Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Modern.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirilib.
Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 85-də yerləşən binada baş verib. Ə.Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.
1990-cı il təvəllüdlü Ə.Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü M.Əliyev isə kunq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.
Hadisənin ilkin təfərrüatına görə, qardaşlar televizora baxmağa görə əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Ə.Əliyev mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endib.
Ə.Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.