Arxiv
21 May 2012, 17:46 | MÜSAHİBƏ
Rafiq Həşimov: “O zaman mənə deyirdilər ki, “niyə evlənmirsən?”, cavab verirdim ki, vaxtım yoxdur...” - MÜSAHİBƏ

“İlk qonararımı dostlarıma qonaqlığa xərclədim...”

Modern.az saytı Azərbaycan Televiziyasının tanınmış diktoru Rafiq Həşimovla müsahibəni təqdim edir. 

- Rafiq müəllim, diktor olmaq qərarını necə verdiniz?

- 1985-ci ildə Rabitə Texnikumunun televiziya və radio şöbəsini bitirəndən sonra televiziyada təcrübəçi kimi 5-6 ay çalışdım və sonra Sovet ordusu sıralarına çağrıldım.1985-1987-ci illər ərzində orduda xidmət etdim.1987-ci ildə yenidən televiziyada, təcrübə keçdiyim mərkəzi aparat deyilən bir otaqda işimi davam etdirməyə başladım. Bura texniki bir şöbə idi. Burada bir müddət işləyəndən sonra videoyazı deyilən sexdə montajçı, videooperator kimi işlədim. Bu 1987-ci ildən 1990-cı ilə qədər davam etdi. 1990-cı ildə Azərbaycan Televiziyasına müsabiqə elan olunurdu. Bu müsabiqə elanından xəbərim yox idi. Mən düzü o vaxtlar  televiziyaya bir xokkey oyunları, bir də kinofilmlər üçün baxırdım. Kinofilmləri çox sevirdim, çünki uşaqlıqdan kinoaktyor olmaq istəmişəm.

Həyat öz axarı ilə gedirdi. Bir gün evdə mənə dedilər ki, “Rafiq, sən pis danışmırsan, bəlkə sən də özünü müsabiqədə yoxlayasan. Sizin televiziyada müsabiqə elan ediblər”.
Mən müsabiqə üçün sənədlərimi diktor komissiyasına verməyə gəldim. O vaxt komissiyanın  rəhbəri Rafiq Hüseynov idi və diktor komissiyasının şərtləri çox ağır idi. İki dildə üç turdan keçməli idik. Çox nüfuzlu komissiya idi. 16 nəfərdən ibarət komissiyada Roza Tağıyeva, Rafiq Hüseynov kimi peşəkar diktorlarla yanaşı, Fərhad Bədəlbəyli, Azər Rzayev, Rasim Balayev və digər nüfuzlu incəsənət xadimləri təmsil olunurdu. Yadımdadır ki, mən yazılanda 26-cı adam idim. Sonradan məlum oldu ki, 192 nəfərik. Üçüncü turdan müsabiqədən cəmi 4 nəfər keçdik. Mənim əmrimi vermədilər, çünki ali təhsilim yox idi. Amma yekdilliklə müsabiqədə seçilmişdim. Diktor komissiyasının şərtlərindən biri ali təhsil olduğu üçün mən də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul oldum. Oxuya-oxuya həm də işlədim.

- İlk efir həyəcanını və qonararnızı necə xatırlayırsınız?

- 1990-cı ilin iyul ayında ilk dəfə “Xəbərlər” proqramı ilə efirə çıxdım. Saat 5-in xəbərləri idi. O zaman suflyor yox idi, xəbərləri canlı efirdə kağızdan oxuyurduq. Mən bilmirəm ki, həmin 5 dəqiqəlik xəbəri necə oxudum. O zaman bizim əməkdaşlar həmin buraxılışı yazmışdılar. Beləcə fəaliyyətə başladım, çox yaxşı da qəbul edildim. Təbii ki, ilk gün həyəcan olub və bu həyəcan bu gün də məni müşayiət edir. Məncə, bu, normal bir haldır. O zaman bir kanal var idi və hamının diqqəti səndə idi. Həyəcan tamaşaçı qarşısında olan məsuliyyətdən doğan bir hissdir. Bu, çox yaxşı bir hissdir, həyəcan olmasa, dediyin sözlər səmimi səslənməz, ürəkdən gəlməz.

Biz təcrübəçi kimi işləyəndə qonarar heç bizim üçün əsas deyildi. Bir il təcrübə keçməliydik, çünki bir ildən sonra sən efirdə olmaya da bilərdin. Mənim yadımdadır, ilk qonararımı dostlarıma qonaqlığa xərclədim.

- İlk müəlliminiz və dinləyiciniz kim  olub?


- Bizdən əvvəl gələn nəsil diktorları özümə mənəvi müəllim hesab edirəm. Bir il ərzində bizi təcrübəli diktorların arasında böldülər. Mən Sabir Ələsgərliyə düşdüm. Ümumiyyətlə, başda Rafiq Hüseynov olmaqla, köhnə nəsildən biz çox şey öyrənmişik. Mən heç vaxt  kimin üçünsə nəsə oxuyub, deməmişəm ki, mənə qulaq as, gör, necə oxuyuram. 20 ildən artıq işlədiyim müddətdə hər gün öz üzərimdə işləmişəm. Bu gün də işləyirəm. Otaqda özüm oluram, musiqinin fonunda Azərbaycan və rus dilində olan mətnləri ucadan oxuyuram. Öz üzərində işləməsən mümkün deyil. Çünki nitqin bir sənət növü kimi dərinliyi hüdudsuzdur. Nitq bizdən qədimdir, həmişə yaşardır.

 - Digər diktorlardan fərqli olaraq, sizi ilk gündən AzTV-də görmüşük. Digər telekanallardan dəvət almamısınız, yoxsa AzTV-də qalmaq öz istəyiniz olub?

- Bəzi kanallardan dəvətlər almışam, amma  aparıcı kimi yox. 2001-2003 -cü illərdə “Space” telekanalında uşaqların nitqi ilə məşğul olmuşam, umumiyyətlə, pedaqoji fəaliyyətə çox cavan  yaşlarımdan başlamışam. 2006-2007-ci illərdə “Lider”də bir il dörd ay aparıcılıqdan dərs keçmişəm... Dediyim kimi, AzTV-də texnik kimi fəaliyyətə başlamışam. 1985-ci ildən, 27 ildir  ki, artıq mən televiziyadayam. AzTV mənim üçün çox doğmadır. Ümümumiyyətlə, düşünürəm ki, insan yaşayış, iş yerini, tez-tez dəyişməməlidir. Bu, onun daxili aləminə, xasiyyətinə, həyat tərzinə təsir edə bilər. Fikrimcə, istənilən şəraitdə insan gərək səbrli, dözümlü, öz işinə, həyatına  sadiq olsun.

- Canlı efir zamanı hansı maraqlı hadisələr olub və bu zaman vəziyyətdən necə çıxmısınız?

- Müxtəlif hadisələr olub. 1998-ci ildə səhər, xəbərlər və öz müəllif proqramlarımı aparırdım, filmlər hazırlıyırdıq. Yadımdadır ki, 1996-1999-cu illərdə mən həftədə 14 dəfə efirə çıxırdım. O vaxtlar 30, 40 dəqiqəlik xəbərləri kağızdan oxuyurduq. Bir də görürdün ki, xəbər oxuduğun yerdə kənardan bir əl efirə daxil olur. Canlı efirdə oxuya-oxuya redaktə etməyi bacarmalıydın. O zaman ulu öndər Heydər Əliyev mənə 32 yaşımda Əməkdar artist adını vermişdi. Bu, mənim üçün çox gözlənilməz olduğu qədər də qürurverici idi.
Bir gün mərhum Valid Sənani  məclislərin birində mənə zarafatla dedi  ki, ”Rafiq, mən sənə arzu edirəm ki, tamaşaçılar sənin üçün darıxsın”, yəni efirdə o qədər çox olurdum ki... İndi anlayıram ki, o illərin  təcrübəsi mənə çox şey qazandırıb.
Yadımdadır, bir dəfə efirdə olduğum vaxt milçək 20 dəqiqə fırlanıb. Milçək də axı yanağa qonanda qaşınma verir. Mən isə elə etməliydim ki, tamaşaçı bunu hiss etməsin. Buna görə tərimi silirmiş kimi qaşınmanı az da olsa azaltmağa başladım. O zaman texnika bu günkü kimi inkişaf etməmişdi. Studiyalar isti olurdu, biz  efirdən çıxanda köynəyimiz yaş olurdu. Efirdə ağır günlər də olub.
1992-ci il Şuşa hadisələri zamanı mən üç gün televiziyada qaldım. Qara köynəyim və boz bir kostyumla  efirə çıxırdım. O vaxtlar çox gərgin anlar idi. Bir tikə çörək belə boğazımızdan keçmirdi. Bir saatdan bir efirə çıxırdıq. Teleqramlar gəlirdi, onları oxuyurduq. Hamı narahat idi.  Efir həyat kimidir, orada kədərli anlar da olur, sevincli anlar da. İdmançılarımızın qələbə xəbərlərini oxumaq çox fərəhlidir. Efirdə olduğun müddətdə hadisəni gərək tamaşaçıya elə çatdırasan ki, o həmin əhvalı hiss etsin. Elə intonasiyayla danışmalısan ki, tamaşaçı səni ilk cümlədən başa düşə bilsin.

- O dövrün teleaparıcıları ilə bugünkü teleaparıcılar arasında nə kimi fərqlər var?


- Sizə deyim ki, televiziyanın yaşı çox deyil. Cəmisi 56 il... Bu  gün ölkəmizin bütün sahələri kimi televiziya da inkişaf  dövrünü yaşayır. İndi müsbət tərəflər daha çoxdur. Həm də efir gəncliyi sevir. Cavan, yaraşıqlı olmaqla yanaşı, intellektli, savadlı aparıcı arzuolunandır. Müasir televiziyaçılar dünənki yaxşı təcrübədən bəhrələnməlidirlər. Mənim hal-hazırda kanallarda çalışan tələbələrim çoxdur. Onlar mənimlə tez-tez əlaqə saxlayırlar.

- Son zamanlar “diktor” sözü leksikonumuzdan yığılmaq üzrədir. Sizcə, buna səbəb nədir?

- Diktor sözü “diksiya - nitq” sözündəndir. Mən çox istərdim ki, müasir aparıcılar “diktor” deyilən anlayışdan  yaxşı nitqi götürsünlər.

- Bu gün aparıcılıq demək olar ki, şaxələnib: moderator, şoumen, xəbər spikeri, enkrmən (anchorman)... Səbəb nədir?

- Aparıcılıq şaxələnsə də mahiyyət etibarilə, bunların hamısının kökü eynidir. İstənilən halda, aparıcının nıtqi qüsursuz olmalıdır. Çünki o publika qarşısına çıxır. Onun borcu səlis danışmaqdır. 

- Bildiyim qədər, siz həm rejissorluq, həm diktorluq, həm müəllimlik, həm də musiqi fəaliyyəti ilə məşğul olursunuz. Hətta yazılarınıza da rast gəlinir. Bu qədər işi bir arada necə çatdırırsınız?

- Son zamanlar vaxt qıtlığı hiss edirəm, nələrisə çatdıra bilmirəm. Keçən il mənim növbəti filmimin - “Yarımçıq gündəliy”in təqdimatı oldu. Cox sevinirəm ki, film alındı. Bu günə kimi yazdığım ssenarilər əsasında 20-dən çox film çəkilib, hekayələr, esselər yazmışam... Ədəbiyyatdan bir qədər başım çıxır, pis oxucu deyiləm. Mənim üçün bir meyar var, gördüyün işi  yaxşı edəsən. Yaxşı ədəbiyyat, yaxşı kino - yaxşı əməldir. Pis yazmaq oxucuya pislik etməkdir. Deyə bilərəm  ki, çap olunmayan yazılarım, olunanlardan çoxdur. Çəkmək istədiklərim çəkə bildiklərimdən çoxdur.

- Bu peşələrdən daha çox hansı Rafiq Həşimovun xarakterinə uyğundur?

- Hamısı...

- Hansı musiqiləri dinləyirsiniz?

- Uşaqlıqdan musiqi ilə məşğul olmuşam. Klassik musiqini çox sevirəm. Baxı, Maleri dinləyirəm. Özümüzünkülərdən Qara Qarayevə, Fikrət Əmirova qulaq asıram.

- Qəzet oxumağa vaxtınız olurmu?

- Mən kitab oxumağı daha çox xoşlayıram. Əsasən, dünya ədəbiyyatını oxuyuram... Nitqin  gözəl olması üçün isə, tələbələrimə poetik nümunələrlə yanaşı, Anarın prozasını oxumağı tövsiyyə edirəm. Amma mən efirə çıxan adamam. Hər gün qəzet oxumalıyam ki, informasiya alım: bir saat, saat yarım bu işə vaxt ayırıram. Bir oxucu kimi isə dünyada baş verən qanqaraldıcı hadisələrin çoxalmağı əhvalımı pozur. Belə hadisələr artdıqca, bizim də bu hadisələrə laqeydliyimiz artır..

- Müasir dönəmdə diktorluq məktəbinin formalaşmasına ehtiyac varmı? Belə olan təqdirdə kimləri bu məktəbin müəllimləri hesab edərdiniz?

- Fikirləşirəm ki, buna böyük ehtiyac var. Və nə yaxşı ki, artıq Azərbaycan Televiziyasının nəzdində teleakademiya yaradılıb. Güman edirəm ki, yaxın illərdə biz  ən müxtəlif  teleradio  peşələrini mükəmməl öyrənmiş mütəxəssisləri görəcəyik.

- Bildiyimə görə, bir qızınız var. Övladınıza, ailənizə yetərincə vaxt ayıra bilirsinizmi?

- Mən gec ailə qurmuşam. O zaman mənə deyirdilər ki, “niyə evlənmirsən?”. Cavab verirdim  ki, vaxtım yoxdur... Qızımın iyun ayında artıq 5 yaşı olacaq. Təəssüf ki, həftənin yalnız bir gününü ona həsr edə bilirəm. Çünki bütün atalar kimi, mən də səhər işə gedib, axşam qayıdıram. Buna görə də onunla əsasən  anası məşğul olur... Qızım dəniz sahilində balıqqulağı yığmağı çox xoşlayır və bütün balalar kimi müxtəlif yelləncəklərdən də düşmək istəmir. Uşaqlara bacardıqca çox vaxt ayırmaq lazımdır. Çünki bu ünsiyyət onların gələcəyi üçün vacibdir.







Nihadə Eyyubova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59 Çağdaş və qədim Özbəkistanda 10 gün - REPORTAJ 27 May 2019, 10:53 Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu 27 May 2019, 10:52 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 27 May 2019, 10:47 Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verildi 27 May 2019, 10:44 Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb 27 May 2019, 10:36 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR 27 May 2019, 10:19 Məmmədyarov: "Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir" 27 May 2019, 10:12 “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir 27 May 2019, 10:11 Tramp İranla danışıqlar üçün şərt irəli sürdü 27 May 2019, 10:06 “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi   27 May 2019, 10:04 BirBank-ı artıq meqabaytsız da istifadə etmək olar   27 May 2019, 10:02 Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək 27 May 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 27 May 2019, 09:39 Konqoda gəmi batdı - 30 nəfər öldü 27 May 2019, 09:09 Litvada yeni prezident seçildi - FOTO 27 May 2019, 09:07