Arxiv
3 Oktyabr 2014, 11:06 | QARABAĞ
Mir Cəfər Bağırov müsavatçıları bolşeviklərdən necə himayə edib...

Mir Cəfər Bağırov və Müsavat... Qəribə səslənir, elə deyilmi? Sovet rejiminin bütün mərhələlərində onun Müsavat qədər güclü rəqibi olmamışdı.

«Rudenko məhkəməsi»nin materiallarında Mir Cəfər Bağırov da «müsavatçı» kimi keçir.

Quba qəzasında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nümayəndəsi, parlament üzvü Əlibəy Zizikski idi. 1956-cı ildə Mir Cəfər Bağırovu «müsavatçı» qubalılara arxa olmaqda günahlandıranların ağlına gəlməzdi ki, onların tarixdən sildikləri Azərbaycan Xalq Cümhuriyyəti yenidən Azərbaycan torpağında, o cümlədən Əlibəy Zizikskilər, Mir Cəfər Bağırovlar Qubasında bərqərar olacaq.

«Rudenko məhkəməsi»nin müttəhimi Mir Cəfər Bağırovun qubalı müsavatçı dostları kimlər idi? İlk növbədə Quba qəza komissarı Əlibəy Zizikski. Məhkəmədə Şahid Orucov belə nəql edir:

«1920-ci ildən sonra Bağırov Bakıda Azərbaycan Fövqəlaqə Komissiyanın sədri idi, onun katibi isə mənim dayım oğlu Hacağa Şahverdiyev idi. Şahverdiyev Bağırovla ən yaxın dost olub. Biz üçümüz birlikdə Quba şəhərindəki şəhər məktəbində oxumuşduq.1922-ci ildə mən Bakıya getdim və Şahverdiyevin evinə düşdüm. Bir dəfə işdən qayıdandan sonra Şahverdiyev mənə dedi ki, Bağırov səni yanına çağırır. Ertəsi günü mən Hacağa Şahverdiyevlə birlikdə Azərbaycan FK-ya Bağırovun yanına getdim. Bağırovla biz köhnə dostlar kimi görüşdük. O, məni çox yaxşı qarşıladı. Söhbət əsnasında Bağırov məndən soruşdu ki, “Əlibəy Zizikskini xatırlayırsanmı?” Mən cavab verdim ki, çox yaxşı yadımdadır. Söhbətimizdə Hacağa Şahverdiyev də iştirak edirdi. Bir qədərdən sonra Qəni adlı mühafizəçi bildirdi ki, «onlar gəliblər». Bağırov gələnləri içəri buraxmaq barədə ona göstəriş verdi. Bağırovun otağına bir-birinin ardınca Qubanın keçmiş  bəylərindən Şıxlarskinin qohumu Bəybala bəy Alpanski, Bağırovun qubalı dostlarından Əlibəy Zizikskinin qohumu tacir Hacıbala Məmmədyarov, eləcə də Əlibəy Zizikski daxil oldular.

Otağa daxil olanda Bağırov yerindən qalxıb onları qarşıladı, hər biri ilə mehribanlıqla gorüşdü, Əlibəy Zizikski ilə hətta öpüşdü.Söhbət zamanı Bağırov ərklə bildirdi ki, “sən nə üçün gizlənirsən, özünü alçaldırsan. Bilirsən ki, mən burada işləyirəm”.
Əlibəy gözləri yaşarmış halda Bağırova bildirdi ki, onu həbs etməklə qorxudurmuşlar, ona görə də gizlənib. Bağırov o dəqiqə Əlibəy Zizikskinin üzə çıxarılması üçün sənədlər hazırlamağı Hacağa Şahverdiyevə tapşırdı. Elə həmin otaqdaca Şahverdiyev sənədləri hazırladı, Bağırov həmin sənədi imzalayıb, möhür vurdu. Həmin sənədi Zizikskiyə verib dedi: «Bu sənədə əsasən sən Azərbaycanın harasında istəsən yaşaya bilərsən. Nə qədər ki, mən burada - FK-da işləyirəm, sən heç bir şey üçün narahat olma». Doğrudan da, bütün sonrakı illər ərzində Əlibəy Zizikski Bakıda yaşadı”.

Məhkəmə materiallarında bu da göstərilir ki, Əlibəy Zizikski şəxsi mülkündə yaşamış və həmin evin kirayə pulu ilə dolanmışdır.

