Modern.az

Rəsmi Bakı “Cekson-Venik düzəlişin”dən nə zaman azad olacaq? - ŞƏRH

Rəsmi Bakı “Cekson-Venik düzəlişin”dən nə zaman azad olacaq? - ŞƏRH

Aktual

25 İyun 2020, 08:51

1946-cı ildə  ABŞ və SSRİ arasında başlanan “soyuq müharibə” 1991-ci ildə ikincinin süquta uğraması ilə nəticələndi. Ancaq iki nəhəng dövlət arasında “soyuq müharibə”nin vaxtilə “ərsəyə” gətirdiyi bəzi qanunverici aktlar hələ də öz qüvvəsini saxlayır.

 

Söhbət  Azərbaycan da daxil olmaqla, 6 postsovet ölkəsinə qarşı hələ də qüvvədə qalan ən absurd qanundan - “Cekson-Venik düzəliş”ndən gedir.

Dondurulsa da, ləğv edilməyən “907-ci düzəliş”lə birlikdə “Cekson-Venik düzəlişi” ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi məhdudlaşdırıcı qanunlardır.


 Sovet İttifaqının süqutundan sonra ilk olaraq 2000-ci ildə Qırğızıstana qarşı “Cekson-Venik” düzəlişi ləğv olunmuşdu. Ardınca Gürcüstan (2000-ci il), Ermənistan (2004-cü il), Ukrayna (2005-ci il) və Rusiya ilə Moldovaya qarşı (2012-ci il) ləğv edilib.

 

Hazırda Qazaxıstan, Özbəkistan, Türkmənistran, Tacikistan, Belarus və Azərbaycan formal olaraq, bu düzəlişin təsiri altındadır.

Azərbaycana qarşı isə qanunun tam ləğv olunması 2009 və 2012-ci illərdə ABŞ Nümayəndələr Palatasında gündəliyə çıxarılsa da, hər hansı qərar qəbul olunmayıb.

 

O zaman sual olunur: niyə Azərbaycana qarşı “Cekson-Venik” düzəlişi hələ də ləğv edilmir? Buna səbəb nədir?

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev mövzu barədə Modern.az-a danışıb.

O, bunu ötən müddət ərzində ABŞ-ın postsovet məkanına, xüsusilə Cənubi Qafqaza qarşı qeyri-ardıcıl və yanlış siyasətinin ən bariz nümunələrindən biri olduğunu deyib:


“Qeyd edilən düzəlişdən Baltikyanı ölkələr, Gürcüstan, Ermənistan, Qırğızıstan, Ukrayna və Moldova kimi keçmiş postsovet respublikaları azad edilsə də, 1992-ci ildən başlayaraq Azərbaycan yalnız “Cekson-Venik” düzəlişinin tələblərinə cavab verdikdə düzəlişdə nəzərdə tutulan sanksiyalardan azad edilir. Qeyd etmək lazımdır ki, bu düzəliş hətta keçmiş SSRİ-nin əsas varisi olan Rusiyaya qarşı da 2012-ci ildə qəbul edilən “Maqnitski Aktı” 15 ilə aradan qaldırılıb”.

 

Fərid Şəfiyevin sözlərinə görə, bu düzəlişin Azərbaycana qarşı qüvvədə qalmasının  ikitərəfli iqtisadi və siyasi əlaqələrə vurduğu ziyanı düzgün qiymətləndirə bilən bir sıra ABŞ qanunvericiləri onun aradan qaldırılması ilə bağlı cəhdlər edib:

“Təəssüf ki, bu, öz nəticəsini verməyib. Belə ki, 2008-ci ildə Azərbaycana qarşı bu düzəlişin ləğv edilməsini nəzərdə tutan qanun layihəsini irəli sürən senator Riçard Luqar Konqresə müraciətində bildirib: “1974-cü ildə Ticarət Aktına edilən “Cekson Venik” düzəlişi miqrasiyaya və insanların azad şəkildə hərəkətinə mane olan ölkələrə qarşı nəzərdə tutulmuşdu. Azərbaycan isə “soyuq müharibə”dən sonrakı illərdə öz vətəndaşlarına azad şəkildə hərəkət və miqrasiya etmək hüququ verərək, qanun layihəsində göstərilən prinsiplərə sadiq olduğunu göstərib. İrəli sürülən qanun layihəsi ilə Azərbaycana qarşı düzəlişin qüvvəsi ləğv edilərsə, bu, iki ölkə arasında ticarət münasibətlərinin daimi əsasda qurulmasına imkan verməklə yanaşı, Azərbaycanı bazar iqtisadiyyatı və fərdi azadlıqlar sahəsində islahatları daha da həvəsləndirməyə imkan verəcək”.

 

BMTM-nin sədri “Cekson-Venik” düzəlişinin kağız üzərində qaldığını da qeyd edib:

“Faktiki olaraq onun  bizim ikitərəfli və ticarət əlaqələrimizə təsiri yoxdur. Razıyam ki, onun tam ləğv edilməməsi simvolik cəhətdən yaxşı hal deyil. Güman ki, bizim diplomatiyamız da bunun haqqında dərin düşünməlidir. Açığı deyim, indi onun məqamı deyil. 2008-ci ildə Senator Riçard Luqar düzəlişin Azərbaycana qarşı tətbiq edilməsinin ləğvi haqqında qanun layihəsini ABŞ Konqresinə təqdim edib. Sonra Barak Obama  hakimiyyətə  gəldi və onunla əlaqələri çox pis idi. İndi də gündəmdə digər məsələlərdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı