Bu gün Avropa Liqasının V tur matçında üz-üzə gələcək "Qarabağ" və Portuqaliya "Sportinq"inin start heyətləri açıqlanıb. Modern.az xəbər verir ki, “Qarabağ”ın start heyətində Hannes Tur Halldorsson, Maksim Medvedev, Rəşad Sadıqov, Donald Gerye, Yakub Jerzniçak, Qara Qarayev, Simoen Slavçev, Miçel, Araz Abdullayev, Abdulah Zubir və Mahir Mədətov yer alıblar.
“Sportinq” klubunun ilk onbirliyində isə meydana Ribeiro, S.Koates, A.Diabi, B.Dost, B.Fernandes, B.Qaspar, N.Gudelj, Nani, Jeferson, A.Pinto və Vendel çıxacaqlar.
Bakı Olimpiya stadionda keçiriləcək matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksiye olacaq. Ona yan xətt hakimləri Siril Münyö və Mehdi Rahmuni kömək edəcəklər.
Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq.
Bu oyun Qurban Qurbanovun yetirmələrinin sonuncu ev oyunudur. Ağdamlılar ilk görüşdə Lissabonda “Sportinq”ə məğlub olublar - 0:2. “Qarabağ” ardıcıl iki ev oyununda əvvəlcə “Arsenal”a (0:3), daha sonra “Vorskla”ya (0:1) uduzub. Lakin Ağdam təmsilçisi dördüncü turda “Vorskla”nı səfərdə minimal hesabla məğlub etməyi bacarıb.
Qrupun digər oyununda “Arsenal” səfərdə Ukraynanın “Vorskla” komandasının qonağı olacaq.
Dörd turdan sonra “E” qrupuna 10 xalla “Arsenal” liderlik edir. “Sportinq”in 7, “Vorskla” və “Qarabağ”ın aktivlərində 3 xal var.