Mir Cəfər Bağırovun himayədarlıq etdiyi dostları arasında Bəybala bəy Alpanski, Hacıbala Məmmədyarov və Qazı Əhməd bəy Məmmədbəyov da vardı. Mir Cəfər Bağırov keçmiş Müsavat pristavı Qiyas bəy Cahandar bəy oğlu Şıxlinskinin (Cahandar ağanın oğlu) Qazax qəzasına milis rəisi vəzifəsinə göndərilməsində də müqəssir hesab edilib.
Şahid Z.Ə.Əliyevin ifadəsinə görə, Bağırov çox vaxt keçmiş Müsavat fəallarını öz tərəfinə çəkir və məsul vəzifələrə təyin edirmiş.

Məhkəmə materiallarında qeyd olunduğu kimi, Mir Cəfər Bağırov Qubada Müsavat partiyasının qəza komitəsi sədrinin müavini Əlipənah bəy Şəfibəyovu da himayə edib. Şəfibəyov 1930-cu ildə həbsə alınarkən, ondan türk nümunəli tüfəng və ona müvafiq 30 patron tapılmışdı. Lakin Azərbaycan Dövlət Siyasi İdarəsinin 1930-cu il martın 16-da Bağırovun sədrliyi ilə keçirilmiş kollegiyası Şəfibəyovun işinə xitam vermişdi. Görünür Mir Cəfər Bağırov yəqin etmişdi ki, keçmiş müsavatçı bir ədəd türk nümunəli tüfənglə və 30 patronla dövlət çevrilişi etməyə qadir deyil...

Mir Cəfər Bağırovun qanadı altına aldığı başqa bir qubalı - Müsavat Partiyası şöbəsinin təşkilatçısı Əbilqasım Rüstəmov 11-ci Ordunun qoşun hissələri Qubaya daxil olanda qaçıb gizlənmişdi. O. 1923-cü ildə Bağırov tərəfindən üzə çıxarılmış və ...Qubadakı 11 nömrəli sovxozda yanğından mühafizə idarəsinin rəisi vəzifəsində işləmişdi. Nə qədər təəccüblü olsa da, müsavatçının çalışdığı sovxozda heç bir yanğın baş verməmişdi. Bununla belə, 1925-ci ildə Azərbaycan DSŞ aparatında işləmiş A.M.Qasımov məhkəmədə şahid kimi bildirmişdi ki, «onun məsuliyyətə cəlb olunması barədə məsələ qaldırdım, Bağırov buna qol qoymadı və dedi ki, qoy o yaşasın».

Məhkəmə materiallarında Mir Cəfər Bağırovun Müsavat ordusu zabitlərinə də himayədarlığına dair məlumatlar var. Müsavat ordusunda zabit kimi xidmət etmiş, hərbi məktəb bitirmiş Məmməd Aslan oğlu Sarıcalinski Bağırovun köməyi ilə 1921-ci ildə Fövqəladə Komissiyanın əvvəlcə süvari diviziyasına, sonra isə sərhəd qoşunlarına işə götürülmüşdü. O, bir müddət Bağırovun özü ilə birgə xidmət etmişdi. Görünür, bir nəfər Müsavat zabitinin Sovet orqanlarında işləməsini Mir Cəfər Bağırov qəbahət hesab etməmişdi. O öz gözləri ilə görmüşdü ki, Mikoyanın, Amazaspın, Avetisovun ön cərgəsində durduğu 11-ci Ordu vədinə xilaf çıxdı. Qısa bir müddətdə Səmədbəy Mehmandarovun və Əliağa Şıxlinskinin yaratdıqları Müsavat milli ordusu amansız təqiblərə məruz qaldı.

 12 general, 27 polkovnik vəbpodpolkovnik, 46 nəfər kapitan dərhal məhv edildi. 1200-dən çox Müsavat zabiti və əsgəri Arazı keçdi, mühacirətə üz tutdu. Vur-tut bircə Müsavat zabiti Sarıcalinski bu boyda Qızıl Ordunu dağıtmayacaqdı ki...

Məhkəmə materiallarında Mir Cəfər Bağırovun Müsavat Partiyası ilə yanaşı, «İttihad» Partiyası üzvlərinə də himayədarlıq etməsi barədə ittihamlar irəli sürülür. Göstərilir ki, Bağırovun məsuliyyətdən xüsusilə qoruduğu şəxslər arasında1919-cu ilin əvvəllərində «İttihad» partiyasının məsul katibi Əhməd Triniç xüsusi yer tutur. İstintaqdan məlum olub ki, Əhməd Triniç əvvəllər türk ordusunun zabiti olub. Onun başçılığı ilə Qubada və Bakıda bolşeviklərə qarşı fəal mübarizə aparılıb. Şahidlərin ifadələrinə görə, Əhməd Triniçlə Bağırov çox yaxın münasibətdə imişlər. Bağırov onu yüksək vəzifələrə irəli çəkirmiş, hətta respublika qəzetinin redaktoru kimi yüksək vəzifəyə təyin edibmiş. Triniçin əksinqilabi keçmişi barədə dəfələrlə siqnallar olmasına baxmayaraq, Bağırov 1933-cü ildə onu hökumət mükafatına - ordenlə təltif olunmağa təqdim etmişdi.

Mir Cəfər Bağırova yaxşı məlum idi ki, 11-ci Ordunun Xüsusi şöbəsinin rəisi Pankratov 1920-1921-ci illərdə «İttihad» Partiyasının işi ilə şəxsən məşğul olmuşdu. Ordunun ermənilərdən və ruslardan ibarət hərbi müstəntiqləri Azərbaycanda Sovet hakimiyyətini silahlı üsyan yolu ilə devirmək cəhdində ittiham olunan «İttihad» Partiyasının yüzlərlə üzvünü və tərəfdarlarını cəzalandırmaq üçün «üçlüyə» təqdim ediblər. Pankratovdan, Aşukindən və Qubindən ibarət «üçlük» Azərbaycanın ziyalı və millətsevər oğullarını Rusiyanın Xolmoqor, Ryazan, Nijni-Novqorod və digər həbs düşərgələrinə göndərmişdi.Yalnız bir nəfər - Əhməd Triniç Mir Cəfər Bağırovun köməyi ilə Pankratovun caynağından xilas edilmişdi.

Məhkəmə iclasında nümayiş etdirilən bir ərizə də Mir Cəfər Bağırovu təəccübləndirməmişdi. Həmin ərizədə Əhməd Triniç Quba şəhərinin komendantı olduğunu, Xırdalandakı döyüşlərdə iştirakını, Qubada könüllülər dəstəsi yaradıb Azərbaycan-türk ordusunun hücumunadək bolşeviklərə qarşı fəal mübarizəsini əsas tutub, Müsavat parlamentinin mühafizəsi üçün dəstə yaradılmasını ona tapşırmağı xahiş edirdi. Məktub kimə ünvanlanmışdı? Azərbaycan Müsavat Partiyasının sədri M.Ə.Rəsulzadəyə.

...Mir Cəfər Bağırov düşünürdü: “Yaxşı, Müsavatın liderini Stalin Bayıl türməsindən çıxarıb özü ilə Moskvaya aparanda, mən beş-altı müsavatçı dostumu Pankratovun əlindən ala bilməzdim? Bir də ki, Əhməd Triniç ordu zabiti idi.Yaxşı, Nəriman Nərimanov Müsavat ordusunun iki generalını Leninə məktub yazıb xilas etməmişdi? Mən də bir zabitini Bakıda saxlamışam...”.

Məhkəmə materiallarında deyilir ki, Mir Cəfər Bağırov 1921-ci ilin dekabrın 9-da Beriya tərəfindən imzalanmış orderi yerinə yetirməyib. Həmin order Gürcüstanda həbs olunmuş Əli Əsədullayev haqqında idi. Bakı milyonçusu Əsədullayevin oğlu və Hacı Zeynalabdin Tağıyevin kürəkəni Əli Əsədullayevin təqsiri nədən ibarət idi? O, çar ordusunun poruçiki olmuşdu.

«Rudenko məhkəməsi»nin materialarına görə Əli Əsədullayev Müsavat hakimiyyəti dövründə «Vəhşi diviziya» tərkibində Sovet ordusuna qarşı mübarizə aparıb. Mir Cəfər Bağırov Əli Əsədullayevin «işi» üzrə heç bir təhqiqat aparmayıb, demək, milyonçu oğluna himayədarlıq etmişdi. Əli Əsədullayev Bakı cıdır meydanında işləyirmiş, sonralar arvadı ilə birlikdə İrana keçib.

“... Nərimanov Hacı Zeynalabdin Tağıyevə dəymədi, mən də onun kürəkəninə bir yaxşılıq edim. Əli Əsədullayev bir gün cıdır meydanından köhlən atın belində yoxa çıxdı...”.

1956-cı ildə, məhkəmə materiallarında adları «xalq düşmənləri» siyahısında çəkilənlər bu gün hamımız üçün Xalq Cümhuriyyətinin və milli ordumuzun işıqlı adamları kimi daha doğma və əzizdir. Ən çətin məqamlarda onlara himayədarlıq etmiş Mir Cəfər Bağırovun günahı nədir?

Tarixçi Araz Vəliyev,
Teyyub Qurbandan istifadə edilib

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53 Bu gün Bakıda 28 dərəcə isti olacaq 25 May 2019, 09:36 NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə   25 May 2019, 09:22 “Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...” 25 May 2019, 09:03