Modern.az

"Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır" - İlham Əliyev

"Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır" - İlham Əliyev

Aktual

1 Avqust 2017, 20:03

"Bu gün Azərbaycan yeni bir yarışa - möhtəşəm idman birinciliklərindən seçilməyən Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarına ev sahibliyi edir. Bu yarışların Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi möhtəşəm yarışların, dünya hərbçilərinin güləş, boks, futbol üzrə çempionatlarının ölkəmizdə keçirilməsi bunu bir daha təsdiqləyir və bu missiya bu gün də uğurla davam etdirilir. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzunun, siyasi, iqtisadi, mədəni, idman, eləcə də ordu quruculuğu sahəsində qazandığı müvəffəqiyyətlərin nəticəsində mümkün olub". Modern.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev “Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarının iştirakçılarına ünvanladığı məktubda bildirilib.

Təntənəli açılış mərasimində prezident İlham Əliyevin təbrik məktubunu məktubu müdafiə naziri Zakir Həsənov oxuyub.

Məktubda daha sonra vurğulanır ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın daha da möhkəmlənməsi, hərbi xidmətin nüfuzunun artırılması, döyüş imkanlarının nümayişi, şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədinə xidmət edir. “Dəniz Kuboku-2017” hərbi qulluqçularda həmrəylik hissi oyatmaqla bərabər, həm də bütün iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq.

Qeyd edilir ki, Xəzər dənizi tarixən sahillərində yaşayan xalqların ümumi sərvəti olub. “Dəniz Kuboku-2017” beynəlxalq yarışları da ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da güclənməsinə, Xəzər dənizinin sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmasına öz töhfəsini verəcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə