Modern.az

“Bir tərəfdən vətəndaşın qanun pozuntusunu, digər tərəfdən isə polisin...” - Əli Hüseynli

“Bir tərəfdən vətəndaşın qanun pozuntusunu, digər tərəfdən isə polisin...” - Əli Hüseynli

Aktual

9 İyun 2020, 16:10

“Azərbaycan vətəndaşları bütövlükdə - cəmiyyətimiz, vətəndaşlarımız qəbul olunmuş qanunlara və karantin rejiminə, həqiqətən də, ciddi riayət edir. Hazırda isə cəmiyyət bir epizodu müzakirə edir”.

 

Modern.az xəbər verir ki, bunu Yeni TV-nin efirində Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Yasamalda polislə sakinlər arasında baş verən insidentə münasibət bildirərkən deyib.

 

Vitse-spiker qeyd edib ki, epizodik hallar bütün dövlətlərdə ola bilər:

 

 “Eyni zamanda, Azərbaycan vətəndaşlarının qanuna hörmət kimi yüksək mənəvi keyfiyyətləri var. Hesab edirəm ki, Bakının Yasamal rayonundakı hadisələr barədə dəyərləndirmə adekvatlıq prinsipi ilə ölçülməlidir. Daxili işlər orqanları qanunla öz üzərinə düşən vəzifələri yerinə yetirirlər. Həm Milli Məclisin qəbul etdiyi qanun, həm Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrası əsas etibarilə daxili işlər orqanları tərəfindən həyata keçirilir”.

 

Parlament sədrinin birinci müavini Yasamalda polisin vətəndaşı təhqir etməsini də şərh edib:

 

“Bu zaman polis nümayəndəsinin etik davranış qaydalarından kənar hərəkətləri müşahidə edilib. Bir tərəfdən vətəndaşın qanun pozuntusunu, digər tərəfdən isə polisin etik davranış qaydasını pozduğunu gördük. Məsələ araşdırıldı, məlum oldu ki, qanunu pozan vətəndaşlar qanun qarşısında məsuliyyət daşıyırlar. Daxili işlər orqanlarının rəhbərliyi qısa zaman çərçivəsində etik davranış qaydalarını pozan polis əməkdaşı ilə bağlı tədbir gördü”.

 

Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Qərara əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt qadağalar tətbiq edilib.

Yasamal rayonu ərazisindəki yaşayış binalarından polis əməkdaşlarının üzərinə zibil atan şəxslər barədə məhkəmə qərarı verilib. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir. 

Saxlanılan şəxslər inzibati qaydada həbs edilib.

Onlar İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham verilib.

Yasamal Rayon Məhkəməsi saxlanılan 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası verib.

Polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb.

Bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı