65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilən, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Saatlı rayonunda seçicilərlə növbəti görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə akademik Əhliman Əmiraslanov son illər ölkəmizdə, eləcə də Saatlıda aparılan geniş quruculuq işlərindən söhbət açaraq göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edib.
Görüşdə iştirak edən seçicilər onları narahat edən məsələlərə çox həssas yanaşdığına görə millət vəkilinə minnətdarlıq etmişlər. Sonra sakinlər müxtəlif səpkidə olan problemlərin həlli ilə əlaqədar deputatdan kömək istəyiblər.
Görüş iştirakçıları bəzi kəndlərdə məktəblə bağlı problemləri, müxtəlif sosial məsələləri səsləndiriblər. Seçicilər səhiyyə sahəsində müəyyən yardım istəyərək, bəzi ixtisas həkimlərinin çatışmadığını bildiriblər.
Görüş zamanı millət vəkili seçicilərin müraciət və təkliflərini dinləmiş, onları maraqlandıran sualları cavablandırmış, sakinlərin qaldırdıqları problemlərin həlli ilə bağlı görülməkdə olan işlər barədə məlumat verib.