Azərbaycanda AMAC hərəkatı fəaliyyət göstərir. Modern.az saytı hərəkatın aparıcı şəxslərindən biri olan Tahir Cəfərli ilə müsahibəni təqdim edir.
- Siz AMAC-ın aparıcı şəxslərindən birisiniz? AMAC hərəkatı nədir?
- AMAC- məqsəd deməkdir. Hər şeydən Azərbaycan vətəndaşlarını vahid Azərbaycan dövlətçiliyi ideologiyası əsasında birləşdirən Vətənpərvər Azərbaycanlıların, sağlam insanların birliyidir.
- Bunun yaranmasına müəyyən iqtisadi və siyasi hadisələr səbəb olmalı idi.
-Elədir. Kənardan ölkəmizə qarşı istər iqtisadi, istərsə siyasi təzyiqlər başlayıb. Azərbaycan dövlətçiliyinə qarşı Qərbin və başqa ölkələrin bəd əməlləri göz qabağındadır. Azərbaycan dövlətçiliyini dağıtmaq üçün bu ölkələrin təsir agentləri ölkəmizdə hər vəcdlə stabilliyi pozmaq istəyirlər . Hətta Qərbin Azərbaycanı Suriya və s. ölkələrin halına salmaq planları vardır.
Dəhşətlisi odur ki, Azərbaycanda bəzi məmurlar da əməlləri ilə xalq arasında narazılıqlar yaradırlar. Bundan əlavə, Soros fondu tərəfindən maliyyələşdirilən bəzi mini partiyalar və QHT-lər də “demokratiya oyunları “ adıyla ölkədə qarşıdurma yaratmaq istəyirlər. Sevindirici haldır ki, xalqımız tam siyasətləşib və kimin kim olduğunu və hansı ölkədən maliyyə köməyi aldığını bilir və onlara qoşulmur.
-Bununla belə axı ölkədə narazılıqların olduğu da söylənilir.
- Hansı ölkədə narazılıq yoxdur? Narazılığa səbəb olan bütün faktorları ortaya çıxarıb, onların ölkəmizə vurduğu zərəri göstərsək və buna qarşı ciddi təkliflər versək, ölkəmizdə islahatlar yolu ilə çox şeyə nail ola bilərik. Söz gəlmişkən AMAC-n ilk məqsədi beyin mərkəzini yaratmaq ideyası idi və biz buna gedirik. Bu mərkəz dünyada və ölkəmizdə baş verən hadisələrə ciddi qiymət vermək və yaranmış iqtisadi və siyasi durumdan çıxmaq üçün obyektiv yollar göstərmək məqsədi güdür. Başqa sözlə desək Azərbaycan respublikasına qarşı olan qüvvələri ortaya çıxarır və ölkəmizdə stabilliyi yaratmaq üçün müəyyən təkliflər irəli sürür.
- Çıxış yolunu nədə görürsünüz?
- Xalqın vahid bir cəbhədə birləşməsində. Reallığı dərk etməsində, səbirli və təmkinli olmasında, təxribatlara getməməsində. Bizə Suriya xalqı nümunə olmalıdır. Sanki, tarix özü Azərbaycan üçün şərait yaratdı ki, orada baş verən hadisələrdən dərs alsın və “demokratiya oyunbazlarından ”, yəni Qərbin təsir agentlərindən uzaq dursun.
-Gəlin Azərbaycanın siyasi səhnəsinə nəzər salaq!
- Azərbaycan müxalifəti iplərini Qərbin əlinə verdikləri üçün xalq onlardan uzaq qaçır, digər tərəfdən, Azərbaycan iqtidarında bəzi məmurlar xalq arasında narazılıq yaradırlar. Bu narazılıqlara səbəb onların açıq şəkildə xalqı soymaları və hətta zülm vermələridir. Bundan əlavə bəzi pullanmış və harınlaşmış fərdlərin qanunu tapdalaması və kasıbların əlindən varidatını almasıdır. Ən dəhşətlisi odur ki, bir çox icra başçılarının şəhid ailələrinə təhqiramiz yanaşır və onların hüquqlarını pozur. .
-Bundan əlavə bildirilir ki, dini zəmində də narazılıqlar var. Siz nə düşünürsünüz?
- Azərbaycanda ənənəvi İslam mövcuddur və ölkəmizdə istəsək də, istəməsək də din faktoru var. Odur ki, İslam ölkəsi kimi ənənəvi İslamı Azərbaycanda dəstəkləməliyik
Başqa dinləri ölkəmizə buraxmaq, xalqı parçalamaq deməkdir. Bu bir yana. Yeni açılmış qeyri-ənənəvi, yəni qeyri-provaslav kilsələrə gedənlər, Qərbin birbaşa təsir agentlərinə çevrilirlər. Tolerantlıq başqa ölkələr üçün kilsələr tikmək deyil. Tolerantlıq yerli əhalinin başqa dinə hörmət etməsini şüurlu şəkildə təmin etməkdir. Ölkəmizdə şiyələrin sayı çoxluq təşkil edir, real sosial bazaya malikdirlər. Tolerantlığı, yəni başqa dinə loyal müasibəti onlar saxlayırdılar. Ancaq heç nədən onlara qarşı getmək, Qərbə İslam faktorunun qabağına almağı göstərmək üçün atılan addımlar düzgün deyil. Nəticədə radikallaşma başlayır.
Odur ki, biz Azərbaycanın özünü saxlamaq mexanizmin necə işlədiyini bilməliyik və onun işinə mane olan amilləri aradan qaldırmalıyıq.
-Sizin sözünüzdən belə çıxır ki, özünü saxlamaq mexanizminin ortaya çıxartsaq və necə işlədiyini xalqa göstərsək, xalq özün nəyin nə, kimin kim olduğunu biləcək?
- Bəli belədir.
- AMAC Azərbaycançılığı təbliğ edir?
- Azərbaycan Azərbaycan dövlətini yaradan xalqların Vətənidir. Bizi BMT 2 mart 1992-ci ildə Azərbaycan dövləti, milləti və dili kimi tanıyıb. Bu üç anlayışın vəhdəti Azərbaycanın bünövrəsidir. Bizi istəməyən qüvvələr və ölkələr xalqlarımızı azsaylı, çoxsaylılara bölmək istəyirlər. Beləliklə, özlərini çox saylı adlandırmaqla Azərbaycan Konstitusiyasının Vətəndaşlıq prinsipini pozurlar. Azərbaycanı yaşadan Vətəndaşlıq prinsipi və Azərbaycan Vətəndaşlarının bərabərliyi hüququdur. Kim buna qarşı gedirsə, o, Azərbaycan dövlətçiliyinə qarşı düşmən mövqeyindədir.
-Bəzi fərdlər Azərbaycanı, onun qədim tarixini inkar edirlər...
-Səbəbi aydındır ki, ermənilərin oyunçularıdır. Digər tərəfdən “qardaş” adıyla özünü Azərbaycana soxuşduran bəzi ölkələrdir. Biz anlamalıyıq ki, müstəqillik prinsipi heç bir ölkəyə qardaş olmamağı tələb edir. Bis SSRİ-dən qurtarmaqla böyük rus “qardaşından” yaxamızı qurtardıq, Azərbaycanı inkar edənlər, müstəqillik prinsipimizi inkar edirlər.
-Niyə AMAC-çıları millətçi sosialistlər adlandırırlar?
- Bunun nəyi pisdir? Məgər Azərbaycanı bütün dövlətlərdən üstün tutmaq qəbahətdir. Məgər Azərbaycanlıların Azərbaycanlılardan başqa dostu yoxdur -demək yalandır. Məgər Azərbaycan iqtisadiyyatın tarazlaşdırmaq, kənd və şəhərlərimizi sənayeləşdirmək və kooperativlərin yaradılması ideyası səhvdir?. Məgər Azərbaycana “qardaş ölkəyəm” deyə-deyə onu soyub aparanlara qarşı çıxış etmək lazım deyil?
Biz erməni faşizminin qurbanı olan xalqa çevrilirik.
-AMAC yerlipərəstliyin əleyhinədir?
- Azərbaycan cəmiyyətinə bu anlayışları gətirənlər ölkəmizə çox ciddi zərbələr vurublar. Baxın banklarla bağlı məsələlərə. Neçə bank Azərbaycanı aldadıb? Səbəbi qohum və yerlibazlıqdır. Vəzifələrə də bu prinsip əsasında qoyulur.
- AMAC-n Azərbaycan iqtidarına münasibəti necədir?
- İqtidarın ölkəmizdə apardığı quruculuq siyasətini inkar etmək olmaz. Ölkəmiz inkişaf etməkdədir. Qonşu respublikalarda bütün bunlar yoxdur. Bununla belə iqtidar sıralarında elə fərdlər var ki, onlar narazılıq yaradır.
- Bəs müxalifətə münasibətiniz?
- Azərbaycanda müxalifət olmalıdır və Azərbaycan xalqının maraqlarını təmsil etməlidir. Ancaq quyruqlarını başqa ölkələrin əlinə vermişləri AMAC qəbul etmir və heç bir ölkəni Azərbaycandan üstün tutmur. Onun üçün Azərbaycan Respublikası bütün dövlətlərdən üstündür və əlindən gələni edəcəkdir ki, müstəqilliyimizə zərbə dəyməsin və ona qarşı olan təhlükələrdən uzaqlaşsın.
-Demək olar ki, AMAC hər gün müəyyən tezislərlə çıxış edir. Nə üçün tezis şəklində? Bu tezislərin məqsədi nədir?
- Hər şeydən əvvəl tezislər qısa olduğundan onun məzmunu daha tez qavranır. AMAC nəzərə alır ki, bu saat insanlar informasiya yorğunluğu hiss edirlər. Bir-ki səhifədən artıq oxumurlar, səbirləri çatmır. Elektron KİV-lərin, radio və TV-lərin təsirindən insanların yaddaşları yorulur. AMAC-la əlaqəli olan psixoloq-alimlər informasiyanın təsirini artırmaq üçün onun tezis formasında verilməsini daha məqsədə uyğun sayırlar. Əslinə qalsa AMAC-n hər tezisi ölkədə gedən proseslərlə bağlı məqaləyə bərabərdir, sadəcə olaraq qısaldılıb.
-Niyə açıq fəaliyyətə keçmirsiniz?
- Məgər İnternet açıq fəaliyyət deyil. Onun təsir qüvvəsi zallardakı yığıncaqlardan, küçələrdəki mitinqlərdən və s. qat-qat üstündür. Məqsədimiz isə geniş virtual auditoriyaya Azərbaycanda gedən siyasi proseslərin mahiyyətini, dövlətçiliyimiz üçün yarana biləcək təhlükələri, bizə qarşı xarici dövlətlərin təxribatları, ölkəmizdə qarşıdurma yaratmaq istəyən xarici ölkələrin təsir agentlərinin və s. haqqında tezis şəklində obyektiv fikirləri xalqa çatdırmaqdır. Belə informasiyaların təsir qüvvəsində gəldikdə onu deyə bilərik ki, AMAC-n tezisləri xalq tərəfindən yaxşı qarşılanır və müzakirə olunur.
-AMAC-çılar kimlərdirlər və oraya daxil olanlara hansı tələblərlə yanaşırsınız.
- AMAC-çıların bir prinsipi mövcuddur: dövlət marağını şəxsi maraqdan üstün tutmaq, ölkədəki stabilliyi qorumaq, qarşıdurmaya aparan bütün faktorları ortaya çıxarmaq və düşmənlərimizin Azərbaycan dövlətçiliyinə qarşı apardığı təbliğatın mahiyyətini xalqa açıqlamaq. Daha dərinə getsək, biz AMAC-ın bu formatına uyğun ziyalılardan ibarət analitik mərkəz yaratmaq istəyirik. AMAC-ı təşkil edən ziyalılar analitik ağla malik olan, an azı iki, üç dilli insanlardır, dünyada gedən proseslərdən xəbərdar, siyasi demaqogiyadan uzaq adamlardır. Onlar dünyada nə baş verdiyini obyektiv şəkildə təhlil edib, konkret nəticəyə gəlirlər və öz fikirlərini xalqa çatdırırlar.
AMAC-la bağlı təhlilimiz onu göstərir ki, onu açıq şəkildə minlərlə insan dəstəkləyir və bircə anın içində yazdığı tezisləri minlərlə adam oxuyur. Nəzərə alaq ki, bu qədər respondentin layk etməsi yaxşı haldır.