Modern.az

Yer üzünün fatehi ədalətdir, ədalət!

Yer üzünün fatehi ədalətdir, ədalət!

Aktual

2 Fevral 2019, 17:08

“Çalış öz xalqının işinə yara, geysin əməlindən dünya zər-xara” – böyük mütəfəkkir Nizami Gəncəvinin bu sözlərini Prezident, Ali Baş Komandan İlham Əliyevin  şəhid ailələri ilə növbəti görüşü zamanı xatırladım. Həm də 2016-cı il aprel ayının 2-sini xatırladım. Gecənin bir yarısında Ali Baş Komandan xalqa müraciət etdi. Aprel döyüşlərini  bizim şanlı tarixi qələbəmiz adlandırdı. Duruşunda bir qürur, baxışında bir sərtlik və hirs var idi. Hirsi düşmənlərə idi, sərtliyi Vətən uğrunda canını verən qəhrəmanlarımızın şəhadətini və  şücaətini əzmlə qarşılamağından xəbər verirdi. Torpaqlarının azadlığı  uğrunda müharibə aparan bir ölkənin Xaqanı xalqı qarşısında belə dayanmalıydı.

 

Son illər ərzində şəhid ailələri və müharibə veteranlarına göstərilən qayğı və ehtiram İlham Əliyev üçün prioritet bir məsələyə çevrilib.

 

Aprel döyüşlərindən həmən sonra, Prezident İlham Əliyev və  xanımı Mehriban Əliyeva müharibə gedən ərazilərdə yaşayan həmvətənlərimizin, şəhid ailələrinin görüşünə getdilər.

Düşmənin atdıqları mərmidən  dağılan evlərə baş çəkdilər, xəstəxanada yatan qazilərimizlə görüşdülər. Və bütün bu görüşlərin hər birində vətəndaşlarla, sakinlərlə görüşlərdə mehribanlıq və qayğı nümayiş etdirdilər. Nə vaxtsa birinci xanımla və prezidentlə görüşmək  xəyallarını bir anın içərisində həqiqətə çevirdilər. O görüşlər mütəmadi olaraq bu gün də davam edir.

 

Təki xalqı, milləti firavan yaşasın deyə, bu gün ölkə Prezidenti  hər bir vətəndaşının qapısına getməyə hazırdır. Daim yüksək kürsülərdən xalqına həqarət edənləri xalqa xidmətə səsləyir. Və bu “Xalqa xidmət” sözünü başa düşməyənlərin  son aqibətini də artıq hər gün görürük.

 

2 il ərzində aprel döyüşlərində şəhid verən  ailələrin qapısını döydüm. Dərdlərinə şərik olduğum qəhrəman atalar və anaların  hamısı Ali Baş Komandanın əmrinə hazır olduqlarını söylədilər. Lakin bununla belə , ərazilərdə, rayonlarda şəhid ailələrinə barmaqarası baxan məmurlardan şikayətlər eşitdim, icra başçılarının onalara qarşı etdikləri saymazlıqlar, ərazilərindən seçilən  deputatların bir dəfə də qapılarını açmadıqları  barədə  şikayətlərini dinlədim. Yazılası, üzə çıxarılması mümkün olan şikayətləri ölkənin kütləvi informasiya vasitələrində  işıqlandırmağa çatdı gücümüz. Bəziləri ilə mübarizə apara bildik.

Ölkəmiz gücləndikcə, vətəndaşların da  problemləri azalacaq. Lakin heç kimə sirr deyil ki, ötən illərdə bir çox vətən müharibəsi əlilləri və qazilər, şəhid ailələri onlara çatan “qan pulları”nı ala bilməmişdilər. Cənab Prezidentin verdiyi yeni fərmanlarla bu çatışmazlıq da aradan qaldırıldı.

Vətənə evinin ən sevimli övladını, tək övladını, ailəsinin çörək gətirənini şəhid verənləri Azərbaycan Prezidenti heç vaxt unutmadı, diqqətdən kənarda saxlamadı. Hətta döyüşlərdə həlak olan şəhidlərin ailələrində özlərindən sonra dünyaya gələn övladlarına da qayğı göstərildi.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım həmin ailələrin yanında oldu.

Bir də ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse- prezident Mehriban Əliyevanın 29 yanvar 2019-cu ildə Prezident Sarayında  şəhid ailələri ilə keçirilən növbəti görüşü.

 

Dövlət başçısı qarşısında çıxış etmək hər kəsə nəsib olmur. Həmin gün dövlət başçısı qayğıya və mənəvi dəstəyə daha çox ehtiyacı olan, sinələrində oğul, ata dağı gəzdirən  anaları, ataları, övladları Prezident Sarayına topladı. Həmin görüşə diqqətlə baxan hər bir azərbaycanlının gözündə yaş gilələndi. Mən buna özüm kimi əminəm. Bir şəhid anasının qarşısına gəlib, onun qarşısında əyilmək!!! Bir şəhid atasına öz əli ilə su içirmək bir Prezident üçün şərəf məsələsidir. 

Xalqına sadiq XAQAN!!! Xalqın gözündə bir daha ucaldı. Görüşün sonunda isə hər bir şəhid anası, övladı ilə dayanıb şəkil çəkdirən Prezident və xanımı o insanlara dünya boyda sevinc bəxş etdilər. Böyük kədərlərindən sonra  böyük sevinc yaşadılar. Elə bir sevinc və qürur hissi ki, bundan sonra gələn övladları da, nəvələri də həmin gündən xatirə qalan şəkilləri göstərib deyəcəklər: “Azərbaycan prezidenti və xanımı bizi unutmamışdı”.

İlham Əliyev bildirdi: “Mənim fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik.Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim.”.

Ataların yolu, oğulların yoludur. Ümummilli lider Heydər Əliyev nə zaman “Azərbaycan” dedisə, səsi titrədi, ürəyi çırpındı. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözü tarixə yadigar qaldı. İndi isə İlham Əliyev “Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim” deyir.

 

Ölkə Prezidenti və xanımı bütün davranışları, qayğıları ilə daima hər kəsə nümunə nümayiş etdirirlər. Əfsuslar olsun ki, onların bu nəcib hərəkətlərindən nümunə götürmək istəməyənlər də var. Ölkə Prezidentinin şəhid ailələri ilə növbəti görüşündən sonra bir dəfə də şəhid qapısı açmayan, şəhid ailəsini qapısından içəri buraxmayan bəzi deputatlar saytlarda, kütləvi informasiya vasitələrində növbəli şəkildə prezidentin bu görüşünü şərh etdilər. Çox gülünc bir mənzərə idi. Şərh etməkdənsə, əməl edin. Axı o şəhid ailəsi, o qazi ailəsi hər gün var. Hər gün sizə dərdlərini yazır və deyirlər. Nə olar ki, siz də vəzifə və səlahiyyətlərinizdən utanıb, xalqa xidmət edəydiniz. Bakıdan durub Füzuli, Zəngilan qaçqınlarının, Laçın qaçqınlarının, Xocalı qaçqınlarının  yaşadıqları düşərgələrə gedib, bir dəfə qapılarını döyüb, bir dəfə kasıb süfrələrindəki çayını içəydiniz. Onda danışmağa diliniz, yazmağa haqqınız olardı. Mən görmüşəm ki, şəhidlərə həsr etdiyimiz tədbirlərdə gəlib qonaq kimi oturub getmisiniz, bir şəhid ailəsinə yaxınlaşıb, atanın və ananın əlini sıxmamısınız. Unutmayın ki, xalqın gözü tərəzidir. Nə xalqı, nə da Tanrını aldada bilməzsiniz.

Azərbaycan Prezidenti çox sədaqətli və ədalətli dövlət başçısıdır!

 

Böyük Nizami Gəncəvi  deyirdi ki:

 

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

 Zülmkarlıq dağıdar bərbad edər ölkəni,

Ədalət sədaqətlə abad eylər ölkəni.

 

Ölkə başçısının iş qrafiki hər zaman sıx olur. Xarici səfərlər, ölkənin daxili problemləri, siyasəti, iqtisadiyyatı... Bütün bunların hamısı ədalətli ölkə rəhbərinin iş günündən keçir. Bu qədər qayğının içərisində,  şəhid ailələri ilə görüşdən iki gün sonra isə, Prezident İlham Əliyev ölkə gənclərini təbrik etmək üçün Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında iştirak etdi. Görüşdə iştirak edən, hər bir gəncin taleyinə, ömrünə yazılan anlar yaşandı həmin görüşdə.

 

Gənclərə böyük və ata nəsihəti verdi. Onları özünə o qədər yaxın bildi ki, həyatının maraqlı məqamlarını danışdı. Həyatla mübarizəyə səslədi. “Mən bunları ona görə demirəm ki, özümü tərifləyim. Sadəcə olaraq, bu, tarixdir və mən istərdim ki, bizim gənclərimiz bunu bilsinlər. Bilsinlər ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə onlar həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi onların öz əllərindədir". O bu çıxışı ilə həm də gəncləri qəlbi, könlü açıq olmağa, əllərində olan maddi imkanları ilə ətrafdakılara kömək etməyə səslədi. Könlü və qəlbi açıqlıq Tanrının bir lütfüdür. Hər kəsə nəsib olmaz. Könlü və əli açıq dövlət başçısı gənclərə xitabən:

“O vaxt Sovet İttifaqının tarixində iqtisadi sahədə müəyyən liberallıq da müşahidə olundu, özəl biznesə icazə verildi. Mən məcbur qalıb özəl bizneslə məşğul olmağa başladım. Qısa müddət ərzində çox uğurlu fəaliyyət göstərdim və öz həyatımı yenidən qurmuş oldum. İşimdən razı idim. O vaxt Moskvada yaranmaqda olan Azərbaycan icmalarının fəaliyyətinə dəstək verirdim. Yadımdadır ki, o vaxt Moskvada Azərbaycan Vətəndaş Assambleyası yaradılmışdı. O Assambleyanın qurucularından biri də mənəm. Bir biznesmen kimi Assambleyanın fəaliyyətinə ən çox maliyyə dəstəyi verən də mən olmuşam. O vaxt Moskvada Azərbaycan məktəbi təsis edilmişdi. Moskvada yaşayan azərbaycanlılardan birincisi, o məktəbə maliyyə dəstəyi verən də mən olmuşam” dedi.

Dedi ki, insan məqsədinə asan çatmır. Bu gün dünyanın 15-dən artıq ölkəsində tətbiqinə başlayan “ASAN xidmət” agentliyini də gənclər üçün, ölkənin ədalətli rifahı üçün yaradıb. “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün “ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. “ASAN xidmət” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır. “ASAN xidmət”in fəaliyyətə başlaması ilə ölkəmizdə bir çox korrupsiyalaşmış məkanlar ləğv olundu.  

 

Azərbaycan gənclərini cəmiyyətimizin fəal hissəsi adlandıran , onlara güvənən Prezident bu gün də Aprel döyüşlərini və qəhrəmanlarını unutmadı: “Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq.”

Həmin görüşdə Ali Baş Komandan  İlham Əliyev və birinci vitse- prezident Mehriban Əliyev ilə eyni sırada bir gənc də -Aqşin Oruclu da  oturmuşdu. Belə ali bir məkanda oturmağının bir səbəbi də atası qəhrəman polkovnik-leytenant, şəhid Raquf Orucovun oğlu olması idi. Tanrı dərgahında dayanan şəhid Raquf Orucovun adının belə ali kürsüdən səslənməsi, oğlunun ölkə Prezidenti qarşısında çıxış etməsi də təsadüfi deyildi.

1997-ci ildə Raquf Orucovu göstərdiyi misilsiz xidmətə, kəşfiyyatda etdiyi igidliyə görə Heydər Əliyev təltif etmişdi. Bu gün çox böyük həyəcanla Aqşin Orucov isə Ali Baş Komandan İlham Əliyevə hesabat verdi. Şəhid ailələrinə göstərdiyi qayğı üçün, məhəbbət üçün ona minnətdarlığını bildirdi: “Aprel döyüşlərində atamın Vətənimiz uğrunda qəhrəmancasına şəhid olması bizə böyük qürur hissi yaşadır. Ordumuzun Aprel döyüşlərindəki qələbəsi yalnız Ordunun deyil, həm də Sizin qələbəniz idi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, əzmini və qətiyyətini göstərdi. Azərbaycan Ordusu bu gücü, bu ilhamı məhz Sizdən alır. Lakin hamıya məlumdur ki, torpaqların qorunması, azadlıq və müstəqillik itkisiz əldə edilmir. Buna baxmayaraq, Vətən, torpaq uğrunda şəhid olan igid və qəhrəmanlarımız Azərbaycan var olduqca yaddaşlarda yaşayacaq”.

 

Aqşin çıxış edəndə Mehriban xanım Əliyevanın gözlərinin yaşardığını gördüm. Axı o da anadır! Aqşinin ağrısı onun ürəyindən keçir. Aprel döyüşlərindən dərhal sonra, şəhid analarını və qadınlarını başına yığıb, onlara məhəbbət göstərmişdi, dərdlərinə şərik olmuşdu. Xalqa olan mehriniz-məhəbbətiniz tükənməsin, nəsibiniz sədaət olsun, Mehriban xanım!!!

 

“Məmləkətin dayağı ədalətdir hər zaman,

Ədalətlə nəsibin səadətdir hər zaman” (N.Gəncəvi.)

 

Aqşin öz çıxışını bitirəndən sonra isə cənab Prezident bir ata mehri ilə ayağa durub, onunla görüşdü. Əlini kürəyinə qoydu. Həmin an fikrimdən bu sözlər keçdi“. Bu gün olmalıydı. Raquf Orucovun haqqına girənlər, indi bu fotoya baxın. Ali Baş komandan qəhrəman Raquf Orucovun oğlu ilə görüşür. Raquf Orucovun həlak olduğu döyüş cənab Prezidentin söylədiyi kimi, Azərbaycanın şanlı tarixidir. Hər bir şəhid övladı, hər bir döyüşçü övladı Ali Baş komandanın öz övladıdır! Kürəyindəki o ələ güvən Aqşin!!!”.

Bizim gənclərimiz də, xalqımız da İlham Əliyevə güvənir! Onun gördüyü bütün xeyirxah işlərdə yanında olmaq istəyirik! İnanırıq ki,  bizi bütün arzularımıza çatdırmaq üçün ən ədalətli bir dövlət başçısı, Prezident kimi adını tarixə yazacaq!

 

Ədalətin müjdəsi bu dünyanı şad eylər,

Ədalətin işidir—ölkəni abad eylər!  (N.Gəncəvi).

 

Aida EYVAZLI

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi