranmış səmimi münasibət həm siyasi dairələrdə, həm də ictimai müzakirələrdə geniş rezonans doğurub.
Xüsusilə, Pezeşkianın aprelin 28-də Bakıya səfəri, iyulda Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində iştirakı və bir neçə gün əvvəl Şanxay Əməkdaşlıq Təşkilatın çərçivəsində iki liderin Azərbaycanca söhbəti bu münasibətlərin təzahürü kimi qiymətləndirilir. İlham Əliyevin “Prezident Pezeşkian öz vətənindədir” sözləri isə prosesin rəmzi ifadəsinə çevrilib.
İranda Azərbaycan əsilli olan və daha mötədil siyasəti ilə tanınan Pezeşkianın hakimiyyətə gəlişi münasibətlərə yeni nəfəs gətirib. Onun Türkiyə və Azərbaycanla əməkdaşlığa açıq mövqeyi, dini-ideoloji dairələrin sərt kursundan fərqli xətti bölgədə yeni imkanların yaranmasına yol açır.
Bütün bu amillər fonunda İranın Türk Dövlətləri Təşkilatına (TDT) yaxınlaşması, hətta gələcəkdə üzvlük ehtimalı barədə müzakirələr güclənib. Analitiklər hesab edirlər ki, bu addım regionda geosiyasi balansı dəyişdirə, nəqliyyat, enerji və ticarət sahələrində əməkdaşlığı daha da genişləndirə bilər. İranın təşkilata tamhüquqlu üzv qəbul olunması hələlik gündəmdə olmasa da, son addımlar onun müşahidəçi üzvlüyü üçün mühüm zəmin yaradır.
Modern.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli deyir ki, İlham Əliyevlə Pezeşkian arasındakı səmimiyyət hər kəsə məlumdur və bu, İranda bəzi dairələri ciddi narahat edir:
“İranda bəzi dairələr bundan çox narazıdırlar. Həyacan içərisindədirlər ki, bunun axırı necə olacaq? Baxın, möcüzə baş verir e. Həm Nikol Paşinyan, həm də Məsud Pezeşkian barədə deyirlər ki, onlar türk siyasəti yeridir. Çünki Türk geopolitikasının işlədiyi dönəm başlayıb. Biz ən pis dönəmimizi yaşadıq. Suverenlik, müstəqillik kimi məsələlərdə 19-cu əsrdən bu yana davam edən tənəzzül dövrü bitib. Artıq 1991-ci ildən inkişaf dövrü başlayıb. Bir çox qruplar də bundan çox narahatdır”.
Sabiq diplomat İranın TDT-yə üzvlüyünü mümkün hesab etsə də, bunu təhlükəli perspektiv kimi dəyərləndirib: “Nəzəri baxımdan mümkündür, amma qurucu üzvlər buna razı olmaz. Çünki İran daxil olsa, təşkilatı dağıtmağa çalışacaq”.
Beləliklə, Azərbaycan-İran münasibətlərində müşahidə edilən yaxınlaşma yeni imkanlar açır. İranın Türk Dövlətləri Təşkilatına ən azından müşahidəçi qismindən qoşulması məsələsi müzakirə edilir. Təşkilatın böyüməsi və nüfuzunun artması ilə bu ehtimal istisna edilmir.
Regionun gələcək geosiyasi mənzərəsi isə həm İranın mötədil kursunu davam etdirib-etdirməyindən, həm də türk dövlətlərinin bu istiqamətdə atacağı qərarlardan asılı olacaq.