Arxiv
27 mart 2014, 10:30 | ƏDƏBİYYAT
Unudulmaz insan


Qara xəbər həmişə tez yayılır. Ana kimi sevdiyimiz və hörmət etdiyimiz Şəfiqə xanım Məhərrəmovanın (Avşarova) həyatdan köçmək xəbəri də tez yayıldı. Onu tanıyıb sevənləri, yaxını-uzağı kədərə qərq etdi. Axı necə də qərq etməsin?! Bu sevimli insanı, onun nurlu təbəssümünü kim unuda bilər? yumşaq və mehriban səsini unutmaq olarmı?!

Kim məktəbə getdiyi ilk günü xatırlamır?! Çanta əlimizdə bəzən ürkək-ürkək, bəzən həvəslə sinif otaqlarına ayaq basdığımız, maraq dolu bir heyrətlə ətrafımıza boylandığımız həmin anlar bir kino lenti deyilmi?! İlk müəllimimizin saçımızda gəzən əllərinin sığalını, mehriban təbəssümlü baxışlarını yaddan çıxarmaq olarmı? Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kənd orta məktəbinə ilk dəfə ayaq basan şagirdlərin əllərindən tutub yazı yazmağı öyrədən, elmin tükənməz xəzinəsinin qapılarını onların üzünə açan müəllimlərimizdən biri də Ermənistanın Əməkdar müəllimi Şəfiqə xanım Məhərrəmova olub . O Şəfiqə xanım ki, ömrünün 50 ilidən çoxunu yetişən nəslin maariflənməsi işinə həsr edib, körpə balaların üzünə ilk dəfə nurlu sabahların yolunu açıb. Həyatın acısını da görüb, şirinini də. İsti, hərarətli sözlərlə şagirdlərini dindirdikcə ürəyinin pıçıltılarını bir müəllim fəhmi ilə öz-özünə söyləyib: “Bax, bu qıvrımsaç oğlan yaxşı oxuyacaq, gözlərindən görürəm. Bu isə yaman dəcəl olacaq. Bu qızcığaz isə ata-anasının bircəsidir, oxumağa yaman həvəslidir. Hamısını Allah saxlasın”. Beləcə Şəfiqə müəllimənin ömründən qopan illər şagirdlərinin ömrünə qovuşur, dünən dərs dediyi şagirdlər sonralar onun qarşısında hörmət və ehtiramla baş əyir, bir vaxtlar onlara qələm tutmağı öyrədən titrək əllərindən öpürdülər.

1925-ci il iyulun 1-də İrəvanda anadan olan Şəfiqə xanım dörd qardaşın yeganə bacısı olub. Nadir şahın sülaləsini İrəvan xanlığında təmsil edən Avşarlar nəsli İrəvanda öz nüfuzlari ilə seçilib, tanınıb. Şəfiqə xanımın atası Məşədi Ələsgər, nənəsi Hacı Səkinə, babası Hacı Mehdi maarifpərvər, dövrünün tanınımış ziyalısı kimi İrəvan elitasının nüfuzlu  nümayəndələrindən olublar.

Şəfiqə xanım Məhərrəmova Böyük Vətən müharibəsinin qızğın günlərində İrəvan Azərbaycanlı Pedoqoji Texnikumunu bitirib. O, 1942-cü ildə Respublika Maarif Nazirliyinin əmri ilə bir sıra məzunlarla birlikdə səfərbər olunaraq Amasiya rayonuna müəllim kimi işləməyə göndərilib. O, Amasiyanın bir çox kəndlərində, o cümlədən rayonun ən böyük kəndi olan Güllbulaq kəndində müəllimlik edib. Qeyd edək ki, Amasiya kəndləri arasında ilk və ən böyük məktəb məhz Güllübulaq kəndində tikilib. Ötən əsrin əvvəllərində isə bu kənddə ibtidai rus-tatar məktəbi fəaliyyət göstərib. Kənd əhalisinin çoxu bir müddət rus dilində təhsil alıb. Güllübulaq əməkdar və baş müəllimlərinin, orta məktəbi qızıl medalla bitirənlərin sayına görə də öndə gedən kəndlərdən olub. Rayon Partiya Komitəsində, Xalq Deputatları Sovetində, müxtəlif partiya və sovet orqanlarında yürsək vəzifələrdə çalışanlar, 1920-1930-cu illərdə Zaqafqaziyada yeganə olaraq Gümrüdə olan Sənaye Texnikumunu bitirənlər arasında Güllübulağın yetirmələri üstünlük təşkil edib. Kənddə yüksək təhsil almış 31 kərbəlayi, 17 məşədi, 10-dan çox hacı və axund olub. 1987-ci ilin hesablamalarına görə kənd əhalisinin sayı 3147 nəfər təşkil edib. 

Amasiyanın belə bir nüfuzlu kəndində işləyən, eyni zamanda rayonun ictimai işlərində yaxından iştirak edən Şəfiqə müəllimə mehriban və həlim rəftarı, ibtidai sinif müəlliminə xas səbr və təmkini ilə böyük bir kollektivin, şagirdlərinin, valideyinlərin gözlərində ucalıb. O, Güllbulaqda ata-anaların ümid yerlərindən birinə çevrilib. Ömür-gün yoldaşı Məmmədəli müəllimlə əl-ələ verərək maarifin, təhsilin çiçəklənməsi naminə gecə-gündüz çalışıb. Yoxladığı dəftərlər gözlərinin nurunu aparsa da, səs-küylü sinif otaqlarında şagirdlərin arasına düşən kimi yorğunluğundan, ağır zehni zəhmətdən əsər-əlamət qalmayıb. Bülbül kimi şövqlə şeir deyən, sürətlə və düzgün məsələ-misal həll edən şagirdlərinə baxdıqca fərəhlənib, qəlbi köksünə sığmayıb. Müəllim üçün ən böyük mükafat onun savadlı şagirdləridir. Şəfiqə xanım müəllimlik fəaliyyəti dövründə belə mükafatların sevincini dönə-dönə duyub. Yayın istisində, qışın şaxtasında bir ana kimi şagirdlərinin qayğısına qalıb. Elə Güllbulağa gəlin gəldiyi gündən qayınatası Məmmədcəfər kişinin ocağında xeyir əməllərin, savab işlərin şahidi olub. “Gəlin ocağa gələr” – deyiblər. Şəfiqə xanım şagirdlərindən birini qaşqabaqlı görəndə onu xoş dillə dindirər, könlünü alar, qayğısına qalmağı unutmazdı. Bir də görərdin ki, Novruz bayramı ərəfəsində Şəfiqə müəllimə şagirdlərini bir-bir qaldırıb soruşur: “A bala, anan təndirliyi unlayıbmı?” (Ağababa-Şörəyel mahalında bayrama yaxın təndirliyin üstünü unlamaq qədim adətlərdən biri idi). Əgər şagirddən “yox” cavabı eşitsəydi, tapşırardı: “Anana de ki, təndirliyi unlayıb ağartsın. Günahdır”. Belə insan olub Şəfiqə müəllimə. İlikdən sümüyədək, dəndən toxumadək əsl azərbaycanlı qızı, azərbaycanlı xanımı olub. Onun qələm verib, yazı yazmağı öyrətdiyi və bu gün respublikamızda müxtəlif məsul vəzifələrdə çalışan insanlar, onlarla akademiklər, elmlər doktorları, elmlər namizədləri, yüzlərlə ali təhsilli mütəxıssislər onu şərəflə xatırlayırlar. Şəfiqə müəllimənin yetişdirdiyi övladları, nəvələri də bu gün Azərbaycan cəmiyyətində öxünəməxsus yer tutan nüfuz sahibləridir. Müəllim üçün, ana üçün, nənə üçün bundan qiymətli nə ola bilər?

İnsanlar dünyaya bir dəfə gəlirlər. Öz əməlləri, ibrətamiz həyatı ilə ürəklərdə əbədi qalan, xatırlanan insanlar heç vaxt unudulmurlar. Əbədiyyətə qovuşandan sonra da könüllərdə yaşayır, əsl insan ömrünün mənəvi etalonuna çevrilirlər. Ürəklərdə özünə həmişəlik yuva salan, bu işıqlı dunyada yaşayıb-yaratmağın sirrini, həyatın mənasını bizlərə öyrədən Şəfiqə xanım da belə mənəvi etalonlardan biri idi. İllər ötüb keçsə də, Şəfiqə xanıma olan sonsuz sevgi və məhəbbət, hörmət və ehtiram heç vaxt sönməyəcək, bizdən uzaqlaşdıqca daha da güclənəcək.

Allah rəhmət eləsin.

Yetirmələrindən bir qrupu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lev Yaşin mükafatının qalibi bəlli oldu 30 Noyabr 2021, 00:53 20 yaşlı polis VƏFAT ETDİ 30 Noyabr 2021, 00:09 Ailənin 5 üzvü dəm qazından zəhərləndi 30 Noyabr 2021, 00:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 29 Noyabr 2021, 23:54 Konqoda qaçqın düşərgəsinə hücum: 20 ölü 29 Noyabr 2021, 23:29 Polisdən mülki geyimdə REYD 29 Noyabr 2021, 23:03 Qlobal səylər səfərbər edilir 29 Noyabr 2021, 22:46 Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa HAZIRDIR 29 Noyabr 2021, 22:32 Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI 29 Noyabr 2021, 22:22 “Omikron” ştammı İsveçdə 29 Noyabr 2021, 22:09 İstanbulda məktəblər  BAĞLANDI 29 Noyabr 2021, 21:53 Emin Əmrullayev Dünya Bankının rəsmisi ilə GÖRÜŞDÜ 29 Noyabr 2021, 21:40 Aİ yeni media qanunu hazırlayır 29 Noyabr 2021, 21:24 Belarusdan Ukrayna ilə sərhəddə təlim QƏRARI 29 Noyabr 2021, 21:03 Xarici ticarət dövriyyəsi 26 milyard dolları ötüb 29 Noyabr 2021, 20:47 “Twitter”in rəhbəri istefa VERDİ   29 Noyabr 2021, 20:37 Əks-göstəriş sertifikatı ilə bağlı yeni qaydalar 29 Noyabr 2021, 20:23 İranda helikopter qəzası 29 Noyabr 2021, 20:11 Əlaqələndirmə mərkəzlərində vətəndaşlara göstəriləcək xidmətlər 29 Noyabr 2021, 19:52 COVID sertifikatının verilmə QAYDASI 29 Noyabr 2021, 19:33 COVID-19-la bağlı sertifikatlar TƏSDİQLƏNDİ 29 Noyabr 2021, 19:21 Türkiyədə qasırğa - 4 nəfər ÖLDÜ 29 Noyabr 2021, 19:19 Yeni il qabağı karantinə nəzarət GÜCLƏNDİRİLİR 29 Noyabr 2021, 19:10 Operativ Qərargahdan "Omicron"la bağlı TAPŞIRIQ 29 Noyabr 2021, 19:07 2 rayonda qaz OLMAYACAQ 29 Noyabr 2021, 18:50 Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR 29 Noyabr 2021, 18:42 Ermənistanın Azərbaycana  kiberhücumları - VİDEO 29 Noyabr 2021, 18:21 Pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya APARILDI 29 Noyabr 2021, 18:05 Fəlsəfə doktorluğu üçün QEYDİYYAT 29 Noyabr 2021, 18:00 Putin xüsusi nümayəndəsini İrana göndərdi 29 Noyabr 2021, 17:55 XİN rəhbərləri arasında məsləhətləşmə 29 Noyabr 2021, 17:50 Aşağı Gövhərağa məscidi bərpa olunur 29 Noyabr 2021, 17:46 Dolların məzənnəsi sabit qaldı 29 Noyabr 2021, 17:42 Bolqarıstanlı xanım Azərbaycanda nazir müavini TƏYİN EDİLDİ 29 Noyabr 2021, 17:38 Yaponiyada güclü ZƏLZƏLƏ 29 Noyabr 2021, 17:32
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?