Dekabrın 3-də M.F.Axundzadə adına Milli Kitabxanada “Respublika Xatirə Kitabı”nın xüsusi buraxılışının birinci cildinin təqdimat mərasimi keçirildi.
Modern.az xəbər verir ki, nəşr Mədəniyyət Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən hazırlanıb.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycanın tarixən yadellilərin maraq dairəsində olduğunu, buna görə də xalqımızın müharibələrdən əziyyət çəkdiyini dedi:
“Ölkəmiz coğrafi baxımdan mühüm strateji məkanda yerləşdiyi üçün tarixin bir çox dövrlərində xarici qüvvələrin hücumuna məruz qalıb. Xalqımız öz dövlətçilik ənənələri, milli maraqları üçün daim mübarizə aparmalı olub. Ermənilər tərəfindən də dəfələrlə Azərbaycan xalqına qarşı qanlı cinayətlər törədilib. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, torpaqlarımızın işğalı ilə yanaşı, etnik təmizləmə nəticəsində xalqımız öz doğma ata-baba torpaqlarından didərgin düşüb”.
Nazirin birinci müavini vurğuladı ki, bu müharibə nəticəsində soydaşlarımıza qarşı qarşı ermənilər tərəfindən beynəlxalq hüquqa və inşalığa sığmayan vəhşiliklər edilib, ağlasığmaz işgəncələr verilib. Bu cür təzyiq və işgəncələrə məruz qalmış insanların xatirələrini əbədiləşdirilməsi və beynəlxalq ictimaiyyətin diqqətini belə faktlara yönəltmək məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Respublika Xatirə Kitabı” redaksiyası fəaliyyətə başlayıb. Bu redaksiyanın fəaliyyəti ilə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılar, Əfqanıstan müharibəsi, 20 Yanvar şəhidləri, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, milli qəhrəmanlarımız haqqında çoxcildlik ensiklopediya hazırlanıb. İndiyədək “Xatirə kitabı”nın 16 cildi çap olunub, 17-ci cildin isə üzərində iş gedir.
Kitabın əhəmiyyətini yüksək qiymətləndirən Vaqif Əliyev bildirdi ki, nəşrdə 921 nəfərin taleyi barədə məlumatlar öz əksini tapıb.
Nəşrin baş redaktoru Nəzakət Məmmədova dedi ki, erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti Dağlıq Qarabağ münaqişəsi dövründə özünün pik nöqtəsinə çatıb:
“Azərbaycanın cəlb edildiyi bu haqsız müharibə zamanı minlərlə vətən övlad ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olub.
Eyni zamanda erməni quldur birləşmələrinin torpaqlarımıza hücumları, tarixi və əzəli ərazilərimizin işğalı zamanı rəsmi sənədlərə əsasən 3 min 875 Azərbaycan vətəndaşı naməlum şəraitdə itkin düşüb, yaxud əsir və girov götürülüb. Apardığımız araşdırmalar qarşımızda əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı erməni millətçilərinin qəddarcasına törətdiyi işgəncə və cinayətlərə bütün aydınlığı ilə işıq salmaq və onu dünya ictimaiyyətinə çatdırmaq kimi bir vəzifəni qoyub”.