Digər klinikalarda yeddi dəfə uğursuz əməliyyat keçirən 19 yaşlı oğlana Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) atasının böyrəyi uğurla köçürülüb.
Bu barədə Modern.az-a böyrək transplantasiyasını həyata keçirən RMDM-in “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLAN məlumat verib:
“Uzun illərin hemodializ xəstəsi olan gənc pasiyentimiz müraciət etdiyi bütün mərkəzlərdə dəfələrcə əməliyyat keçirməsinə baxmayaraq, nəticə uğursuz olmuşdur. Hətta hemodializə girməsi üçün xəstənin mərkəzi damarları da tromblaşmışdır. Xəstə klinikamıza müraciət edəndə çox ağır vəziyyətdə və ümidsiz halda idi. İlk olaraq, xəstə və donor çox ciddi şəkildə araşdırıldı. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarıldı. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra böyrəyin donordan alınması və resipiyentə köçürülməsi üzrə əməliyyatın eyni zamanda həyata keçirilməsinə qərar verildi. Xəstəyə və donoru – atasına əməliyyatın riskləri ətraflı izah edildi. Əməliyyatın mürəkkəbliyi də yeddi dəfə uğursuz əməliyyat keçirməklə bağlı yaranmış anatomik problemlərin mövcudluğunda idi. Peşəkar cərrahi və nefroloji komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmayıb. Həm resipiyent, həm də donor eyni dərəcədə sağlam şəkildə evə yola salındı”.