Modern.az

Nağdsız ödənişlərdən istifadə səviyyəsi çox aşağıdır – RƏSMİ

Nağdsız ödənişlərdən istifadə səviyyəsi çox aşağıdır – RƏSMİ

31 Oktyabr 2018, 14:39

“Nağdsız ödənişlərə marağın artırılması üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var”.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov bildirib.

 

R.Mahmudovun sözlərinə görə, nağdsız ödənişlərdən istifadənin səviyyəsi olduqca aşağıdır:

 

“Bu gün ölkənin milli ödəniş infrastrukturu öz funksional imkanlarına görə regionda aparıcı mövqedədir, ən müasir tələblərə cavab verir.

Lakin nağdsız ödəniş sistemlərindən istifadə göstəricisi hələ də aşağı səviyyədədir. Məhz bu səbəbdən də rəqəmsal ödənişlərin genişləndirilməsi strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən olunub və 2016-cı ildə qəbul edilmiş «Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi»ndə Mərkəzi Banka da bununla əlaqədar bir sıra işlərin görülməsi həvalə olunub.

«2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı» bu tapşırığın icrası məqsədilə hazırlanıb.

 

Proqram ölkənin nağdsız cəmiyyətə doğru təfsilati tədbirlər planını ehtiva edir. Sənəddə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağd dövriyyənin həcminin minimuma endirilməsi və nağdsız ödəniş mühitinin genişləndirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi strateji məqsəd kimi müəyyən edilib”.

 

Mərkəzi Bankın rəsmisi deyib ki, Dövlət Proqramının hazırlanması məqsədilə böyük təcrübəyə malik «MasterCard Worldwide» beynəlxalq kart təşkilatı cəlb olunub:

 

“Layihə dövründə icraçı təşkilatla birlikdə dövlət qurumları, kommersiya bankları ilə çoxsaylı görüşlər keçirilib, Bakı şəhərində və 9 rayonda 560 təşkilat və 700 istehlakçı arasında sorğu və müsahibə təşkil edilərək, ölkədə rəqəmsal ödənişlərin inkişafına mane olan amillər təhlil olunub. Beynəlxalq təcrübədə geniş yayılmış ekonometrik üsullardan istifadə edilməklə hər bir sektor üzrə nağd iqtisadiyyatın həcmi müəyyənləşdirilib. İlk növbədə, rəqəmsal ödənişlərin yaxşılaşdırılmasına maneə törədən problemlərin yaranma səbəblərini araşdırdıq. Məsələn, bu gün dövriyyədə 2 milyona yaxın əməkhaqqı kartı var. Lakin gündəlik həyat tərzində vətəndaşların nağd ödənişlərə üstünlük verdiyi, bir sıra təsərrüfat subyektlərinin POS-terminallardan istifadədən yayındığı bir şəraitdə innovativ ödəniş vasitələrinin geniş yayılmasından danışmaq çətin olur. Qeyd edim ki, rəqəmsal ödənişlərin artırılması istiqamətində beynəlxalq təcrübə çox genişdir. Bunların arasından ən mühüm və mövcud reallığa ən uyğun olan təcrübələri seçdik və tədbirlər planı hazırladıq. Əsas istiqamətləri və hədəfləri müəyyənləşdirməklə biznesdə rəqabət mühitinin inkişaf etdirilməsi, şirkətlərdə şəffaflığın təmin olunması və s. kimi institusional sahələr, həmçinin rəqəmsal ödənişlər infrastrukturunun genişləndirilməsi üzrə tədbirlər həyata keçirdik”.

 

R.Mahmudov bildirib ki, bu gün təsərrüfat subyektləri nağdsız ödənişlərə keçiddən yayınırsa, deməli, burada hansısa verginin ödənilməsindən yayınma motivi var:

 

“Ona görə də əsas hədəflərdən biri də vergi inzibatçılığının, vergi sisteminin yaxşılaşdırılmasıdır. Vergilər Nazirliyinin nağdsız ödənişlərin artımında böyük marağı var və nazirlik bu istiqamətdə Mərkəzi Bankla sıx əməkdaşlıq edir. Qeyd edim ki, məhşur «Moody Analitik»in hesablamalarına görə, nağdsız ödənişin bir faiz artımı ümumi daxili məhsulun ortalama 0,1 faiz artımına bərabərdir. Bu isə kifayət qədər böyük rəqəmdir. Rəqəmsal ödənişlərin daha çox artımına nail ola bilsək, vergi bazasının artımını, eyni zamanda bank-maliyyə sektorunun güclənməsini təmin edə bilərik.

 

Bazara nəzər salsaq, görərik ki, bu gün bütün rəqəmsal ödənişləri təqdim edən, əsasən, banklardır. Məhz bu səbəbdən, bankların innovativ texnologiyaların tətbiqinə həvəsi və imkanı yoxdursa, arzuolunan inkişafdan söhbət gedə bilməz. Daha bir mühüm faktor rəqəmsal ödəniş ekosistemidir. Rəqəmsal ödəniş ekosistemi dedikdə, ümumilikdə bankomat, POS-terminal və bütövlükdə elektron ödənişləri həyata keçirmək üçün istənilən infrastruktur nəzərdə tutulur. Bu elə bir sahədir ki, burada yeniliklər, innovativ texnologiyalar böyük önəm daşıyır. Bu sahədə ən son trendlər, barmaq, üz təsviri ilə biometrik ödənişlər, blokçeyn texnologiyaları günümüzün reallığına çevrilib”.

 

O qeyd edib ki, xarici ölkələrdə mağazaları gəzmək vaxt itkisi sayıldığı üçün insanlar daha çox elektron ticarətə üstünlük verirlər:

 

“Azərbaycanda 2018-ci ilin 8 ayı ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi təxminən 10,5 milyard manat təşkil edib, ondan elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi təxminən 0,9 milyard manat olub”.

Ölkədəki POS-terminallardan istifadəyə gəlincə, Mərkəzi Bank rəsmisi bunu qənaətbəxş hesab etmir:

 

“Hazırda vətəndaşlarda olan kartlarla istənilən növ nağdsız əməliyyat aparmaq mümkündür. Ancaq təəssüflə qeyd etməliyəm ki, kart sahibləri hələ də bankomatdan nağd pul çıxarmağa üstünlük verirlər. Biz Dövlət Proqramının hazırlanması ərəfəsində problemi kökündən araşdırdıq: sahibkarlarla görüşdük, bütün tərəflərin arqumentləri dinlənildi. Müşahidələrimiz göstərir ki, bir sıra təsərrüfat subyekti nağdsız ödənişi qəbul etmək istəmir. Təbii ki, bunun da kökündə vergidən yayınma, dövriyyənin leqallaşmasını istəməmək durur. Bu gün ölkədə 66 minə yaxın POS-terminal olsa da onlardan istifadə edilməsi arzuolunan səviyyədə deyil. Bu istiqamətdə də maarifləndirmə tədbirləri aparılır.

 

Son illərdə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların sayında nağdsız ödənişlərin payı 40%-ə yaxınlaşır. Məlumat üçün deyim ki, 2010-cu ildə bu göstərici cəmi 4% təşkil edirdi”.

 

Şöbə rəisi nağdsız ödənişlərin stimullaşdırılması üçün lotoreya keçiriləcəyini bildirib:

 

“Hazırda Mərkəzi Bank hazırda yeni bir stimullaşdırıcı lotereya layihəsi üzərində iş aparır. İndiyə qədər ayrı-ayrı banklar öz müştərilərinə lotereya təqdim edirdi, bizim hazırladığımız layihə isə ümumrespublika əhəmiyyətlidir. Burada insanlara hansı bankın müştərisidir deyə, fərq qoyulmur və heç bir məhdudiyyət olmadan bütün kart istifadəçilərini əhatə edir. Yeni layihəmizdə POS-terminallar vasitəsilə 5 manatlıq alış-veriş edən şəxs avtomatik şəkildə lotereyanın oyunçusuna çevrilməklə uduş şansı əldə edəcək. Qalibə çatacaq məbləğ isə onun kart hesabına köçürüləcək. Burada əsas məqsəd insanların diqqətini nağdsız ödənişlərə cəlb etməkdir.

 

Bu il «Mastercard»ın dəstəyi ilə Naxçıvanda uğurlu bir kampaniya təşkil edildi. Şərtlərə əsasən, bir mağazada 30 manatlıq alış-veriş edən və ödənişini kartla həyata keçirən hər bir şəxsə hədiyyələr təqdim olundu. Tədbirdə təxminən 400-ə yaxın kart sahibi iştirak edirdi. Hazırda bu kampaniya daha iki mağazada davam etdirilir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi