Arxiv
17 Aprel 2012, 10:05 | ÖLKƏ
Nizamini, Füzulini, Seyid Əzimi əzbər bilən alim kimi çəkməçi... - MÜSAHİBƏ

Məşhur çəkməçi Əli kişi: “Dünyanın böyüklüyündən sənə nə, ayaqqabın ki, dardır...”

“Bu sənətdə özümü akademik hesab edirəm...”

Redaktorumuz saytımızın yeni rubrikası üçün yazı hazırlamağı mənə həvalə edəndə, ilk müsahibimin kim olacağını xeyli götür-qoy etdim. “Sadə peşəkarlar” rubrikasının ilk yazısını elə bir adamla başlamalıydım ki, uğurlu, oxunaqlı alınsın... Amma seçimi elə redaktorun özü etdi – “Bakıda ən məşhur bir çəkməçi var, Əli dayı, ondan başlayaq!”... 

Nömrəsini çətinliklə tapdım... Telefonda danışarkən onun aqressiv, soyuqqanlı bir adam olduğunu zənn etmişdim, amma görüşəndə düşüncələrim tamamilə alt-üst oldu... Doğrusu, əvvəlcədən bilirdim ki, Əli kişi olduqca savadlı və çox dünyagörüşlü bir insandır, baxmayaraq ki, əksəriyyət çəkməçidə nə savad deyə düşünür...

Mən isə sanki bir çəkməçi ilə deyil, bir elm xadimi ilə müsahibəyə gedirmiş kimi ehtiyatımı əvvəlcədən tutmuşdum...

Budur, Əli kişinin kitablarla və müxtəlif səpgili şəkillərlə dolu kiçik ayaqqabı emalatxanasına daxil oluruq... Bəribaşdan şərt kəsib söhbətə belə başladı: “Yazı xatirinə yazı yazmayın, günümüzün mətbu orqanları və televiziyalar yalnz və yalnız veriliş hazırlamaq xətrinə veriliş hazırlayırlar.. Bu da bizi tamaşaçı kimi bezdirir...”. 

  

Mən də yazını hazırlayarkən səmimi olacağıma söz verirəm. Əli dayı maraqlı söhbətini Cəlil Məməmmədquluzadədən bir misal çəkməklə davam elətdirir - “Öz nöqsanını görən, dərk edən xalq böyük xalqdır.


Biz isə öz nöqsanımızı görə bilmirik. Nöqsanımız odur ki, əlimizdə olanları qoruyub saxlamırıq. Bu gün kişi sənətləri ölür. Bəlkə milli geyimlər, çarıq tikmək lazım oldu. Harda tikəcəklər?  Mən də bir 5 ilə getdim bu dünyadan, kimi tapacaqlar? İzimiz itib gedəcək. Axı bu xalqımızın mənəvi sərvətidir. 


“Müsəlmanam sevməyirəm millətimi.
Kəsiləsi başımdır, kəsiblər sünnətimi.
Demə bu kafirdir, müsəlmandır,
Kimin elmi var o insandır”

Söhbət əsnasında Seyid Əzim Şirvanidən bu misraları bədahətən deyən Əli dayı hər addımbaşı qarşımıza çıxan çəkməçi ustalardan deyil. Əli dayı o cür çəkməçidir ki, Nizami Gəncəvinin yaradıcılığını 60% bilir.
“Uşaq vaxtı mənim də arzum var idi oxuyam.



Bakıda ali məktəbə daxil olam. Amma sizin qədər şanslı deyildim. Bu mənə nəsib olmadı. Özüm öz savadımı artırmağa başladım. Hələ Şəkidə ikinci sinifdə oxuyarkən dayım mənə Nizaminin “Xəmsə”sini oxumağı məsləhət görmüşdü. Mən də öyrənirdim. Nizaminin 5 poemasını əzbərdən bilirəm”.

Nizami Gəcəvidən ”Qarışqanın qanadında sən Tanrı qüdrətini görə bilərsən” deyə misal çəkən Əli dayının sözlərinə görə, oxumasa da, çox da təəssüf  hissi keçirmir.

 “Oxumasam da sirrini yaxşı bildiyim bir sənəti seçmişəm. Daha doğrusu bu peşəyə məni dayım yönəldib.


O zamanlar, yəni 37-ci ildə atam repressiya qurbanı olub. Dayım da gördü imkan yoxdu oxumağa, məni 1949-cu ildə sənət artelinə qoydu. 15 yaşım var idi onda. 1952-ci ildə isə doğulduğum Şəkidən Bakıya köçdük. Əvvəlcə burda bir sexdə işlədim. 1959-cu ildə isə Xalq artisti Əlibaba Abdullayev məni Dövlət Filarmoniyasına işə götürdü. Bu günə kimi də orda işləyirəm”.

Hazırda Dövlət Filarmoniyasının rəqqaslarının ayaq geyimlərini çəkməçi Əli kişi tikir. Deyir ki, 150 peşəkar rəqqas varsa, onların ayaqqabısının tikilməsi, təmiri onun öhdəliyindədir. Yaz-yay mövsümü işinin çox olduğunu bildirir.
“Amma deyim ki, hal-hazırda ayrı-ayrı fiziki şəxslərə heç nə tikmirəm. Çünki keyfiyyətli material yoxdur. Əvəllər Moskvadan gətirilirdi xromlar. İndi isə İrandan gətirirlər badoşları, onlar da tez sınır, iylənir. Amma Rusiyadan gələnlər geyindikcə bərkiyirdi”.

25 il tanınmış rəssam Tahir Salahova, Aşıq Şəmşirə, Rəşid Behbudova ayaqqabı tikən Əli dayı indiki nəsilə yazığı gəldiyini deyir.
“Çünki indi xarici şirkətlər gətirir ayaqqabıları. Onların da 90%-i kefiyyətsizdir.10 ildən sonra sizin ayaqlarınız göbələk xəstəliyinə tutulacaq keyfiyyətsiz ayaqabı geyməkdən. Ona görə ki, dəri əsl deyil, əvəzedicidir. Yarı yun, yarı sintetika olur materialları. Bəxtiyar Vahabzadə demişkən:
 
- Bu gün bu dəb, sabah o dəb,
    Bu dəb gedir, o dəb gəlir.
    Paltarımız köhnəlməmiş dəb köhnəlir,
    Məgər yenilikmidir özünü bəyənməyib,
    özgəni doğma tutmaq
    Geyib özgə çəkməsini, yerişini unutmaq?!

Hal-hazırda material qıtlığından əziyyət çəirəm. Şəkiyə sifariş göndərmişəm ki, mənə bir çarıx gönü gətirsinlər. Bir dənə də dabbaqxana qalmayıb” deyə çəkməçi Əli söhbətə davam edir:

- Mənim emalatxanamda  11 növ ayaq geyimi var. Azərbaycanda onun

6-sı qadın geyimidir, 5-i isə kişi. Elə qəliblər var ki, siz onu yalnız bu emalatxanada tapa bilərsiniz. Doğrudur saydığım səbəblərə görə istifadə edə bilmirəm, amma alət kimi saxlayıram. Emalatxanada həmçinin katoloqlarım da var ki, onlara əsasən hansı tarixi geyimin hansı ayaqqabıya uyğun olduğunu deyirəm. Çünki rəqqas və rəqqasə ayaqqabıları gərək ayaqda durna kimi dik dursun. Daha sağa-sola əyilməsin”.

Əli dayı ilə söhbət edə-edə emalatxanaya da göz gəzdirdim. Necə ki, Əli dayı başqa çəkməçilərə bənzəmirdi, onun emalatxanası da həmçinin... Bura çəkməçi emalatxanasından çox muzeyə və ya kitbaxanya oxşayırdı.





Otağın bir küncündə səliqə ilə yığılmış qəliblər və üzərində qədimiliyi ilə seçilən ayaqqabılar var idisə, digər küncündəki rəflərdə bəlkə də 100-dən, 1000-dən çox kita düzülmüşdü. Hələ emalatxanadakı büstləri demirəm. Ən böyük büst isə Əli dayının iş görərkən oturduğu yerdən yuxarıda qoyulmuş Nizami Gəncəvinin büstü idi. Sanki otaqda hər şey harmoniya təşkil edirdi.  Otağın sağında qəliblər, solunda kitablar baş hissədə büstlər, Əli dayı və onun cürbəcür iş alətləri... Diqqətimi ən çox çəkənsə emalatxananın solunda divara asılmış şəhidlərimizin  adı da yazılmış şəkilləri idi...


Deyə bilərəm ki, həm vətənpərvər, həm də ziyalı olan bu çəkməçi 1991-ci ildə ”Əməkdar mədəniyyət işçisi” adını almayıb, onu bu xüsusiyyətlərinə görə özü qazanıb.
Əli kişi həmçinin “Kitab Cəmiyyəti”nin üzvüdür. Nadir tapılan 40-a yaxın kitabları, o cümlədən  – Krılovun sağ olanda nəşr olunan kitabı, Nəsiminin demək olarki çətinliklə tapılan divanını həmin cəmiyyətə bağışlayıb. Deyir ki, bu yaxınlarda Tolstoyun kitabını onun üçün gətiriblər. Kitaba, yazara olan məhəbbətindən Əli kişi kitabı öpüb gözünün üstünə qoymaqdan özünü saxlaya bilməyib. Evində isə 2000-ə yaxın kitab saxlayır çəkməçi Əli dayı...

Bəlkə də bu səbəbdən onun haqqında 20 şair şeir yazıb, 52 qəzet məqalə dərc edib. O şairlər  arsında Əli dayının yaxın əqidə dostu Bəxtiyar Vahabzadə də var:




Nəcabət saçılır söz-söhbətindən,
Eşqi–xeyirxahlıq,
Qəsdi–məhəbbət.
Çəkməçi Əlinin tanrısı Vətən,
Dostu sənətkarlar, mehrabı sənət.

Qeyrət seli axır damarlarından,
Soyuqqanlıları o, düşmən sanır.
Çəkməçi köşkünün divarlarından,
Nizami boylanır, Sabir boylanır.

Əli dayı deyir ki, Bəxtiyar Vahabzadə ölümünə üç gün qalmış özü gətirib müəllifi olduğu kitabı ona bağışlayıb. Onun haqqında yazan müəlliflər içərisində Osman Mirzəyev, Hacıbaba Hüseynov da var. Yaxın günlərdə ona kitab bağışlayanlardan biri də Vaqif Səmədoğlu olub.

Amma  Əli kişi haqqında yazılanlar təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Rima Kazakovanın  “Master Ali”, onun türk variant olan və Ankarada çapdan çıxan “Qonduraçı Ali” şeirini də yaddan çıxartmaq olmaz.

Əli dayı deyir ki, tarixi şəxsiyyətlərdən Əmir Teymuru çox sevir. Çünki o bir yeri işğal edəndə  sənətkarları öldürmürmüş, onları da özü ilə Səmərqəndə aparırmış. Və ya Nizaminin bu misrası onun üçün əvəzolunmazdır – “Ölkəni tərk etsə sənət-sənətkar, heyhat, bundan böyük fəlakətmi var?!”.


Ancaq Əli dayı hal- hazırda sənətinə olan qiymətdən heç də razı deyil.
“Bu gün varam, sabah yox. İzimiz itib gedir. Kim gəlib bizim milli geyimləri tikəcək”.

”Bəs övladlarınızdan kimsə bu sənəti davam elətdirirmi” sualıma isə cavabı belə oldu:

”Yox, heç biri bu yolla getmək istəmədi. Deyirlər ki, ağırdır. Kleyin iyini illərlə ciyərlərə çəkmək hər adamın işi deyil. Bəlkə də bu səbəbdən heç şagirdlərim də yoxdur. Amma çox nigaranam.


Lakin yenə də bu sənətdə özümü akademik hesab edirəm. Çünki mən kamil sənət öyrənmişəm”.


Artıq müsahibəmiz bitmişdi, sağollaşıb Əli dayının yanından ayrılırıq. Ancaq fikirlərim çox qarışıq idi. Düşünürdüm ki, görəsən Əli dayının dediyi qədər yazımda səmimi ola biləcəyəmmi, onun ürəkdən sanki bu dəqiqə ağlıyacaqmış kimi dediyi “kim gəlib bizim milli geyimləri tikəcək. Biz əgər Anaya “mama”, dəhlizə “kolidor” desək, kim bizim dili qoruycaq, kim?” ifadələrini oxucuya Əli dayı kimi mənalı çatdıra biləcəyəmmi, onun fəxrlə bizə göstərdiyi emalatxananın əslində kitabxana, onunsa bir arxivarius olduğunu yazımda göstərə biləcəyəmmi? Şəki ləhcəsiylə dilinin şirinliyini, üzündəki nigarançılığı bir rəsm kimi çəkib oxuculara göstərə biləcəyəmmi? Onun bir nahar vaxtını aldım, buna dəyən yazı hazırlaya biləcəyəmmi?

Hazırlaya bildimsə əgər, nə gözəl…

Müxbir     ŞAHANƏ Rəhimli
Fotomüxbir  ELÇİN Ağayev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54