2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib.
Modern.az AzərTac-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Kənd təsərrüfatı işçilərinin peşə bayramı” ilə bağlı müsahibəsində bildirib.
Onun sözlərinə görə, Dünya Bankının məlumatlarına əsasən, bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub.
“Cari ilin ilk 9 ayında kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,7 faiz artıb.
Aqrar islahatların hazırkı mərhələsi həm də yüksək əlavə dəyər yaradan ənənəvi sahələrin inkişafı baxımından tarixi dönüş dövrü kimi xarakterizə oluna bilər. Belə ki, pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq, çayçılıq, üzümçülük və sitrus meyvəçiliyi ilə bağlı qəbul olunmuş dövlət proqramları çərçivəsində bu sahələrin inkişafı üzrə tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilib. Nəticədə yüksək əlavə dəyər və kənd yerlərində geniş məşğulluq imkanı yaradılan sənaye təyinatlı və ixracyönümlü bu sahələrdə əhəmiyyətli inkişaf dinamikası əldə olunub.
Pambıqçılıqda həyata keçirilən məqsədyönlü tədbirlər məhsuldarlığın artırılmasını və son nəticədə bu sahənin ənənəvi nüfuz və şöhrətinin qaytarılmasını təmin edəcək. Son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb”.
Nazir qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə ət və süd məhsulları üzrə bu göstərici 30-35 faiz olduğu halda, hazırda 90 faizə yaxındır:
“Bütün növ tərəvəz və meyvə ilə özünütəminetmə səviyyəsi 100 faizdən çoxdur.
Ayrı-ayrı sahələr üzrə özünütəminetmə səviyyəsinin yerli istehsal hesabına artırılması, inkişaf və idarəetmə məsələlərinin daha çevik tənzimlənməsi, dövlət dəstəyini gücləndirməklə müvafiq sahələr üzrə proqram yanaşmasının tətbiq edilməsi və ünvanlı siyasət tədbirləri mexanizminin yaradılması məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən “Heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”, “Taxılçılığın inkişafına dair Dövlət Proqramı” və “Toxumçuluğun inkişafına dair Dövlət Proqramı”nın hazırlanması istiqamətində aparılan işlər yekun mərhələsindədir”.