“Bir neçə gün bundan qabaq Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bu bəyanat Ermənistana qarşı növbəti zərbədir. Bununla da Avropa Parlamenti Ermənistanın işğalçılıq siyasətinə açıq şəkildə etirazını bildirmiş oldu. Hesab edirəm ki, bu bəyanatın qəbul edilməsi dünyada, eləcə də, regionda Ermənistanın əsl kimliyini bir daha ortaya qoydu”.
Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Sabir Hacıyev bildirib.
Deputat Ermənistanın hazırki durumunu da şərh edib:
“Hazırda Ermənistanda siyasi böhran getdikcə dərinləşir. Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra vəziyyət daha da pisdir. Təbii ki, belə hallarda mütləq çıxış yolu axtarılır və siyasi hiyləyə əl atılır. Baş nazir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərlər edir ki, əhalinin fikri yayınsın. Digər bir məqam isə Ermənistanın terrorizmə, separatizmə meylli olması ilə bağlıdır. Ermənistan magistral yolun çəkilişi üçün Azərbaycanın müvafiq dövlət qurumlarından icazə almır və bu Avropa Parlamentinin bəyanatında beynəlxalq hüququn pozulması kimi əks etdirilir. Bu da onu göstərir ki, Avropa Parlamenti faktiki olaraq Dağlıq Qarabağın həm coğrafi, həm də hüquqi sahibinin Azərbaycanın olduğunu qəbul edib. Ancaq Ermənistan işğalçılıq siyasətindən yenə də əl çəkmək istəmir. Bunun üçün hər yola əl atmaqla məşğuldur. Faktlar və reallıqlar isə tamam başqadır. Ermənistanın işğalçılıq siyasəti beynəlxalq qurumlar tərəfindən ifşa olunur. Ermənistan hakimiyyəti isə başqasının torpağını oğurladığı üçün heç nədən utanmır. Həyasız addımlar atmaqla məşğuldur. Azərbaycan hakimiyyəti isə dünya ictimaiyyəti qarşısında qətiyyətli addımlar atır. Beynəlxalq tribunalarda Azərbaycan tərəfindən Ermənistanın işğalçılıq siyasəti dünyanın diqqətinə çatdırılır. Bunun nəticəsi isə qənaətbəxşdir. Çünki Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanatlar, qətnamələr, sənədlər qəbul edilir. Bu da Azərbaycan hakimiyyətinin uğurudur.
Prezident İlham Əliyev ən mötəbər tədbirlərdə də qəti olaraq bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.”