Modern.az

Lerikdə aztəminatlı ailələr üçün meyvə bağı salınıb - FOTO

Lerikdə aztəminatlı ailələr üçün meyvə bağı salınıb - FOTO

Aktual

30 Oktyabr 2018, 18:40

30 oktyabr 2018-ci il tarixdə “İDEYA”  İctimai Birliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılması məqsədi ilə Lerik rayonunun Cəngəmiran kəndində 2 hektar sahədə meyvə bağı salınıb.


Modern.az xəbər verir ki, agacəkmə aksiyasında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, “İDEYA” İctimai Birliyinin baş mütəxəssisi Nəzakət İsayeva, birliyin layihələr üzrə koordinatoru Səbinə Qasımova və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin asissenti Güllü Hüseynova və 200-dən çox rayon gənci iştirak edib.


Aksiyada rayon icra hakimiyyəti başçısı çıxış edərək bildirib ki, “İDEA” (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 İyul 2011-ci ildə fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və bu sahədəki problemlərin həlli ilə bağlı tədbirlərin görülməsi, gənclərin diqqətinin bu sahəyə yönəldilməsi məqsədilə gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində maarifləndirici tədbirlərin həyata keçirilməsidir. Bu qlobal ideyaların reallaşdırılması məqsədilə son illərdə birlik tərəfindən mühüm tədbirlər həyata keçirilib.

 
“İDEA” İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın bu istiqamətdə xidmətləri danılmazdır. Leyla xanım Əliyevanın təşəbbüsü ilə “İDEA” İctimai Birliyi tərəfindən ölkəmizdə ekologiyanın qorunması ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər keçirilib, indiyədək 6 milyondan çox ağac əkilib. “İDEA”-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığı bərpa etmək, yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.


“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə respublikamızın bütün rayonlarında, o cümlədən Lerik rayonunda da bir sıra işlər həyata keçirilib. Belə ki, 2014-cü ildən başlayaraq rayonumuzda müxtəlif cinslərdən on minlərlə meşə və meyvə ağacları əkilmiş, hal-hazırda da həmin ağaclara aqrotexniki qaydada qulluq göstərilir.  Bu nəcib təşəbbüsə qoşulan gənclərimizin, idarə və müəssislərin kollektivlərinin iştirakı ilə meşə ətrafı ərazilərdə, Lənkəran-Lerik, Noda-Şingədulan, Lerik-Kəlvəz avtomobil yollarının kənarlarında, idarə, müəssisə və təşkilatların yerləşdiyi ərazilərdə on minlərlə ağac əkilib. Əkin kompaniyası artıq ənənəvi olaraq payız və yaz mövsümlərində həyata keçirilir.


2018-ci ilin yazında “İDEA” İctimai Birliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşəbbüsü ilə rayonun Divağac kəndində 1,0 ha sahədə alma və fındıq bağı salınmış, həmin bağ  təmənnasız olaraq şəhid ailəsinə təhkim olunub.


Rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayona məhsuldar fındıq tingləri gətirilib və aztəminatlı ailələrə paylanılıb. Artıq rayonda 50 hektardan yuxarı fındıq bağı var. Gələcəkdə bağların genişləndirilməsi nəzərdə tutulub.


Bu gün növbəti ağac əkmə aksiyasında iştirak edirik. “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə Cəngəmiran kəndində 2 hektar sahədə qoz bağı salınacaq. Bağ istifadə və qulluq üçün Cəngəmiran kənd inzibati ərazi dairəsində yaşayan 3 nəfər aztəminatlı ailəyə veriləcək. Bununla əlaqədar rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı hazırlanıb. Bağın salınması aztəminatlı ailələrin gələcəkdə maddi təminatının yaxşılaşdırılmasına, eyni zamanda ərazidə yaşıllığın artırılmasına xidmət göstərəcək. Rayon icra hakimiyyəti olaraq rayon ərazisində bağçılığın inkişafı ilə məşğul olmaq istəyən bütün sakinlərə müvafiq köməklik göstəriləcək. 


“İDEA” İctimai Birliyi tərəfindən bu kimi xeyriyyəçi tədbirlər davam etdirilir. Bu mühüm işlərdə Leyla xanım Əliyevaya yeni-yeni nailiyyətlər arzulayırıq.


Sonra salınmış meyvə bağının 3 aztəminatlı ailəyə təhkim edilməsi haqqında rayon icra hakimiyyəti başçısı tərəfindən imzalanmış  Sərəncam təqdim edilib.


Aksiyada meyvə bağı üçün ayrılan 2 hektar ərazidə 312 ədəd qoz ağacı əkilərək təmənnasız olaraq 3 aztəminatlı ailənin istifadəsinə verilib.


Tədbir çay süfrəsi ətrafında rayon mədəniyyət mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam etdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi