Modern.az

Şəhriyar Məmmədyarovun FIDE reytinqindəki mövqeyi dəyişmədi

Şəhriyar Məmmədyarovun FIDE reytinqindəki mövqeyi dəyişmədi

30 Noyabr 2018, 19:15

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün reytinq siyahısını açıqlayıb. Modern.az “Report”a istinadən xəbər verir ki, kişi şahmatçıların ilk “100-lüy”ündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 3 reytinq xalı itirsə də, 2820 xalla 3-cü pillədə qalıb. Siyahıya 2835 xalla norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana isə 2832 xalla 2-ci yerdədir.

 

Teymur Rəcəbov və Arkadi Naydiçin də reytinqdəki mövqeyi dəyişməyib. Rəcəbov 1757 xalla 14-cü, Naydiç isə 2736 xalla 20-cidir. Azərbaycan kişi şahmatçılarından yalnız Rauf Məmmədov iki pillə geriləyib. O, 2703 xalla 42-ci pillədədir.

 

Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.

 

Qadınların “100-lüy”ündə isə Azərbaycanın 3 şahmatçısı yer alıb. Günay Məmmədzadə bir pillə geriləyərək 2422 xalla 47 pillədə qərarlaşıb. Aktivində 2397 xal olan Xanım Balacayeva isə bir pillə irəliləyib və 62-ci pilləyə yüksəlib. Gülnar Məmmədova isə iki pillə geriləyib və 2368 xalla 99-cu yerdə qərarlaşıb.

 

Qadınların siyahısına 2662 xalla çinli Hou İfan başçılıq edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat